Argentinada Azərbaycanın dövlət müstəqilliyinin ildönümü qeyd edilib

Argentinada Azərbaycanın dövlət müstəqilliyinin ildönümü qeyd edilib Azərbaycanın Argentinadakı səfirliyində dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib.

Səfirlikdən Tehsil-press.az-a verilən məlumata görə, tədbirdə Argentina Milli Konqresinin üzvləri və digər vəzifəli şəxsləri, Argentina Xarici İşlər və Etiqad Nazirliyinin, Argentinada akkreditə olunmuş diplomatik korpusun, elmi-akademik və işgüzar çevrələrin, müxtəlif mətbu orqanların nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov 1991-ci ilin 18 oktyabrda ölkəmizin dövlət müstəqilliyini bərpa etməsi, həmin illərdə Azərbaycanın keçirdiyi dərin siyasi, iqtisadi və sosial böhran, Azərbaycanın Ermənistanın hərbi təcavüzünə məruz qalması, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ictimai-siyasi sabitliyin bərpa olunması, ölkə prezidenti İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, ölkəmizin iştirak etdiyi beynəlxalq əhəmiyyətli neft-qaz, nəqliyyat layihələri, Azərbaycanda multikulturalizm ənənələri, habelə Argentina-Azərbaycan münasibətləri barədə qonaqlara məlumat verib.
Tədbir zamanı qonaqlara Azərbaycan milli mətbəxi nümunələri təqdim olunub, ölkəmizlə bağlı video çarxlar göstərilib.

Tehsil-press.az

Oxşar xəbərlər