ADPU-da Humanist pedaqogika üzrə II beynəlxalq konfrans-seminar başa çatdı

ADPU-da Humanist pedaqogika üzrə II beynəlxalq konfrans-seminar başa çatdı Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU), ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) və Respublika Humanist Pedaqogika Mərkəzinin (RHPM) birgə təşkilatçılığı ilə 21-25 dekabr 2016-cı il tarixdə Humanist pedaqogika üzrə “Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin inkişafı” mövzusunda II beynəlxalq konfrans-seminar keçirilib. Müasirliyə və yeniliyə xidmət edən, universitet, institut və təhsil idaredən qurumların rəhbərlərinin, millət vəkillərinin, pedaqojiyönümlü ali təhsil müəssisələrinin, pedaqoji kolleclərin, paytaxtımızda, eləcə də respublikamızın müxtəlif bölgələrində fəaliyyət göstərən bir çox ümumi təhsil məktəblərinin direktorlarının və müəllimlərinin, məktəbəqədər təhsil müəssisələrinin müdirlərinin, tərbiyəçilərinin, bu sahənin tanınmış mütəxəssislərinin, təhsil ekspertlərinin iştirak etdiyi bu beynəlxalq konfrans-seminarda müasir dərsin təşkili, pedaqoji təhsilin yeni forma və metodları müzakirə edilib. Qeyd edək ki, seminar və humanist pedaqogika üzrə oxuların müəllifi müasir pedaqogikanın əfsanəsi, psixologiya elmləri doktoru, professor, Rusiya Təhsil Akademiyasının akademiki, Beynəlxalq Humanist Pedaqogika Assosiasiyasının prezidenti, yazıçı Şalva Aleksandroviç Amonaşvili olub. Tədbirdə həmçinin Latviya, Litva, Rusiya, Qazaxıstan və Gürcüstanın görkəmli pedaqoq-alimləri iştirak ediblər. Konfrans-seminar zamanı novator pedaqoq Şalva Amonaşvili öz təcrübəsini, uşaqlara olan dərin, təkrarolunmaz sevgisini, biliyini cəlbedici və virtuoz formada dinləyicilərlə bölüşüb. II beynəlxalq konfrans-seminar çərçivəsində Gürcüstan Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin prezidenti, psixoloq Paata Amonaşvilinin və digər pedaqoq-alimlərin də təqdimatları keçirilib.
Öz işini 6 bölmədə davam etdirən beynəlxalq konfrans-seminarın sonunda iştirakçılara sertifikatlar təqdim edilib. Qeyd edək ki, beynəlxalq konfrans-seminar iştirakçılar tərəfindən razılıqla qarşılanıb.

ADPU- İctimaiyyətlə əlaqələr şöbəsi


ADPU-da Humanist pedaqogika üzrə II beynəlxalq konfrans-seminar başa çatdı

Oxşar xəbərlər