BSU tələbələrinin diaspor üzvləri ilə görüşü keçirilib

BSU tələbələrinin diaspor üzvləri ilə görüşü keçirilib Bakı Slavyan Universitetində (BSU) Diaspor Jurnalistləri Birliyinin könüllü olaraq icra etdiyi “Ali məktəblərdə diaspor dərsləri” layihəsi çərçivəsində tədbir keçirilib.
Bakı Slavyan Universitetinin tərbiyə işləri üzrə prorektoru Xanım Sultanova tədbiri açaraq iştirakçıları və qonaqları salamlayıb, layihənin BSU-da keçirilməsindən məmnunluğunu ifadə edib. O, DJB-nin “Ali məktəblərdə diaspor dərsləri” layihəsini yüksək qiymətləndirərək bu tədbirlərin gənclərimizin diaspor fəaliyyəti və onun nümayəndələri ilə tanışlığında mühüm rol oynayacağını bildirib.
X.Sultanova diaspor fəaliyyətinin xaricdə yaşayan azərbaycanlıların milli ideyalar ətrafında birləşməsində əhəmiyyətini xüsusi qeyd edib. O, diaspor təşkilatlarının və jurnalistlərin birgə fəaliyyətlərinin müvafiq sahədə mühüm nəticələr verəcəyinə əminliyini vurğulayıb. Prorektor b qəbildən olan tədbirlərin müntəzəm və sistemli keçirilməsinin, belə dərslərin tədris planına salınmasının zəruriliyini də diqqətə çatdırıb.
Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə layihənin məqsədindən danışaraq əsas hədəflərin tələbə-gənclərin Azərbaycan diasporu haqda düşüncəsini inkişaf etdirmək, gənclərin informasiya müharibəsinin aparılmasında rolunu gücləndirmək olduğunu qeyd edib.
Daha sonra “Hollandiya Azərbaycan Evi”nin sədri Elxan Mirhəşimli, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdili, Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhməd, Prezident yanında İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov, Diaspor Jurnalistləri Birliyinin baş katibi Siyavuş Əmirlinin çıxışları maraqla dinlənilib. Çıxış edənlər məlumat və maarifləndirmə xarakterli “Diaspor dərsi”ində ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının xaricdəki azərbaycanlıların vahid ideya ətrafında birləşməsində rolu, Azərbaycan dövlətinin diasporun inkişafı istiqamətində gördüyü işlər, xaricdəki tələbə-gənclərimizin diaspor fəaliyyətinin perspektivləri, Azərbaycan gənclərinin informasiya müharibəsinin aparılmasında rolu mövzularından ətraflı bəhs ediblər.
Qeyd edək ki, Nyu-York Azərbaycan Evinin və Nyu-York Azərbaycan-Amerika Qadın Cəmiyyətinin sədri Minəvvər Vahabova da BSU-nun məzunu olaraq “Skype” vasitəsilə “Diaspor dərsi”nə qoşulub və öz fikirlərini tələbələrlə bölüşüb.

BSU-nun Mətbuat Xidməti


BSU tələbələrinin diaspor üzvləri ilə görüşü keçirilibBSU tələbələrinin diaspor üzvləri ilə görüşü keçirilib

Oxşar xəbərlər