Azərbaycan Dillər Universitetində “Diaspor dərsi” keçirilib

Azərbaycan Dillər Universitetində “Diaspor dərsi” keçirilib Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikası Diaspor Jurnalistləri Birliyinin təşkilatçılığı ilə həmin qurumun “Ali məktəblərdə diaspor dərsləri” adlı layihəsi çərçivəsində tədbir keçirilib.
ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev diaspor fəaliyyətinin vacib məsələlərdən olduğunu qeyd edərək tədbirin ölkə hüdudlarından kənarda çalışa biləcək peşəkar kadrlar yetişdirən Dillər Universitetində keçirilməsinin maarifləndirici əhəmiyyətindən bəhs edib. Diaspor Jurnalistləri Birliyinin işini yüksək qiymətləndirən Ə.Əliyev diaspor və jurnalistlərin birgə fəaliyyətinin bu sahə üzrə mühüm nəticələr verəcəyinə əminliyini bildirib. O, bu qəbildən olan tədbirlərin müntəzəm və sistemli şəkildə keçirilməsinin vacibliyini ön plana çəkərək belə dərslərin tədris planına salınması istiqamətində işlər görülməsinin zəruri olduğunu vurğulayıb.
Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə rəhbərlik etdiyi qurumun iş prinsipi, əldə etdiyi uğurlar barədə ətraflı məlumat verib, onun azərbaycançılıq ideologiyası əsasında fəaliyyət göstərdiyini söyləyib. O, “Ali məktəblərdə diaspor dərsləri” adlı layihənin məqsədi, strategiyası və əsas hədəflərinin tələbə-gənclərin Azərbaycan diasporu haqda düşüncəsini inkişaf etdirmək, gənclərin informasiya müharibəsinin aparılmasında rolunu gücləndirmək olduğunu qeyd edib.
“Xaricdə yaşayan azərbaycanlılarla iş hər zaman Azərbaycan dövlətinin diqqətindədir”-deyən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş sektorunun məsləhətçisi Natiq Heydərov Azərbaycan diasporunun formalaşmasında ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışıb. O, daha sonra dövlətin diaspor siyasəti, eyni zamanda xarici siyasətin uğurla həyata keçirilməsində diasporun rolu, xaricdəki gənclərimizin ictimai fəallığı haqqında fikirlərini bölüşüb.
Daha sonra “Hollandiya Azərbaycan Evi”nin sədri Elxan Mirhəşimli, Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhməd, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdili, Diaspor Jurnalistləri Birliyinin baş katibi Siyavuş Əmirlinin çıxışları maraqla dinlənilib. Çıxış edənlər məlumat və maarifləndirmə xarakterli “Diaspor dərsi”ndə ulu öndər Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının xaricdəki azərbaycanlıların vahid ideya ətrafında birləşməsində rolu, Azərbaycan dövlətinin diasporun inkişafı istiqamətində gördüyü işlər, xaricdəki tələbə-gənclərimizin diaspor fəaliyyətinin perspektivləri mövzularından bəhs ediblər.
Qeyd edək ki, “Paris Azərbaycan Evi”nin rəhbəri, Azərbaycanın Dostları Assosiasiyasının Baş katibi Mirvari Fətəliyeva da ADU-nun məzunu olaraq “Skype” vasitəsi ilə “Diaspor dərsi”nə qoşulub və öz fikirlərini tələbələrlə bölüşüb.
Tədbirdən sonra qonaqlar ADU-da fəaliyyət göstərən mərkəzlərlə tanış olublar.

ADU-nun Mətbuat Xidməti


Azərbaycan Dillər Universitetində “Diaspor dərsi” keçirilibAzərbaycan Dillər Universitetində “Diaspor dərsi” keçirilibAzərbaycan Dillər Universitetində “Diaspor dərsi” keçirilibAzərbaycan Dillər Universitetində “Diaspor dərsi” keçirilib

Oxşar xəbərlər