ADA Universiteti G7 dövlət və hökumət başçılarına “Qloballaşma dövründə dayanaqlı inkişaf” mövzusunda rəy və təkliflər verən ekspert qrupuna daxil edilmişdir

ADA Universiteti G7 dövlət və hökumət başçılarına “Qloballaşma dövründə dayanaqlı inkişaf” mövzusunda rəy və təkliflər verən ekspert qrupuna daxil edilmişdir Böyük Yeddilik (G7) ölkələri təşkilatına İtaliyanın bu ilki prezidentliyinin himayəsi altında G7 dövlət və hökumət başçılarının zirvə toplantısı ərəfəsində “Qloballaşma dövründə dayanaqlı inkişaf” mövzusunda rəy və təkliflərin verilməsi üçün beynəlxalq elmi icma Romada iki günlük müzakirələrə toplaşmışdır. İtaliyanın Tor Verqata və Link Kampus Universitetlərinin təşəbbüsü ilə keçirilən iki günlük müzakirələrdə Avropa və ABŞ-ın aparıcı elm ocaqları və beyin mərkəzləri, İtaliyada akkreditə olunmuş diplomatlar, Vatikanın nümayəndələri və BMT Baş Assambleyasının Dayanqlı İnkişaf Hədəfləri üzrə xüsusi müşaviri iştirak edirdilər. İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq nazirliyində baş tutan müzakirələrin ilk günündə elmi icmanın rəy və təkliflərinin ilkin konsept sənədi gündəmə çıxarılmışdır. Sənədə Fransanın Science-Po, ABŞ-ın Forddham və İtaliyanın Tor Verqata Universitetlərinin alimlərinin qloballaşma və proteksionizm siyasətinin müqayisəli təhlili, beynəlxlaq ticarət, qeyri-bərabərlik və yoxsulluq, eləcə də dayanaqlı və inklyuziv inkişafla bağlı tezisləri daxil edilmişdir. Təşkilatçı Link Kampus Universitetinin prezidenti professor Vinçenzo Skotti bildirmişdir ki, bu dəfəki elmi müzakirələrə tək G7 ölkələri deyil, beynəlxalq aləmdə baş verənlərə təsir edə bilən digər ölkələrin elmi nümayəndələri də dəvət olunublar. Qeyd edək ki, Avrasiya bölgəsindən elmi müzakirələrə Rusiyanın Moskva Dövlət Universiteti və Azərbaycanın ADA Universiteti iştirak edirdilər.
Toplantının ikinci günündə konsept sənədin müzakirələrində çıxış edən ADA Universitetinin aparat rəhbəri Şəfəq Mehrəliyeva vurğulamışdır ki, qloballaşma prosesi və onun tənzimlənməsində Azərbaycan kimi ölkələrin səsinin eşidilməsi vacibdir. “Gözlənilməyən həll yolları, gözlənilməyən istiqamətdən gələ bilər”, deyən Azərbaycan nümayəndəsi xatırlatmışdır ki, bir neçə gün əvvəl 2ci dünya müharibəsində faşizm üzərində qələbənin ildönümünü qeyd edən bəşər bu bəlanın məhz Azərbaycan enerji ehtiyatları və onun o zamankı nou-xau texnologiyaları hesabına dəf edilməsini unutmamışdır: “Hitler “Bakı neftini almasaq müharibəni uduzacayıq” demişdir. Bakı alınmadı və beləliklə, hər 5 təyyarə, tank və zirehli texnikadan 4-ü Azərbaycan nefti ilə işləyərək Dünya Müharibəsinə son qoydu.” ADA nümayəndəsi konsept sənədini şərh edərək bildirmişdir ki, kommunikasiyanın bu gün bütün sahələrdə əvəzedilməz rolunu nəzərə alaraq təyinlərin elmi icma tərəfindən daha yaxşı aşılanması vacibdir. Əgər qloballaşma prosesi davamlı təhdid kimi qəbul olunursa bu, hakimiyyətlərin vizyonu və onların fəaliyyət planına da proteksionist təsirlər göstərəcək. Lakin qloballaşmanı müasir dövrdə qaçılmaz çağırışlara birgə cavab kimi görən dövlətlər bunu nəinki özlərinə təhdid hesab edir, əksinə milli kimliklərinin ən güclü tərəflərini qlobal kontekstdə çağırışlarla mübarizəyə yönəldir. Belə ki, Azərbaycan son illər sivilizasiyalar arası intellektual forumların ev sahibinə çevrilərək öz milli kimliyinə məxsus qədim multikultural dəyərlərinə əsaslanır, və anlaşma və sülh carçısına çevrilib. Dünyanın bir çox bölgələrinə multikultural dəyərlər tənəzüllə uğradığı bir dövrdə Azərbaycanda bu dəyərlər əsl intibah dövrünü yaşayır. Şəfəq Mehrəliyeva müzakirələr zamanı qlobal liderlik barədə aparılan debatlara da toxunaraq bildirmişdir ki, hər ölkə liderlərini özü yetişdirir: “Mənim təmsil etdiyim Universitet Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılaraq bu gün 43 müxtəlif ölkənin nümayəndəsinin təmsil olunduğu icmaya çevrilib. Burada yerli və xarici müəllimlər tərəfindən yetişdirilən beynəlmiləl tələbə qrupu, təhsillərini bitirib ölkələrində nüfuz sahibinə çevrilirlər. Onlar tək milli deyil, həm də beynəlxlaq maraqlardan çıxış edən liderlər, bölgədə baş verənlərdən məlumatlı olub düzgün təhlil apara bilən mütəxəssislər olurlar.” Dayanıqlı inkişafın təmin edilməsi üçün təhsilin rolu əvəzediıməzdir deyən ADA Universitetin nümayəndəsi onu da vurğulamışdır ki, qloballaşan dövrdə bilik və innovasiya həm milli, həm də beynəlxalq iqtisadiyyatların mühərrikidir. Bilikli və bacarıqlı insan kapitalı uzun müddətli ikişafı sığortalayan amildir. Lakin əgər təhsilin qiyməti onun nəticəsində qazanılandan çoxdursa, bu, gəncləri sinif otaqlarından kənar saxlayaraq ölkələrin insan kapitalı keyfiyyətinə mənfi təsir göstərə bilər. Bu meyilin aradan qaldırılması üçün təhsilə davamlı yatırımlar və subsidiyalar şərtdir.
İki günlük müzakirələrdə səslənən ekspert rəyləri toplanılaraq təhlil olunub yekun sənədin hazırlanması üçün İtaliyanın Xairci İçlər və Beynəlxlaq İnkişaf nazirliyinə təqdim edildi.

ADA-nın Mətbuat Xidməti

Oxşar xəbərlər