Şagirdlərə məhzəblərarası dialoq mövzusundan danışılıb

Şagirdlərə məhzəblərarası dialoq mövzusundan danışılıb Bu gün Ağstafa rayon Köçəsgər kənd 1 saylı tam orta məktəbində Dağ Kəsəmən kənd “Eyyub ağa” dini icmasının ”Tolerantlıq-radikalizmə alternativ kimi” layihəsi çərçivəsində “Məhzəblərarası dialoq” mövzusunda tədbir keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən Tehsil-press.az-a verilən məlumata görə, komitə əməkdaşları, müəllimlər, şagirdlər, eləcə də kəndin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Gülnarə Musayeva dini radikalizmə qarşı mübarizədə maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb. G.Musayeva qeyd edib ki, əsrlərdir ölkəmizdə dinlərarası münasibətlər sağlam şəkildə formalaşıb.
DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Eldəniz Vəliyev çıxışında respublikamızda mövcud olan tolerant mühit barədə geniş məlumat verib. Şöbə müdiri dövlət-din münasibətlərinin çox yüksək səviyyədə olduğunu bildirərək, radikalizmlə mübarizə sahəsində son dövrlər ölkədə görülmüş işlərdən danışıb.
DQİDK-nın Xarici əlaqəlar şöbəsinin müdir müavini Rəfi Qurbanov vurğulayıb ki, mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı diyar, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz ölkəsi edib. Onun sözlərinə görə, mədəniyyətlərin və dinlərin harmonizasiyası və ənənəvi siyasəti sayəsində respublikamız həmişə müxtəlif etnosların nümayəndələrinin mədəniyyətləri və dinlərinin inteqrasiya məkanına çevrilib.
Qeyd edək ki, tədbir ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə Prezidentin imzaladığı sərəncama əsasən keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər