Paytaxtı bu tikinti “manyakları”nın əlindən alın...
Hər şey bir məsələyə - pul deyilən varidat deyilən zəhrimara köklənib. Necə deyərlər ərli də ağlayır, ərsiz də, pullu da pul axtarır, pulsuz da. Kimsi çörək pulu, kimisi isə zirzəmini doldurmağa çalışır. Dəhşətdir! Varlısı da, kasıbı da bədbəxt olan ölkənin haqqında düşünəndə səni dəhşət bürüyür. “Bakı əlli milyonlu azərbaycanlıların paytaxtıdır”. Bu söz ümummilli lider Heydər Əliyevə məxsusdur. Bakı Azərbaycanın ürəyidir, Bakı bütün azərbaycanlılarındır, bu, danılmazdır. Ancaq çox təəssüflər olsun ki, Bakı bu gün əldən gedir, mənim ona, Bakıya yazığım gəlir.
Bakı sanki işğaldadır. Kim nə istəyir, necə istəyir şəhərlə o cür rəftar edir; sökür, tikir, dağıdır, talan edir... Heç kəs bu böyüklükdə şəhərin harayına səs vermir. Əgər düşmən Bakını işğal etsəydi onu bu kökə salmazdı, ən azından heyfi gələrdi, utanardı, tarixi məsuliyyət daşıyardı, xəcalət çəkərdi, qorxardı. Kimdir bəs bu kəslər? Biri satır, digəri isə alır. Necə ki, keçmişdə qul bazarından qulu alan, necə istəsə onunla rəftar edərmiş. Bax belə indi boş torpaq tap, pulunu ver, nə istəyirsən, necə istəyirsən tik. Hər kim sənə gözün üstündə qaşın var, deyə bilməz. Görün məsələ nə yerə çatıb ki, vaxtı ilə bina evlərində yaşayanlar bu binanın həyətində ağac əkib (özü də meyvə ağacları) gözəl bağ salıblar. İndi də onları park düzəltmək adı ilə sökür və sonra “obyekt” yeri kimi satırlar.
Dəhşətə bax. Demək olar ki, şəhərdə şosse yolundan başqa hər yer zəbt olunub, tikilib “obyekt” salınıb. Bir-birindən eybəcər hündür yaşayış binaları, heç birisi və həyəti belə yox, məktəbi yox, bağçası yox, oyun meydançası, maşın dayanacağı yox, o yox, bu yox, sanki şəhərə konslager salınıb. Əhali də alır və yaşayır. Demək olar ki, ölkə əhalisinin 70-80 faizi Bakıya cəmləşib, niyə? Biri deyir rayonda qazanc yoxdur, biri deyir iş yoxdur, biri deyir neyniyim yaşanası deyil, heç olmasa burada kolbasadan - zaddan alıb yeyərəm (o da yeyiləsi olsa). Bu nə deməkdi? Milyarder səltənətinə malik olan, yeraltı, yerüstü sərvəti aşıb-daşan ölkənin əhalisi dilənçi kökündə yaşayır. Dünyaya qaz satan məmləkətin insanları qazsız qalıb.
Əli xəmirli, qarnı ac dilənçilər ölkəsinə çevrilən məmləkətin əhalisinin 80 faizi bankların qabağında ləbbey döyür...
“Bakı” deyilən dərdimiz böyükdür. Bu şəkilləri isə sizlərə bir daha göstərməkdə məqsədimiz o deyil ki, bunları heç kim görmür. Qoy mənəvi kor olmuşlar heç olmasa bir xəcalət çəksinlər, utansınlar, öz çirkin əməllərindən əl çəksinlər. Bəlkə onlara bir dur! Dayan! Bəsti! Yetər! deyən tapıldı... Bəlkə onları bu tarixi cinayətdən çəkindirən oldu. Bəlkə... Bəlkə də... Ancaq tarix heç vaxt belə cinayətləri bağışlamır, nə vaxtsa tarixin də bir məhkəməsi qurulacaq və tariximizin üstündən qara xətt çəkənləri mütləq cəzalandıran tapılacaq. Axı ölkəni bu hala salmazlar ayıbdır. Belə paytaxt yer kürəsinin heç bir guşəsində vallah yoxdur...
Heç olmasa Allahın bizə yazığı gəlsin... Amandı...
Əkbər Hüseynzadə