Ananın südü az olanda...

Ananın südü az olanda... Süd vəzlərinin sekretor qabiliyyətinin azalması nəticəsində südverən anada körpəni yedirməyə kifayət qədər südün olmaması hipoqalaktiya adlanır. Hypo - altında, aşağı, qalactos-süd deməkdir.
Tehsil-press.az xəbər verir ki, hipoqalaktiyanın birincili və ikincili olmaqla iki forması var.
Birincili hipoqalaktiyaya anaların 4-10 faizində rast gəlinir və onun səbəbi doğuş dominantlığının olmaması, doğuşdan sonra uşağa süd verməmək və sonrakı mərhələdə laktasiya üçün psixoloji stimulun yoxluğudur.
İkincili hipoqalaktiya isə fiziki yorğunluq və sinir sisteminin yüklənməsi, mastit, qrip, angina və vərəmə yoluxma, südün körpəyə rejimsiz verilməsi, laktasion krizlər və digər səbəblərlə əlaqədardır.
Südverən ana südün yaranmasını və ifrazını artırmaq üçün öz qida rasionuna ciddi fikir verməli, qoz, fındıq, araxis, toyuq əti, kök, şüyüd, kahı, dəniz kələmi, qara turp və balqabaqla daha çox qidalanmalıdır. Gün ərzində qəbul edilən mayenin həcmini artırmaq da vacibdir. Hipoqalaktiyanın müalicəsi üçün çox vaxt hormonal, tonuslandırıcı dərman preparatları və polivitaminlər tətbiq edilir. Ana südünün artırılması üçün bir sıra təbii üsullardan istifadə edilməsi də yaxşı nəticə verir.
2 xörək qaşığı boymadərən otu üzərinə 1 stəkan qaynar su əlavə edilərək su hamamında 15 dəqiqə saxlanılır, alınan dəmləmə süzülərək gün ərzində 3 dəfə yeməkdən 20-30 dəqiqə əvvəl yarım stəkan içilir.
1 xörək qaşığı itburnu meyvələri üzərinə 1 stəkan qaynar su əlavə edilərək ağzı kip şəkildə bağlanır, su hamamında 15 dəqiqə saxlanılır, soyuyub süzüləndən sonra alınan dəmləmənin həcmi su ilə 200 ml-ə çatdırılır, gündə 2-3 dəfə yeməkdən sonra yarım stəkan qəbul edilir.
1 xörək qaşığı xırdalanmış zəncirotu kökləri üzərinə 1 stəkan qaynar su əlavə edilərək 15 dəqiqə su hamamına qoyulur, süzüləndən sonra gündə 3-4 dəfə yeməkdən əvvəl üçdəbir stəkan qəbul edilir.
2 xörək qaşığı razyana meyvələri üzərinə 1 stəkan qaynar su əlavə edilərək 15 dəqiqə su hamamında saxlanılır, alınan dəmləmədən 1 çay qaşığı dörddəbir stəkan ilıq suda qarışdırılaraq gündə 3 dəfə yeməkdən 20-30 dəqiqə əvvəl içilir.
1 çay qaşığı cirə meyvələri üzərinə 1 stəkan qaynar su əlavə edilərək 15 dəqiqə su hamamında saxlanılır, soyudularaq süzülür, alınan dəmləmənin həcmi 200 ml-ə çatana qədər üzərinə su əlavə edilir, gündə 3-4 dəfə yeməkdən 20-30 dəqiqə əvvəl dörddəbir stəkan qəbul edilir.
1 çay qaşığı şüyüd toxumları üzərinə 1 stəkan qaynar su əlavə edilərək 15 dəqiqə ağzı bağlı halda su hamamında saxlanılır, alınan dəmləməyə su əlavə edilərək 200 ml-ə çatdırılır, gündə 3-4 dəfə yeməkdən 20-30 dəqiqə əvvəl dörddəbir stəkan qəbul edilir.
1 xörək qaşığı zirə meyvələri üzərinə 1 stəkan qaynar su əlavə edilərək 15 dəqiqə su hamamında saxlanılır, soyudulub süzüləndən sonra su əlavə edilərək həcmi 200 ml-ə çatdırılır. Alınan dəmləmə gündə 2-3 dəfə yeməkdən sonra yarım stəkan qəbul edilir.
Gündə 2-3 dəfə yarım stəkan təzə çəkilmiş kök şirəsi qəbul etmək süd ifrazını artırır. Kök şirəsinin dadını yaxşılaşdırmaq üçün süd, bal və ya hər hansı giləmeyvə şirəsi də əlavə etmək olar.
1 xörək qaşığı gicitkən yarpaqları üzərinə 1 stəkan qaynar su əlavə edilərək 20 dəqiqə dəmlənilir, alınan dəmləmə gündə 3-4 dəfə yarım stəkan qəbul edilir.
1 xörək qaşığı gicitkən toxumları üzərinə 2 stəkan qaynar su əlavə edilərək dəmlənilir, süzüləndən sonra 2 çay qaşığı bal əlavə edilərək gündə 2 dəfə yarım stəkan içilir.

Oxşar xəbərlər