Azərbaycanda bu il 464 nəfər İİV-ə yoluxub

Azərbaycanda bu il 464 nəfər İİV-ə yoluxub İİV/QİÇS problemi Azərbaycanda aktual problem olaraq Səhiyyə Nazirliyinin diqqət və nəzarətindədir. Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və İİV-ə yoluxma halları əsasən yüksək riskli əhali qrupuna aid olan inyeksion narkotik istifadəçiləri arasında baş verir.
Tehsil-press.az xəbər verir ki, bu barədə Respublika QİÇS-lə Mübarizə Mərkəzində 1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş tədbirdə məlumat verilib.
Mərkəzin təşkilati-metodiki işlər şöbəsinin müdiri Eldəniz Muradov bildirib ki, əvvəlki illərdə olduğu kimi, 2016-cı ilin 11 ayı ərzində də əhali arasında maarifləndirmə tədbirləri aparılıb. Ölkə əhalisinin İİV statuslarından xəbərdar olması məqsədilə avqust ayında ölkədə “İİV müayinəsi ilə bağlı milli həftəlik”, noyabrın 18-dən 25-dək “İİV müayinəsi ilə bağlı Avropa həftəliyi” keçirilib. İİV/QİÇS barədə biliklərin artırılmasına yönəldilmiş maarifləndirici məlumatlar dərc edilib. İİV-ə görə müayinənin əlçatanlığını təmin etmək məqsədilə ölkəmizdə 50 stasionar könüllü məsləhət və müayinə şəbəkəsi fəaliyyət göstərir. Risk qrupları arasında İİV-in yayılmasının qarşısını almaq üçün QHT-lər və beynəlxalq qurumlarla işlər davam etdirilir.
Mərkəzin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov isə deyib ki, 2016-cı ilin 11 ayı ərzində Azərbaycanda yeni İİV-ə yoluxma faktı 464 nəfərdə təsdiqlənib. Onlardan 450-si Azərbaycan vətəndaşı, 14-ü isə əcnəbidir. Qeydiyyata alınmış 450 Azərbaycan vətəndaşından 287-si kişi, 163-ü qadındır. Ümumilikdə 2016-cı ilin 1 dekabr tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 5107 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyata alınıb. Onlardan 72,4 faizi (3695) kişi, 27,6 faizi (1412) qadındır. QİÇS mərhələsində olanlar 1373 nəfər təşkil edir. İİV infeksiyasından dünyasını dəyişmiş insanların sayı 794 nəfər olub. İİV-lə yaşayan insanlardan 46,3 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 42,7 faizində heteroseksual, 1,9 faizində isə homoseksual kontakt nəticəsində, 1,8 faizində anadan uşağa keçməklə baş verib. İİV-lə yaşayan insanların 7,3 faizində yoluxma yolu müəyyən edilməyib.
Şöbə müdiri qeyd edib ki, 2006-cı il noyabrın 8-dən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 3418 İİV-lə yaşayan insan cəlb olunub. Onlardan 458 nəfərin müalicəsinə bu ilin 11 ayı ərzində başlanılıb. Ölkədə İİV-in anadan uşağa ötürülməsinin qarşısını almaq üçün 237 hamilə antiretrovirus terapiyaya qoşulub.
Tədbirdə o da diqqətə çatdırılıb ki, Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi çərçivəsində 114315 şəxs İİV-ə görə müayinəyə cəlb olunub və 90 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib.

Azərbaycanda bu il 464 nəfər İİV-ə yoluxubAzərbaycanda bu il 464 nəfər İİV-ə yoluxub

Tehsil-press.az

Oxşar xəbərlər