Oqtay Əsədov: Danışıqlar prosesi sonsuza qədər davam edə bilməz

Oqtay Əsədov: Danışıqlar prosesi sonsuza qədər davam edə bilməz Milli Məclisin spikeri Oqtay Əsədov Sankt-Peterburq şəhərinə səfəri çərçivəsində ATƏT Parlament Assambleyasının (PA) prezidenti Kristine Muttonen ilə görüşüb.

Təhsil-press.az-ın məlumatına görə, O.Əsədov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqların hazırki vəziyyəti və perspektivlərindən danışaraq təəssüflə vurğulayıb ki, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinin davam etməsinə, Minsk qrupunun həmsədrlərinin daim dəyişməsinə baxmayaraq, münaqişə hələ də öz həllini tapmayıb.
Milli Məclisin spikeri qeyd edib ki, danışıqlar prosesi sonsuza qədər davam edə bilməz və bu məsələnin həllinin həvalə olunduğu Minsk qrupu daha qətiyyətli addımlar atmalıdır. Beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı müzakirələrdə ikili standartlara yol verildiyini, özlərini insan haqlarının müdafiəçisi sayan qurumların Azərbaycanda bir milyon qaçqın və məcburi köçkünün taleyinə laqeyd qaldıqlarını vurğulayan O.Əsədov deyib ki, işğalçı ölkə ilə əraziləri işğal edilmiş ölkə arasında bərabərlik işarəsinin qoyulması düzgün deyil.
ATƏT PA-nın prezidenti rəhbərlik etdiyi təşkilatın Azərbaycanla sıx əlaqələrindən məmnunluq ifadə edib, dünyada terrorizm dalğasının tüğyan etdiyi bir dövrdə bu əlaqələrin əhəmiyyətini vurğulayıb. K.Muttonen Minsk qrupu həmsədrlərinin görüşünün keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycala ATƏT-in Parlament Assambleyası arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
ATƏT PA-nın yeni seçilmiş vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev görüşdə iştirak edib.
Qeyd edək ki, Milli Məclisin nümayəndə heyəti MDB PA-nın yubiley tədbirlərində və qurumun növbəti iclasında iştirak etmək üçün Rusiyaın Sankt-Peterburq şəhərində səfərdə olub.

Təhsil-press.az

Oxşar xəbərlər