Dünya varından doymayıb, Dünya mənimdi deyənlərə...

Dünya varından doymayıb,  Dünya mənimdi deyənlərə... Dünya haqqında çox oxumuşuq. Bir ucu olumlu, bir ucu ölümlü dünya. Əbədiyyətə qəh-qəh çəkən, özü isə əbədi olan əbədi dünya! Bir yandan dolub, bir yandan boşalan, sirrini-sirdaşa verməyən dünya! Alimə də, nadana da, nökərə də, şaha da fərq qoymayan, öz ağuşuna alıb yola salan dünya!
Bəs sirri nədədir bu vəfasız dünyanın? Şahı da, gədəni də fərqinə varmır?! ...Kimlərə qalmayan, kimlərə sirr verməyən sirli-soraqlı dünya!
Ancaq dünya mənimdi, - deyib, dünya varına, dünya xəzinəsinə sahib olanlar da çox olub və hələ də olmaqdadır! Vəfasızlğını bilə-bilə, ondan dördəlli yapışanlar, gözü doymayanlar, özlərini dünyaya güldürənlər də çox olub və yenə də var...
Azərbaycan xalqı böyük xalqdır, mübariz, şücaətli, mərd, qonaqpərvər və biz hər yerdə “mən azərbaycanlıyam” kəlməsini işlədəndə çəkinməmişik, əksinə qürrələnmişik... Bu sözdə böyük hikmət olduğunu yaxşı duyuruq. Ancaq bu gün nədənsə hər birimiz narazıyıq, nəyimizsə çatışmır, nəyisə itirmişik elə bil; hətta adi həyat tərzimiz pozulub, insanların sanki bir-birinə borcu var, kiminsə kimdən xoşu gəlmir, tanıdı-tanımadı bir-birlərini ittiham edir. Birinun pulu var-dövləti necə xərcləyib qurtarsın, necə onu dağıtsın, bunu düşünür, digər birisi isə çörək hayında, bir qarın çörək üçün səhərdən axşama kimi dolanır. Birisinin övladı nələr edir, birisinin övladı, evdən çölə çıxa bilmir.
Bu siyahını uzatmaq da olar, ancaq məsələnin məğzi onda deyil ki, hər kəsin bildiklərini sadalamaq nəyə lazım, bunu hamı bilir. Bəs biz nə istəyirik?
Deyirlər övladının gələcəyini necə quracağını düşünən şəxs bir dahiyə müraciət edir, o isə ona məsləhət görür ki, əgər uşaq normal bir cəmiyyətdə doğulubsa, onun haqqında narahat olmağa dəyməz...
Bəs bu normal, düzənli cəmiyyət görəsən necə qurulur?! Biz həmişə kimlərisə misal çəkirik, alman belə gəldi, ingilis elə getdi, fransız burdan gəldi və sair. Onda biz niyə alman ola bilmirik? Halal, doğru, düzgün, gözütox, bir sözlə, normal həyat tərzi qurub yaşayaq. Bəs bu həyat tərzini kim düzənliyir ki, sən gəlib orada normal oturub yaşayasan? Təbii ki, insanların özləri.
Çox deyilib, çox yazılıb, Bakını tikintilərlə bu vəziyyətə salmaq olmaz, harada gəldi, necə gəldi plansız-filansız söküb tikmək, axı belə olmaz, qardaşlar. Birinin pulu varsa, digərləri onun əzabını çəkməlidir?
Biri haramxordusa bizə at əti, eşşək ətmi yedirməlidir? Biri acgöz, dəllaldısa, “hamısı mənimdir, mənim olmalıdır,” - deyib dənizi, meşəni hasarlamalıdrmı? Biri vəzifəyə sahib olubsa tabeçiliyində olanı qul kökünəmi salmalı, istismarmı etməlidir?! Biri savadsız, kütbeyindirsə onun əlinin altında işləyənlər ömür boyu əzabmı çəkəmlidir, dostlar?!
Axı biz nə günahın sahibiyik, niyə bizdə sosial ədalət bu qədər pozulub, itib?! Biri yüz əlli manat təqaüd və yaxud maaş alır, digər birisi isə min beş yüz, iki min, niyə?! Qırx il müəllim, jurnalist, həkim işləyən təqaüdə çıxanda aldığı məvaciblə heç qaz, işıq pulu verə bilmir...
Təqaüd bir cür olar, qardaşlar! Vaxtilə Sovet dönəmində işləmiş müəllim, həkim, jurnalistin, eləcə də müxtəlif məsul vəzifələrdə çalışan insanlarımızın təqaüdü bu gün 200 manatdan artıq deyil. Təqaüd islahatı kökündən dəyişilməlidir, əzizlərim!
Bəs bunu kim tənzimləməlidir?! Kim edəcək? Bəs xalqın elçiləri sayılan deputatlarımız nə vaxt xalqın sözünü də deyəcəklər?! Başqa bir şey yox, deputatlarımız nə vaxta qədər xalqa başqa bir şey yox, ancaq yaltaqlıq təlimi keçəcəklər?!
Axı pul insana qocalanda daha çox lazım olur. Dərman, həkim, xeyir-şər və sair. Axı bu da insandır, normal yaşamalıdır, niyə də yox?! Alman, ingilis təqaüdə çıxanda sevinir, bizimkilər isə ağlayır ki, acından öləcəyəm...
Bu gün təqaüdçülərimizin 85-90 faizi deyərdik ki, normal qidalanmır.
Niyə biz öz məhsullarımıza tamarzı qalmışıq! Dənizimiz ola-ola onun balığını, ikrasını yuxularda görürük.
Meyvəni çöllərdə qurd basıb, xarab olur, Azərbaycan vətəndaşı onu alıb övladına yedirdə bilmir, niyə? İllərdir manapolya müharibəsi gedir, kimdən soruşaq, nə istəyirsən atam-qardaşım?! Doymadınmı?! zəli-zəlidir doyandan sonra əl çəkir, bəs sən niyə doymursan atam-balası? Axı dünya beş günlükdür, xan da, bəy də, nökər də eyni vəziyyətdə dünyaya gəldiyi kimi, bu dünyadan da eləcə gedəcək, heç kim, heç nə apara bilməyəcək. Varların, milyonların miras, heç kəsə qalmadğını çox görmüşük. Belə yaramaz axı? Gəlin biz nə alman, nə ingilis olaq, özümüz olaq. Həyata, dünyaya ayıq başla, açıq gözlə baxaq. İnsanlar yazıqdır vallah, onlar da yaşamaq istəyir, özü də insan kimi yaşamaq.
Bu dünya necə varsa, eləcə də qalacaq, biz isə gəldi gedərik, aparacağımız isə iki şey olacaq: rəhmət və lənət... Yazımı Mikayıl Azaflının “Getdi” rədifli şeiri ilə tamamlayıram.

GETDI

Neçə Firon, Şəddad gəldi cahana,
Taladı, taladı əli boş getdi .
Şəhərlər dağıdıb, qoydu virana,
Qaladı ,qaladı əliboş getdi

Neçə ölkələri soydu İsgəndər,
Şahların gözünü oydu İsgəndər.
Dünyanı sapana qoydu İsgəndər,
Buladı, buladı əliboş getdi.

Neçə hökmdarı, xanı, kralı,
Məhv oldu əlində dünya maralı
Teymurləng qudurdu, qırdı mahalı,
Taladı, taladı əliboş getdi.

Neçə haqq gəzənlər düşdülər xəstə,
Ağlaya-ağlaya oldu şikəstə.
Dağ Yunus bayquş tək xəzinə üstə,
Uladı, uladı əliboş getdi

AZAFLI, bəşərin tökən qanını,
İşlədir şeytanın dəyirmanını.
Zülüm, zəhmət çəkən əlin qanını,
Yaladı, yaladı əliboş getdi.


Əkbər Hüseynzadə

Oxşar xəbərlər