28 May - Respublika Günü Los Ancelesdə qeyd olunub

28 May - Respublika Günü Los Ancelesdə qeyd olunub Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılmasının 99-cu ildönümü münasibətilə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu mayın 23-də geniş tədbir keçirib.
Tədbirdə ABŞ Dövlət Departamentinin Los Anceles nümayəndəliyinin rəhbəri Ceyms Paravonian və nümayəndəliyin əməkdaşları, Kaliforniya ştat qanunvericilərinin səlahiyyətli nümayəndələri, Los Anceles şəhər və vilayətinin təmsilçiləri, xarici dövlətlərin Los Ancelesdəki baş konsulları, müxtəlif Kaliforniya universitetlərinin professorları, yerli KİV təmsilçiləri, həmçinin Azərbaycan, türk, yəhudi, İran, Koreya, Filippin, latino və digər icmalarının üzvləri iştirak ediblər.
Tədbirdə ilk öncə Azərbaycan və ABŞ-ın dövlət himnləri səsləndirilib. Sonra Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edib. O, Respublika Gününün Azərbaycan üçün xüsusi önəm daşıdığını, 99 il öncə məhz bu tarixdə İslam dünyasında ilk demokratik və dünyəvi respublikanın yaradıldığını qeyd edərək, bu möhtəşəm hadisənin Azərbaycan xalqının milli dövlətçilik ənənələrinin güclənməsində müstəsna rol oynadığını bildirib.
1991-ci ildə müstəqilliyinin bərpasından sonra keçən dövr ərzində ölkəmizin tərəqqisindən bəhs edən baş konsul Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sürətlə inkişaf edərək, bu gün regionun enerji, ticarət və nəqliyyat mərkəzinə çevrildiyini və beynəlxalq aləmdə mövqelərini gücləndirdiyini diqqətə çatdırıb. N.Ağayev qeyd edib ki, bu gün multikulturalizm və dinlərarası dialoq sahəsində dünyanın əsas mərkəzlərindən hesab edilən Azərbaycan, müxtəlif önəmli beynəlxalq tədbirlərə evsahibliyi edərək və dinlərarası harmoniyanı təşviq edən məqsədyönlü layihə və proqramlar həyata keçirərək, dinc və sülhpərvər dünyanın qurulması işinə öz töhfələrini verir. Həmçinin, 2017-ci ildə Azərbaycan ilə ABŞ arasında diplomatik münasibətlərin yaradılmasının 25-ci ildönümünün qeyd olunduğunu qeyd edən baş konsul, iki ölkə və xalq arasındakı münasibətlərin qarşıdakı illərdə daha da güclənəcəyinə ümidvar olduğunu bildirib.
Sonra çıxış üçün söz Los Anceles Dinlərarası Şurasının sədri Yepiskop Xuan Karlos Mendezə verilib. Dinlərarası tolerantlıq və harmoniya sahəsində Azərbaycanın büyün dünyaya gözəl bir nümunə olduğunu qeyd edən Yepiskop Mendez, Şura və rəhbərlik etdiyi “Churches in Action” təşkilatı adından baş konsula təbriknamə təqdim edib.
Tədbirdə həmçinin, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunda iş müddəti başa çatan və tezliklə vətənə dönəcək diplomatların fəaliyyəti qeyd olunub və onlara Baş Konsulluq adından hədiyyələr təqdim olunaraq, gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Tehsil-press.az

Oxşar xəbərlər