Hekayə
“Ey iman gətirənlər! Əslində arvad və uşaqlarımızın bəziləri sizin düşmənlərinizdir. Onlardan çəkinin. Güzəşt edib göz yumsanız və günahlarını bağışlasanız Allah həqiqətən bağışlayan və mehribandır”. (Təğavun surəsi, ayə 14)
İşdə şad-xürrəm içində olan Şadiman həmişəki kimi işdən çıxıb, evinə yollandı. O, bir-iki dayanacaq dəyişərək evə gedəcəkdi. Bu dəfə də avtobus onların dayanacağında dayandı. Evləri dayanacaqdan çox da uzaqda deyildi. İki yüz metr gedib evə çatacaqdı.
İşdən çıxanda dediyimiz kimi şad-xürrəm içində olan Şadiman evə yaxınlaşanda, ürəyi zoqquldadı. Bir anlığa şadlığ əlamətləri onun üzündən silindi və onu qəm-qüssə əvəz etdi. Halı pisləşən Şadiman, ürəyində götür qoy etməyə başladı: - Görəsən bu dəfə evdə nə həngamə baş verib? – Hər dəfə həyətə girəndə arvad-uşağın hay-küyünü, qışqırığını eşidərdi. Sanki, onlar Şadimanın evə gəlməyini gözləyirdilər.
Şadiman darvazadan sakitcə içəri girəndə, arvadının qışqırığına dik atıldı. O, həyətdəcə quruyub qaldı: - Vay dədə, görəsən bu dəfə nə baş verib ki, arvad belə qışqırır. Keçən dəfə uşaqlar evdə qaçdı-tutdu oynayanda bahalı bir vazı salıb sındırmışdılar. Onda arvad uşaqları o ki, var döyüb, şil-küt etmişdi. Şadiman uşaqları güc ilə onun əlindən almışdı və sakitləşə bilməyən arvadını döyəndən sonra sakitləşdirə bilmişdi. Şadimanın özü də təngə gəlmişdi. Hər dəfə qalma-qala səbri çatmırdı, dözə bilmirdi, əsəbləşirdi. Arvadının belə tünd-xasiyyət olması onu hövsələdən çıxarırdı. Bilmirdi nə eləsin? Beş uşağın anasını necə boşasın? – Ailəsini necə dağıtsın? – Ona nə deyərlər, deməzlər ki, ha, ay qurumsaq belə bilirdinsə uşaq olmamışdan boşayaydın da! İndi beş uşaq olandan sonra, ağlın başına gəlib? Bütün günahları hamı onda görərdi.
Bax, beləcə də Şadimanın həyatı davam edirdi. Belə fikirlər içində olan Şadiman, qorxa-qorxa qapıya yaxınlaşdı.
-Arvad, indi nə olub? – bu nə hay-küydü salmısız? deyən Şadiman, artıq Şadiman yox, dönüb olmuşdu Kədərman və yazıq-yazıq arvadının üzünə baxdı.
Arvad dilləndi: - Nə olub? Canına azar olub, o olub ki, bir həftə deyil aldığımız telefonu uşaqlar salıb sındırıb. Gündə bir şey salıb sındırırlar. Evdə daha sındırmadıqları bir şey qalmayıb.
Şadiman dilləndi:
- Axı, ay arvad sındırma deyirsən ha; – bəs sən hara baxırdın? Hamısı oğlan uşaqlarıdı axı, şuluqdular da! Neynəyək, döyməklə iş düzələr? Onları dilə tutub, başa salmaq lazımdır, başqa çarəmiz yoxdur. - Mənə qalanda isə mən iş adamıyam axı, həmişə onların yanında qala bilmərəm.
- Nəə, iş adamısan? – Tüpürüm sənin o işinə ki, bizi yaxşı dolandıra bilmirsən?
– O nə işdi ki, aldığın aylıq əmək haqqı bu aydan, o aya çatmır. Gecə-gündüz oxudun, neçə məktəb qurtardın, axırı nə oldu? – Çətinliklə onun bunun qapısında kirədə qala-qala bir qarın ac, bir qarın tox ümüdlə yaşayırdıq ki, axırı yaxşı olar nə oldu axırı? – Budu da, mənim günüm-güzəranım. Öz xarabamda, rayonda qalsaydım axı belə olmazdı. Niyə gəldim bura? - gətirdin məni zəlalətə salmağa! Ata yox, ana yox, qardaş-bacı yox, onlardan heç olmasa biri olsaydı uşağın əlindən yapışardı. –Nədi, düz demirəm?
Şadiman dilləndi:
- Səbir elə arvad, səbir! – Allah səbir edənlərlədir, deyirlər, səbrlə açılar bağlı qapılar. Səbir haqqında imam Əli (ə) belə buyurub: “Hər kimə səbir nicat verməsə, səbirsizlik onu həlak edər”.
Bax, mən sənə deyirəm, özünü əla al! – yoxsa bir gün əsəbdən sən də həlak olarsan.
Bu sözə, arvadı əsəbləşib dilləndi:
-Keçirdiyimiz bu cür güzaranla mən yox, sən həlak olarsan, bildin! – indi də mənə dindən danışırsan, bəzi dindarlar kimi. Dindara bax, o gün içib gələndə, onda heç dindən danışmırdın, həə! –Bəlkə düz demirəm? – Get əvvəl özünnü düzəlt, sonra gəl mənə dindən maral oxu.
Bilirsən arvad, –Allahın dərgahı böyükdür, onun qapıları həmişə bəndələrinin üzünə açıqdır. Allah bağışlayandır. Bəndə haçan istəsə tövbələyib düz yola qayıda bilər. Allah adil olduğuna görə bəndələrinin tövbəsini həmişə qəbul edir. Ta ki, xəstələnməyəsən. Elə ki, xəstələndin onda tövbə qəbul edilməz. Mənimçün də o gün gələcək. Mən də tövbə edib Allah yoluna qayıdaram. Çünki, özün görürsən də nə əziyyətdəyik. Əgər mən əsəbləşəndə içməsəm, əsəbdən ürəyim dözməyib partlayar. Buna həkim də icazə verir. Həmişə içmirəm ki! – Beş oğlan uşağını şəhər yerində böyüdüb, onları yerbəyer etmək hər kişinin işi deyil. Ona görə də, sənə yenə də deyirəm ancaq və ancaq səbirli olmaq lazımdır ki, uşaqları böyüdüb başa çatdıraq. Sabah inşallah, onlar böyüyüb bizə dayaq durarlar ay arvad, dayaq – eşitdin!
Arvadı dilləndi:
-Ay-hay “Eşşəyim ölmə, yonca bitincə” – bunlar haçan böyüyər, mənə dayaq durar. Onu bil, onlar böyüyənə qədər, mən artıq o dünyada olacağam...
Şadimanın bir xasiyyəti vardı, ona qoyulan ada uyğun olaraq, həmişə insanları şad görməyi, onların gülərüz, səmimi, xoş xasiyyətli, mülayim olmasını xoşlayırdı. O, istəmirdi evində, qonşuda ümumiyyətlə hər yerdə dava-dalaş, qışqırıq, evdə deyingənlik, qəm-qüssə olsun. Evdə quru çörək olsun ancaq, mehribançılıq olsun – deyirdi.
Şadiman Allahdan həmişə bunları arzulayırdı. Çünki, o, atasından belə sözləri çox eşitmişdi və hamısını da yadında saxlamışdı.
Atası deyərdi: - Mənim balalarım yadınızda yaxşı saxlayın “Rəhman olan Allahın bəndələri o kəslərdir ki, onlar yer üzündə mülayimliklə gəzər, camaatla gözəl, yumşaq danışarlar”.
Bu kəlamları eşidən Şadiman hələ ki, öz evində mülayimlik görməmişdi. Onun bir çarəsi vardı, o, bu şəraitə dözməli idi. Çünki Şadiman naşükür insan deyildi, həmişə Allaha şükür edirdi və axırda belə qərara gəldi ki, bu vəziyyətdən çıxış yolu ancaq, səbirli olmaqdadır. Buna baxmayaraq, Şadiman nə qədər səbirli olmağa çalışırdısa, istər-istəməz tündməcazlı arvadının hərəkətləri onu hövsələdən çıxarırdı və o, əsəbləşirdi.
Bu minvalla xeyli vaxt keçdi, uşaqlar artıq böyüyüb orta məktəbə gedirdilər.
Şadiman oğlanlarından narazı deyildi, onlar hamısı yaxşı oxuyurdu. Ancaq, axırıncı oğlundan başqa. O, uşaqlıq dövründə necə nadinclik edirdisə, indi orta məktəbdə də həmin xasiyyətindən əl çəkməmişdi. Gündə bir hoqqa çıxarırdı. Sanki, Şadimanın evinə “Bəla dənizi qapılarını açmış, fəlakət dalğaları hücuma keçmişdi”. Bu uşağın əlindən ata-ana zinhara gəlmişdi. Onun ucbatından ər-arvad gündə qırğında idilər.
Şadiman bəla qapılarını dua ilə bağlamaq qərarına gəldi. – Çünki, o, imam Əli (ə)-nin dua haqqında dediklərini unutmamışdı.
Həzrəti Əli (ə) buyurur: “Yer üzündə Allahın ən çox sevdiyi iş duadır”. Bu kəlamdan sonra Şadimanın dilindən bir saat belə dua əskik olmurdu. Çünki, yaşa dola-dola o, bu dünyanın puç olduğunu dərk etmişdi. Necə ki, İmam Əli (ə) buyurub: “Dünya şər və pisliyin əkinidir”, - “Dünya çox hiyləgərdir və onda hər nə varsa aldadıcıdır. Məhv olmağa məhkumdur və onda yaşayan hər bir şey fanidir...”
Bu dünyanın puçluğunu dərk edən Şadiman nə iş görürdüsə çalışırdı ki, günah işlətməsin və ancaq axirəti düşünsün. Bu fikirlə də o, hələlik bu fani dünyada yaşayırdı. Uşaqları isə böyüdükcə onların üzərində nəzarəti Şadiman gücləndirirdi. Böyük oğlu artıq orta məktəbi bitirib, tibb universitetinə imtahan verərək qəbul olmuşdu. Onun qəbulu bütün ailə və qohumların sevincinə səbəb olmuşdu. Ata-ananın sevincdən bir qanadı yox idi, uçsun.
Xülasə, Şadimanın oğlanlarının demək olar ki, hamısı universitetlərə qəbul olundu. Ancaq, bu kiçik dəlisov oğlundan başqa. Nicat adında olan bu oğlu, orta məktəbi birtəhər başa vurdu. Deyək onun biliyi yox idi, pis oxuyurdu xeyir, sadəcə dərslərə fikir vermirdi. Ancaq, avaraçılıqla məşğul olardı. Müəllimlər qalsın bir kənara, o, heç ata-anasının sözünə də qulaq asmırdı.
Atası ona deyirdi:
-A bala, sən haçan ağıllanarsan? – O, biri qardaşlarına bax utan. Onların hamısı gələcəkdə adam olub bir işin qulpundan yapışacaq, bəs sən nə edəcəksən, - ay fərsiz! – Səninki də o olacaq ki, ancaq fəhləlik edəsən, görək onu da bacaracaqsan ya yox!
Bütün bu sözləri sanki ona yox, daşa deyirdin. Deyilən sözləri bir qulağından alıb, o birindən buraxırdı. Axırda atası naəlac qalıb, ona daha heç nə demirdi. Buraxmışdı onu zamanın ixtiyarına, səbir edirdi ki,
görəsən onun axırı necə olar? Buna baxmayaraq o, Allaha dua eləməyindən qalmırdı.
Şadimanın kiçik oğlu Nicat hələ də öz avaraçılığında idi. Nə bir universitetə, nə bir texnikuma, nə bir peşə məktəbinə, heç birinə girmədi və heç maraqlanmadı da. Atası da ona heç nə demirdi. Bu onuncun göydən düşmə idi və o, daha çox avaraçılıq edib, veyillənirdi.
Bir gün də qəsəbəyə xəbər yayıldı ki, bəs Nicatı əsgər aparacaqlar. Ən çox sevinən qonşular oldu. Çünki, elə bir qonşu yox idi ki, ondan narazı olmasın. Biri deyirdi, gündə oğlumu döyürdü, o biri deyirdi uşağımı aldadıb pulunu əlindən almışdır, gedib evlərində atasından almışam. Bir qonşu isə yana-yana danışırdı: - “Əşi, qısdı soyuqdan hamımız peçin ətrafında oturub qızınırıq. Bir də gördük ki, peçdən tüstü içəriyə dolmağa başladı. Hamımız bayıra çıxdıq. Baxıb görürük ki, peçdən bayıra çıxan dudkeşin ağzına Nicat əsgi tıxayıb...”. Belə axmaq hərəkətləri ilə o qonşuları incidirdi.
Səhər hamı tezdən durub, Nicatı əsgərliyə yola salacaqdı. Qardaşları onunla görüşdü. Ana görüşəndə, gözünün yaşını saxlaya bilmədi.
Ata ona yaxınlaşdı: - Get bala, Allah sənin yolunu uğurlu etsin. Biz səni ağıllandıra bilmədik, get görək əsgərlik səni ağıllandıra biləcəkmi? Sənə yaxşı yol, Allah amanında.
Nicat atasının dediyi sözlərə dişlərini ağardaraq gülümsədi. Ona əsgərlik adi bir şey kimi görünürdü. Gündə üç dəfə ona yemək verəcəklər, yeməkdən sonra silahları göstərib zirehli maşına mindirəcəklər. Və onu hərbi ərazilərə çıxarıb turist kimi gəzdirib hərbi texnikanı ona göstərəcəklər. Əsgərliyi Nicat belə təsəvvür edirdi. Bu fikirlərlə o, gülə-gülə dişlərini ağardaraq maşına oturdu.
Hərbi maşınlar Nicatgili gətirib, quru bir düzənliyə tökdülər.
O dəqiqə komandir tərəfindən “Düzlən” komandası verildi. Sonra onları kazarmaya gətirib başlarını qırxdılar. Hamamda çiməndən sonra, hərbi geyimləri onlara payladılar. İndi Nicat oldu əsgər. Əsgər geyimi Nicatın xoşuna gəldi. O, sevinirdi ki, əsgər paltarı geyib. Sonra onları yeməyə apardılar. Hələki, işlər yaxşı gedirdi. Yeməkdən də razı qaldı Nicat. Və o, doyunca yedi. Qaldı yatmaq. Yataq çarpayısı iki nəfərlik idi. Nicat özünə yuxarı çarpayını seçdi. Tez dırmaşıb yerində uzandı. Yerinə uzanmağı ilə yuxuya getməyi bir oldu. Səhər saat altıda çavuşun qışqırığı eşidildi. “Qalxın” – bütün əsgərlər bir göz qırpımında qalxdı. “Geyinin” – komandası verildi, hamı geyinməyə başladı.
Bu qışqırııq, bu səs-küy sanki Nicata aid deyildi. Elə ağır yatmışdı ki, zənn edirdi evdə yatıb, heçnədən xəbəri yox idi. Hamı düzləndi, Nicat isə yatırdı. Onda gördü ki, Çavuş onu döşəkqarışıq çarpayıdan yerə tulladı. Hövlənərək ayılıb, özünü yerdə görən Nicat, indi başa düşdü ki, evdə keçirtdiyi günlər daha arxada qaldı.
Çavuş ona bir təpik ilişdirdi. Yatmağa gəlmisən “düdük”, səhərdən əsgərlər səni gözləyir, qalx geyin. Nicat geyinməyə başladı. Sıraya düzülmüş əsgərlərin cərgəsində dayandı.
Xülasə, səhər yeməyindən sonra, çöllükdə, isti havada o qədər onu qaçırtdılar, ona təpik döydürdülər nəfəsi kəsildi. Fikirləşirdi ki, bu nə iş idi mən düşdüm. Hələ bir ay təlimdə olub, təpik döyəcəkdi. Bunu eşidəndə gözləri çıxdı kəlləsinə. Vay, mən ölərəm nəfəsim kəsilər ki, ağlamaq istədi ancaq, əsgər yoldaşlarından utandı. İndi Nicat avara-avara gəz görüm, necə gəzirsən? Yetənə yetib, yetmiyənə bir daş atan Nicat, indi halın necədi? Nicatın başqa çarəsi yox idi. Əsgərlər kimi o da dözməli idi. Elə ki, tapşırığı ləng yerinə yetirəndə, çavuşun təpiki ona dəyirdi. Təpikin qorxusundan hər əmri yerinə yetirirdi Nicat...
Deyirlər, zamanın təkərini geri döndərmək mümkün deyil, o çaparaq gedir.
Şadiman zamanın, taleyin atını dördnalı çarparaq gəlib o yerə çatdı ki, artıq yaşa dolub, saç-saqqal ağartmışdı. Demək olar ki, qocalmışdı yəni təqaüdə çıxıb evdə oturmuşdu.
“Keçən günlərimi qaytarardılar, gələn günlərimi qurban verərdim” – sözlərinə mahnı bəstələnib, bu mahnını gözəl müğənnimiz Akif İslamzadə oxuyur.
Ancaq, mən səmimiyyətlə deyirəm bu sözlər bizə-ailəmizə aid olmayıb. Çünki, biz bu günləri əsəbi gərginlik içində başa vurmuşuq. “Keçənə-güzəşt” deyərlər, olan olub, keçən keçib. Həmin günlər daha arxada qaldı. İndi uşaqlar böyüyüb, onlar nə məni, nə də arvadımı əsəbləşdirmir. Onlar daha ev-eşik sahibi olublar. Ailələri ilə öz evlərində şad, xürrəm yaşayırlar. Evdə qalıb mən və bir də arvadım. Arzulayırıq ki, oğlanlarımız tez-tez bizə gəlsin, qapımızı açsınlar, nəvələrimizi görək. Hanı gəlirlər, yox! – hərə öz işində-gücündə. Təsadüfdən-təsadüfə bizə gələrlər. Onları da qınamaq olmur ailələridə işləyir, ona görə vaxt tapa bilmirlər gəlməyə. Anca mən Allahdan həmişə arzu edirəm, övladlarım öz evlərində canları sağ olsun və xoşbəxt yaşasınlar.
Hərdən arvadıma deyirəm:
- Arvad necəsən? Nə əcəb, indi əsəbləşmirsən? Bizə göz verib-işıq vermirdin ha deyirdim ay arvad, ay mənim ömür yoldaşım özünü ələ al, əsəbləşmə, səbirli ol! –Kimə deyirsən, kor öz tutduğunu buraxmadığı kimi elə öz dediyini deyirdin. İndi əsəbləş də, niyə əsəbləşmirsən? Deyirdin, onlar böyüyənə qədər mən o dünyalıq olaram, nə oldu? indi məndən də qıvraqsan. Onu bil, sənə onda da demişdim, indi də deyirəm, hər şey Allahtaaladan asılıdır. Heç bir şey onun nəzərindən yayınmır.
Odur bəndəyə hər şeyi verən də, alan da! Necə ki, Quranda Allah buyurur: “Həqiqətən, Rəbbin istədiyi kəsin ruzisini artırar, ya azaldar. O, öz bəndələrinin halını bilən və görəndir”. (İsza surəsi, ayə 30)
İndi yaşa dolmuşuq, hər şeyi dərk edirik. Gördün də, səbirli olmağın axırı necə olur? və ipə-sapa yatmayan oğlun Nicatın axırı necə oldu? – İndi o, hamısından üstündür.
Allah, əsgərlik həyatında onu imtahana çəkdi. O, həyatın nə olduğunu anladı, dərk etdi. Əsgərlikdən sonra hazırlaşıb universitetə daxil oldu və bitirdi. Hal-hazırda işi, gücü, ailəsi, evi hər şey öz qaydasında.
Bax, biz yaşa dolduq, həyatı görə-görə gəlib, bu yaşa çatdıq. Quranda yazılan ayə öz əksini tapdımı? Ataya düşmən olanlar, necə səbirlə, təmkinlə bağışlanıb düzgün yola qayıtdılarmı? – Budur, Allahın nəzəri, Quranın bəndələrə köməyi. İndi bizə Allah nə qədər ömür versə yaşayacağıq və biz bu dünyaya heç vaxt uymamalıyıq, ancaq axirətimizi düşünməliyik. Necə ki, Allahtaala Quranda buyurur: “Beləliklə, kim tüğyan edib bu dünya həyatını seçərsə (onu axirətdən üstün tutarsa), şübhəsiz ki, onun yeri cəhənnəmdir”. (Naziat surəsi, ayə 37-39)