Bayram günlərində Qəbələyə 11 minə yaxın turist gəlib

Bayram günlərində Qəbələyə 11 minə yaxın turist gəlib Bu həftə minlərlə yerli və xarici turist Novruz bayramını Qəbələdə qeyd edib. Son günlər rayona böyük turist axını olub. Bütün hotellərdə yerlər dolu olduğu üçün gələn qonaqlar kirayə götürülən müasir kənd evlərində də gecələməli olublar. Rayonda musiqili-əyləncəli bayram tədbirlərinin təşkili turistləri daha çox cəlb edib.
Qəbələ rayonu gözəl təbiətinə, sıx meşələrinə, soyuq bulaqlarına, mənzərəli çay və göllərinə, paytaxta yaxın olduğuna və burada yaradılan müasir turizm infrastrukturuna görə turistlər üçün daha cəlbedici hesab edilir. Ölkəmizdə Novruz bayramı ilə əlaqədar doqquzgünlük tətil fürsətindən istifadə edən turistlər istirahət üçün Qəbələyə üz tutublar. Kanatla dağ gəzintisi, atla meşələrdə gəzintiyə çıxmaq, göllərdə qayıqla gəzmək və balıq tutmaq, meşələrdə heyvan və quş ovlamaq barədə düşünənlərin arzusu Qəbələdə gerçəkləşib. Turistlərin istirahətinin mənalı təşkili üçün “Qafqaz Resorte”, “Qafqaz Riverside”, “Qafqaz Karvansaray”, “Qafqaz Yengicə Termal Hotel və SPA” və “Qafqaz Sport”, “Qəbələ City” və “Yeddi Gözəl” hotellərində, “Qəbələnd” istirahət və əyləncə mərkəzində yüksək şərait yaradılıb.
Anar Məhərrəmov bildirib ki, Qəbələ rayonunda hotel və restoran xidmətlərinə görə qiymətlər ötən illə müqayisədə xeyli aşağı salınıb ki, bu da müştərilərin ürəyincədir. Keçən il rayondakı “Karvan” hotelində ikinəfərlik ən ucuz nömrə 50 manat idisə, bu ildən həmin otaqlar müştərilərə 40-35 manata təklif edilir. Beşulduzlu otellərdə də qiymətlərə 10-15 faiz endirim edilib. Təbiət qoynunda dincəlməyə üstünlük verən turistlər Qəbələdə əsasən Nohur gölü və “Yeddi Gözəl” şəlaləsini çox sevdiklərini deyirlər.
Bakı şəhər sakini Anar Hüseynov istirahət etmək üçün indiki vaxtda xarici ölkələrə getməyə ehtiyac olmadığını, Qəbələdə dincəlmək və əylənmək üçün ucuz qiymətə hər cür şərait yaradıldığını bildirib. “Mən ildə bir neçə dəfə dostlarımla birgə dincəlmək üçün Qəbələyə gəlirəm. Buranın havası çox təmiz, təbiəti gözəl, insanları qonaqpərvərdir. Qəbələdə olarkən rayonun qədim tarixi məkanlarına səfər etmişəm, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində kanat və xizək xidmətlərindən istifadə etmişəm, Nohur gölündə qayıqla gəzintiyə çıxmışam. Qəbələyə məxsus daşarası kababı və təndirdə bişirilən quzu əti ən çox sevdiyim yeməklərdəndir”.
Qəbələyə ailəvi gələn və bir neçə gün rayonda qalıb dincəlmək istəyən turistlər əsasən meşə və çay kənarındakı kotteclərdə və kirayə verilən kənd evlərində istirahət etməyə üstünlük verirlər. Bir gün üçün ötən il 40 manat, bu il isə 30-20 manat ödəməklə kirayə götürülən kənd evlərində dördnəfərlik bir ailə rahat şəkildə qalıb istirahət edə bilir. Rayonun dağlıq və meşəlik ərazilərində yerləşən Vəndam, Nohurqışlaq, Duruca, Qəmərvan, Bum və Bunud kəndlərindəki evlərin təxminən yarısı kirayə verilir ki, bu da yerli əhalinin dolanışıq şəraitinin yaxşılaşmasına səbəb olur. Turistlər rayonda istirahət etməklə yanaşı, Qəbələnin qədim tarixi, müasir şəhərsalma mədəniyyəti və ləziz mətbəxi ilə də yaxından tanış olmaq imkanı əldə edirlər.
Bayram günləri ilə əlaqədar müxtəlif turizm şirkətləri Bakıdan Qəbələyə endirimli qiymətlərlə tur-aksiyalar həyata keçiriblər. Turistlər rahat nəqliyyat vasitələri ilə Qəbələyə gələrək sifariş etdikləri hotellərdə yerləşiblər. Sonra turizm şirkətinin nümayəndələri onları Qəbələdəki “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi, Stend və Ox Atıcılığı Kompleksi, Çuxur Qəbələ kəndində yerləşən və 900 il Qafqaz Albaniyasının paytaxtı olan qədim Qəbələ şəhərinin qalıqları, Nic qəsəbəsindəki qədim “Cotari” alban kilsəsi, Vəndam qəsəbəsindəki “Yeddi Gözəl” şəlaləsi, Qəbələ şəhərindəki “Beltman” piano fabriki, Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış ediblər. Turistlər gündə 3 dəfə yeməklə təmin olunub və mənzərəli yerlərdə xatirə şəkli çəkdirmək imkanı əldə ediblər.
Mərkəzin direktoru Anar Məhərrəmov qeyd edib ki, bayram tətili günlərində rayona 11 minə yaxın turist gəlib ki, bu da ötənilkindən 3 dəfə çoxdur. Qəbələyə gələn turistlərin 4500-dən çoxu xarici vətəndaşlardır. Qəbələyə gələn xarici turistlərin əksəriyyəti Turkiyə, İran, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Səudiyyə Ərəbistanı, İraq, Qətər, Gürcüstan, Rusiya və Ukraynadan olub. Yerli turistlər isə Bakı, Gəncə və digər şəhərlərdən gəliblər.
İraqdan gələn turist Basim Muhammed Obeyt isə Qəbələdə dincəlməyin ona xüsusi zövq verdiyini deyib. O, Azərbaycana ilk dəfə səfər etdiyini, Bakıdan sonra istirahət üçün Qəbələyə gəldiyinə görə çox sevindiyini bildirib: “Qəbələnin təbiəti çox gözəldir, burada istirahət üçün hər cür şərait yaradılıb. Hotel və istirahət mərkəzlərindəki infrastruktur və qonaqlara göstərilən xidmətin səviyyəsi ürəyimcədi. Meşə gəzintisinə çıxmaqdan və təbiət qoynunda şəkil çəkdirməkdən zövq alıram. Dostlarımla bura yenə qayıdacam”.
Bayram günlərində Qəbələ şəhərindəki Heydər Əliyev adına Konqres Mərkəzində Türkiyənin dünyaca məşhur rəqs qrupu olan “Anadolu Atəşi”nin möhtəşəm konsert proqramı təqdim edilib. Həmçinin Qəbələ Stend və Ox Atıcılığı Kompleksinin restoranında Bakıdan dəvət edilmiş tanınmış müğənnilərin iştirakı ilə maraqlı konsert olub. Qəbələ Mədəniyyət Mərkəzində, rayondakı 10-dan çox beşulduzlu hotelin hər birində yerli müsiqiçilərin iştirakı ilə konsert proqramları, musiqili əyləncəli tədbirlər təşkil edilib. Rayon icra hakimiyyətinin təşkilatçılğı ilə Heydər Əliyev Parkında keçirilən Novruz şənliyi də yerli və xarici turistlərin böyük marağına səbəb olub. Hazırda ölkəmizdə bayram tətili günləri davam etdiyi üçün Qəbələyə martın 26-dək daha 1000 nəfər turistin gələcəyi gözlənilir.
Qeyd edək ki, hazırda rayonda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyət göstərir. Həmin obyektlərdən 20-si beş, dörd və üçulduzlu hotellər və müasir istirahət mərkəzləridir. Bu turizm obyektlərində gün ərzində 2800 qonağı qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür. 2016-cı ildə Qəbələ rayonuna gələn turistlərin sayı 99 min 700 nəfər olub, bunun da 32 min 600 nəfəri xarici turistlərdir. 2015-ci ildə isə Qəbələyə 80 min 200 nəfər yerli və xarici turist gəlmişdi.

Bayram günlərində Qəbələyə 11 minə yaxın turist gəlibBayram günlərində Qəbələyə 11 minə yaxın turist gəlib

Təhsil-press.az

Oxşar xəbərlər