Məktəblərdə yeni təhsil proqramlarının tətbiqi böyük əhəmiyyət daşıyır

Məktəblərdə yeni təhsil proqramlarının tətbiqi böyük əhəmiyyət daşıyır Azərbaycan Dövlət Pedaqoji Universitetində 2017-ci ildə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydalarına dair konfrans keçirilib.
Plenar iclasda universitetin rektoru, professor Cəfər Cəfərov konfransın gündəliyi barədə məlumat verib. Rektor ümumi təhsil müəssisələrində yeni təhsil proqramlarının tətbiqinin əhəmiyyətini vurğulayıb. Pedaqoji kadrların hazırlandığı universitetdə təxminən 20 min tələbənin təhsil aldığını deyən C.Cəfərov bu tipli müzakirələrin ADPU-da keçirilməsində müəyyən bir qanunauyğunluq olduğunu bildirib.
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydalarına dair məruzə ilə çıxış edib.
Məruzədə qeyd olunub ki, Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli qərarı ilə “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları” təsdiq edilib. 2016/2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə (IX sinif) təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) fənn kurikulumlarının tətbiqi ilə bağlı olan bütün yeniliklər nəzərə alınaraq yeni qaydalar əsasında həyata keçiriləcək.
Bu sahədə aparılan işlər haqqında məlumat verən DİM Direktorlar Şurasının sədri bildirib ki, respublikanın ümumtəhsil müəssisələrində 2008-ci ildən başlayaraq yeni təhsil proqramları (kurikulumlar) tətbiq olunur və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə edilir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Əsasnaməsində dəyişiklik edilib. Həmin sənədə əsasən TQDK-ya yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədilə respublikanın ümumtəhsil müəssisələrinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanları keçirilir. Bu il 9-cu sinif üzrə buraxılış imtahanlarında iştirak edəcək şagirdlərin 85 mindən çoxu qeyd olunan monitorinq imtahanlarında iştirak edib. Bu imtahanların nəticələrinə əsasən, yazı işlərinin (eləcə də esselərin) yoxlanılması prosesini həyata keçirmək üçün yeni qiymətləndirmə mexanizmi işlənib hazırlanıb. Qəbul edilən mexanizm yeni bir metod olaraq dörd ildir ki, respublikamızda qiymətləndirmə sahəsində tətbiq edilir.
M.Abbaszadə qeyd edib ki, bu ilin oktyabr-dekabr aylarında buraxılış imtahanının yeni qaydalarına dair respublikanın bölgələrində - Gəncədə, Şirvanda, Şəkidə, Naxçıvanda, Lənkəranda, Ağcabədidə, Göyçayda, Xaçmazda seminarlar təşkil olunub. Gələn ilin yanvarında valideyn və müəllimlərlə görüşlər keçiriləcək.
Bildirilib ki, ümumtəhsil məktəblərinin IX sinif şagirdləri, həmçinin buraxılış imtahanının birinci mərhələsi üzrə http://imtahan.az/ saytına daxil olub online sınaq imtahanında iştirak edə bilərlər. Açıqtipli test tapşırıqlarına yazılı cavab vermək tələb olunduğundan nəticələr markerlər tərəfindən 24 saat ərzində yoxlanılır və sistemə daxil edilir.
TQDK tərəfindən aparılmış elmi-statistik təhlillərin bu qurumun saytına yükləndiyini deyən M.Abbaszadə qeyd edib ki, bir il ərzində yükləmələrin sayı təxminən 3400 olub.
Sonra M.Abbaszadə tədbir iştirakçılarının suallarını cavablandırıb.
Konfrans işini Azərbaycan dili, riyaziyyat fənləri üzrə seksiya iclasları ilə davam etdirib.
İclaslarda ümumi orta təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanı proqramı, test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında ətraflı məlumat verilib.

ADPU-nun Mətbuat Xidməti


Məktəblərdə yeni təhsil proqramlarının tətbiqi böyük əhəmiyyət daşıyır

Məktəblərdə yeni təhsil proqramlarının tətbiqi böyük əhəmiyyət daşıyır

Oxşar xəbərlər