Ağaxan Abdullayev Türkan qəbiristanlığında dəfn olunacaq

Ağaxan Abdullayev Türkan qəbiristanlığında dəfn olunacaq Xalq artisti, görkəmli muğam ustası Ağaxan Abdullayev dekabrın 26-da Türkan qəbiristanlığında dəfn olunacaq.

Məlumatı muğam ustasının qardaşı oğlu Vəlixan Abdullayev verib.
O bildirib ki, sənətkarla vida mərasimi sabah saat 14:00-da Suraxanı rayonu Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında olacaq: «Ağaxan müəllim vəsiyyət etmişdi ki, “məni kəndimizin qəbiristanlığında, atamın-anamın yanında dəfn edin”. Onun vəsiyyətini yerinə yetirmək borcumuzdur. Ona görə də vəsiyyətinə uyğun olaraq sabah Türkanda kənd qəbiristanlığında torpağa tapşıracağıq. Xalq artistinin üç mərasimi dekabrın 27-də Təzə Pir Məscidində keçiriləcək".

* * *16:30

Xalq artisti Ağaxan Abdullayev dünyasını dəyişib.
Bu barədə APA-ya muğam ustasının oğlu Hacı Minəxan Abdullayev məlumat verib.
Xalq artistinin vida mərasiminin yeri və dəfn yeri sabah məlum olacaq.
Qeyd edək ki, xalq artisti A. Abdullayev 1950-ci ildə Bakının Əmircan kəndində anadan olub, 1969-1973-cü illərdə A.Zeynallı adına Orta İxtisas Muiqi Məktəbində təhsil alıb. 1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunub, 1977-ci ildən A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışıb.
Muğam ustası 1975-ci ildə Filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb. Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveç, Belçika, Avstriya, Fransa, Avstraliya, Hindistan, İraq, Tunis, Türkiyə, İran və s. ölkələrdə konsert proqramları ilə çıxışlar edib.
1992-ci ildə Əməkdar artisti fəxri adına, 1998-ci ildə Xalq artisti fəxri adına layiq görülüb, Prezident təqaüdçüsü olub. 2000-ci ildə pedaqoji fəaliyyətinə görə Təhsil Nazirliyi Kollegiyasının Fəxri fərmanı, 10 may 2015-ci ildə Heydər Əliyev Fondunun "Qızıl çinar" beynəlxalq mükafatı ilə təltif olunub.

Tehsil-press.az

Oxşar xəbərlər