Londonda Y.Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabının ilk dəfə ingilis dilinə edilən tərcüməsinin təqdimatı keçirilib

Londonda Y.Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabının ilk dəfə ingilis dilinə edilən tərcüməsinin təqdimatı keçirilib İyun ayının 5-də Londonda XIX əsr kraliça Viktoriya dövründə təsviri incəsənətin əsaslarını qoyan məşhur rəssam Lord Leytonun (1830-1896) ev muzeyində (www.rbkc.gov.uk/subsites/museums/leightonhousemuseum1.aspx) Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin (www.orinst.ox.ac.uk/research/nizami-ganjavi/home) şərqşünas-alim Yevgeni Bertelsin (1890-1957) “Böyük Azərbaycan şairi Nizami” (“The Great Azerbaijani Poet, Nizami”) kitabının ingilis dilinə ilk akademik tərcüməsinin təqdimat mərasimi keçirilib. Qərbdə böyük nüfuza malik olan məşhur şərqşünas alim, professor Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabı ilk dəfə 1940-cı ildə rus dilində çapdan çıxıb. Həmin vaxtdan etibarən kitab nəinki ingilis dilində,ümmümiyyətlə, təkrar nəşr olunmayıb. Bertelsin bu əsəri Azərbaycan tarixinə, elminə, mədəniyyətinə, irsinə, akademik nüfuzuna, eləcə də milli maraqlarına böyük töhfədir. Kitabda Nizami Gəncəvinin həyat və yaradıcılığı araşdırılır, onun yalnız şair yox, dünya şöhrətli filosof, mütəfəkkir olduğu bildirilir. Kitab bir daha sübut edir ki, Nizami Gəncəvinin əsərləri 900 ildən sonra da aktuallığını itirməyib.
Lakin indiyədək kitabın ingilis dilində tərcüməsi olmadığından, əcnəbi alimlər bu əsərdə yer alan məlumatları əldə etməkdən məhrum olublar. Məhz Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri akademik N. Paşayevanın təşəbbüsü iləAzərbaycan üçün böyük əhəmiyyət kəsb edən bu akademik elmi əsərin dünya elm adamlarının ixtiyarına verilməsi mümkün olub. Kitab üçün illüstrasiyaların orijinalları dünyanın ən qədim kitabxanalarından götürülüb və kitab keyfiyyətli şəkildə Britaniyanın “Gilgamesh” nəşriyyat evində (http://www.gilgamesh-publishing.co.uk/index.html) çap edilib. Şərqşünas-nizamişünas alim, SSRİ Elmlər Aakademiyasının müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı Y.E. Bertelsin əsərinin ingilis dilinə edilən akademik tərcüməsi Oksford Universiteti ilə yanaşı, Avropanın aparıcı kitabxanalarına paylanılacaq.
Lord Leytonun rəsm və heykəltaraşlıq əsərləri ilə bəzədilmiş, Birləşmiş Krallıqda XIX əsrin ən möhtəşəm binalarından hesab edilən bu məkanda keçirilən tədbirdə Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin rəhbəri akademik Nərgiz Paşayeva və Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun iranşünaslıq üzrə aparıcı professoru, kitabın redaktoru Edmund Herziq ilə yanaşı, Azərbaycan Respublikasının Baş nazirinin müavini, Xalq yazıçısı Elçin Əfəndiyev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, dilçi alim, millət vəkili Nizami Cəfərov, Oxford Universitetinin İnkişaf departamentinin rəhbəri xanım Liesl Elder və həmin qurumun rəhbərinin müavini Antoni Qrin,Oksford Universitetinin Şərqşünaslıq fakultəsinin professoru ərəb dili üzrə mütəxəssis Julia Bray, ABŞ-ın Tulane Universitetinin professoru Elia Brankaforte, Kembric Universitetinin doktoru Razia Sultanova, Oksford Universitetinin Şərqşünaslıq fakultəsinin ərəb dili müəllimi Julian Faultless, Britaniya Kitabxanasında (British Library) türk kolleksiyaları üzrə rəhbəri Maykl Erdmann, “Gilgamesh” nəşriyyat evinin rəhbəri Maks Skott, Briyaniya Parlamentinin Lordlar Palatasının üzvləri, Birləşmiş Krallığın elmi akademik dairələrinin üzvləri, tələbələr, müxtəlif ölkələrin diplomatik korpusunun və ictimaiyyətin nümayəndələri,ziyalılar iştirak ediblər.
Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun iranşünaslıq üzrə aparıcı professoru, kitabın redaktoru Edmund Herziq tədbirdə iştirak etməkdən məmnunluğunu ifadə edib. O qeyd edib ki, belə gözəl və möhtəşəm məkanda tədbirə qatılmaq hər insana nəsib olmur. “Bütün qonaqlara tədbirdə iştirak etdiyinə görə təşəkkürümü bildirirəm. Bu çox gözəl bir tədbirdir. Bizi bu gün buraya toplayan əsərin nəşri ilk, lakin sonuncu olmayan bir layihədir. Bu elmi əsərdən sonra nəşr ediləcək kitabların kataloqunu sizə təqdim etmirəm, lakin həmin elmi işlərin əsas amalı əsas məqsədi haqqında məlumat vermək istəyirəm. Bizim məqsədimiz Azərbaycan və ya rus dilində onillliklərlə çap edilmiş lakin ingilis auditoriyasına məlum olmayan əsərləri ingilis dilli auditoriyaya tanıtmaqdan ibarətdir. Mərkəzin fəaliyyət dairəsi sırf elmi əsərlərin tərcüməsindən daha genişdir. Mərkəz tədqiqatçı tələbələrə dəstək göstərir. Nizami Elmi Mərkəzi tərəfindən Azərbaycanda maraqlı arxeoloji qazıntılar aparılır, mütəmadi olaraq Britaniyada müxtəlif dəyirmi masalar, elmi konfranslar və digər tədbirlərkeçirilir. Ümidvaram ki, gələcəkdə Oksfordda keçiriləcək bu kimi tədbirlərdə də sizlərfəal iştirak edəcəksiniz. Lakin bu gün bizi bu salona toplayan əsas məqsəd hazırladığımız bu kitabın təqdimatıdır. Nəyə görə məhz bu kitab bizim ilk nəşr etdiyimiz kitab olub. Nizami Gəncəvinin adını daşıyan və həmin böyük şəxsiyyətə həsr edilmiş kitabın tərcüməsi sözsüz ki, məqsədəuyğun bir seçimdir. Nizami dünyanın ən məşhur və ən tanınmış şairlərindən biridir. Şərq aləmində əsrlər boyu bu ad böyük bir rəmzə çevrilib. Nizami həmçinin qərb aləminə də tanış idi. Bu da seçimimizin doğruluğunu təsdiqləyən amillərdən biridir. Digər əsərlərin seçimi də bizim bu məqsədimizə xidmət edəcəkdir. Müəllif Yevgeni Bertels tərəfindən Nizamiyə həsr edilmiş başqa kitablar da var və onların da tərcüməsi məqsədəuyğun olardı. Kitabın nəşr edildiyi 1940-cı ildə, zənnimcə rusdilli auditoriyada da Nizami haqqında bilən çox az insan olmuşdur. Bertels çox ciddi və dərin tədqiqatçı olduğuna görə, onun çox dəyərli əsərləri olduğu halda, o elə hesab edirdi ki, şərq ədəbiyyatı ilə məşğul olan tədqiqatçı üçün bu olduqca vacib məsələdir. Bertelsin əsas məqsədlərindən biri Şərqə günəş kimi doğan dahi şairlərin Qərb aləminə tanıdılması olmuşdur. O, bu məqsədə çatmaq üçün elmi fəaliyyətinin böyük hissəsini dahi şairlər haqqında əsərlərin hazırlanmasına həsr etmişdir ki, bu da həmin şairlərin daha geniş auditoriyaya təqdim etmək məqsədini güdürdü. Bu kitabın maraqlı cəhəti odur ki, nəinki Nizami haqqında, kitabda onun zamanı və dövrü haqqında da məlumat verilir. Müəllifin sözlərinə görə bu əsər çox böyük missiyanın həyata keçirilməsinə nail olub. Eyni zamanda Nizaminin görkəmli Azərbaycan şairi kimi tanınmasında bu kitabın rolu böyükdür. Məhz bu əsərin ərsəyə gəlməsindən sonra Bakıda bir tərəfdən elmi əsərlər, digər tərəfdən, çoxlu dərsliklər çap edilməyə başlanıb. Bu isə Nizaminin yenidən dərk edilməsinə, ona lazımi qiymətin verilməsinə səbəb olub. Düşünürəm ki, kitabın başqa bir maraqlı cəhəti var ki, bəlkə də Bertelsbu haqda heç düşünməyib - bu ondan ibarətdir ki, kitabın adı “Böyük Azərbaycan şairi Nizami” sonradan İran alimlərinin arasında bu günə qədər də davam edən bir müzakirəyə, qarşıdurmaya gətirib çıxarıb. Məhz buna görə, kitabın ingilis dilli auditoriya üçün hazırlanmasında məqsədlərdən biri də ondan ibarətdir ki, kitabı oxuyanlar buradakıfikirlərin milliyətçilikdən irəli gəlmədiyini dərk edəcəklər. Bu çox gözəl, sadə, eyni zamanda asanlıqla oxunan və böyük şəxsiyyət haqqında dürüst məlumatları geniş auditoriyaya çatdıran bir kitabdır. Mən inanıram ki, bu kitabdan sonra rusdilli auditoriyada olduğu kimi, ingilisdilli auditoriyada da Nizaminin pərəstişkarları artacaqdır. Mənim böüyk iftixar hissi ilə yazdığım ön sözdə qeyd edilir ki, kitab yaradılan zaman həmin konsept də nəzərdən qaçmır. Bu kitabın konsepti qərb oxucuları üçün də əhəmiyyətlidir. Kitabın yarandığı dövr, 1930-cu illərin sonu heç də parlaq dövrlərdən deyildi. Stalinin repressiyalarının pik nöqtəsi olan dövr idi. Azərbaycanda da Mir Cəfər Bağırovun respublikaya rəhbərlik etdiyi həmin dövrdə repressiya qurbanlarının sayı heç də az olmayıb.
Mən bir neçə qısa qeydlə çıxışımı başa vurmaq istəyirəm. Burda sizlərin qarşısında durmaqdan və çıxış etməkdən böyük şərəf hissi duyuram. Bu layihə üzərində çalışanların sayı heç də az deyil. Kitabı rus dilindən tərcümə edən Maroussia Bednarkieviçdir. Fars dilində olan sitatları Ceyms Vayt, kitabın ön sözününun müəllifi mənimlə Elçin müəllimdir. Eyni zamanda bu kitabı nəşr edən “Gilgamesh” nəşriyyat evinə (http://www.gilgamesh-publishing.co.uk/index.html) təşəkkür etməyi özümə borc bilirəm. Nəhayət, Nizami Gəncəvi mərkəzinin bütün işlərində olduğu kimi bu işdə də bizə ən böyük köməkliyi göstərən akademik Nərgiz xanım Paşayevaya öz dərin təşəkkürümü bildirirəm. Bizim gördüyümüz işlərin heç birisi onun dəstəyi və hərtərəfli köməyi olmadan həyata keçə bilməzdi. Əgər tərcümə etdiyimiz kitabın seçimi bizlərə verilsəydi, çox güman ki, biz belə vacib və aktual olan əsər seçməyə də bilərdik. Bir daha Nərgiz xanıma təşəkkür edirəm”, - professor E. Herziq çıxışını tamamladı.
Daha sonra Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri, akademik Nərgiz Paşayeva qonaqları salamlayaraq, onlara tədbirdə iştirak etdiklərinə görə minnətdarlığını ifadə etdi və dedi:“Möhtərəm qonaqlar, əziz dostlar!Dünya mədəniyyəti irsinin parlaq siması şair və mütəfəlkkir Şeyx Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş “The Great Azerbaijani poet Nizami” kitabının təqdimat mərasiminə xoş gəlmişsiniz!
Kitab 1940-cı ildə görkəmli rus şərqşünas alimi Y. Bertels tərəfindən qələmə alınmış və Bakıda nəşr edilmişdir. O tarixdən bu günə qədər kitab yenidən nəşr edilməmiş və 77 il ərzində heç bir Avropa dilinə tərcümə edilməmişdir.
Bu günki təqdimat Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq proqramının nəşrə hazırlanan kitablar silsiləsindən ilk elmi kitab, ilk akademik tərcümədir. Belə görünür ki, 77 il çox olsa da, bu qədər gözləməyə dəyərdi.
Nizami haqqında hələ XIII əsrdən etibarən məlumatlar yazılmağa başlanmışdır. XIII əsr müəlliflərindən Məhəmməd Övfi, Zəkəriyyə Qəzvini və b. Nizami haqqında yazmış, onun Gəncədən olduğunu qeyd etmişlər. Əmir Xosrov Pəhləvi, Əlişir Nəvai kimi klassiklər də Nizamini özlərinə ustad bilmişlər, irsini yüksək qiymətləndirmişlər. O dövrdən bu günə qədər Nizamişünaslıq inkişaf etmiş və böyük bir elmi sahəyə çevrilmişdir. Bunun nəticəsi olaraq Nizamişünaslığın Avropa, Yaxın Şərq, Rusiya və Azərbaycan elmi məktəbləri yarana bilmişdi.
Bu gün təqdim olunan kitabın müəllifi Yevgeni Bertels Rus-Peterburq şərqşünaslıq məktəbinin görkəmli nümayəndəsidir. Rus Nizamişünaslığının gözəçarpan tarixi ilk növbədə Yevgeni Bertelsin adı ilə bağlıdır. Bertels “Böyük Azərbaycan şairi Nizami” əsəri ilə Nizami yaradıcılığının daha geniş – Azərbaycan kontekstini və aspektini bir elmi təlim, yanaşma kimi ortalığa qoydu və təqdim etdi. Məşhur qeyri-azərbaycanlı şərqşünas-alim Y.Bertels, şair – Nizami; məkan, tarixi fon – Gəncə; sənətkarlıq məsələləri – fars dilli, azəri üslubi poeziya məfhumlarını bir-birinə sıx bağladı.
Maraqlıdır ki, Oksford Universitetində 1985-2002-ci illərdə fars-ərəb ədəbiyyatı üzrə çalışmış professor Culiya Skott Meysami 1995-ci ildə “Yeddi gözəl”i ingilis dilinə tərcümə edib, çap etdirmişdir. Həmin kitabın ön sözündə ingilis alimi Nizami poeziyasında azəri dilinin ritorik incəliyini və cazibədarlığını özündə əks etdirdiyini və Nizami poeziyasının üslubunu ənənəvi fars Xorasani üslubdan fərqləndiyini qeyd etmişdir. Onun yazdığı fikirlərlə Bertelsin kitabındakı fikirlər arasında bir bağlantı olduğu aydın nəzərə çarpır.
Rus-Peterburq şərqşünaslıq məktəbinin Boldırev, Krımski, Bartold, Marr, Levkiyevskaya kimi görkəmli nümayəndələri Nizami yaradıcılığını məhz bu elmi aspektdən təqdim və təbliğ etmişlər.
Azərbaycanda da Nizamişünaslıq aparıcı elmi sahəyə çevrilmiş, dəyərli elmi kitablar və tədqiqatçılar dəstəsi yaranmışdır. Amma, əfsuslar olsun ki, bu əsərlərdən bir-iki müəllifi çıxmaq şərti ilə, heç biri Avropa dillərinə tərcümə edilməmişdir.
Burada bir məqama da toxunmalıyıq. Bəli, Nizami irsinin Azərbaycan elmi məktəbi XX əsrin 30-cu illərindən sonra öz kulminasiya nöqtəsinə çatdı. Bu səbəbdən Nizami irsinin Azərbaycanda, Sovetlərdə öyrənilmə prosesinə yanaşmada bir ideoloji məzmun, bir ideoloji sifariş fərziyəsi ehtimalı da yarana bildi. Amma Azərbaycan Nizamişünaslığının əksər qiymətli elmi əsərləri və dəyərli müəllifləri – Həmid Araslı, Mikayıl Rəfili, Rüstəm Əliyev, Azadə Rüstəmova. Əliyar Səfərli, Nüşabə Araslı, Məmməd Cəfər, Teymur Kərimli və b. – Sovet dönəmində yaşayıb yaratsalar da Azərbaycan nizamişünaslığı hələ Sovet dönəmindən əvvəl və Sovet dönəmi ilə əsla bağlı olmayan müəlliflərin adı ilə bağlıdır.
Hələ XIX əsrdə Azərbaycan müəllifləri Abbasqulu ağa Bakıxanov, M.F. Axundov, daha sonra M.S. Ordubadi, Firudin bəy Köçərli Nizami yaradıcılığına öz əsərlərində toxunmuşlar, bioqrafik məlumatlar vermişlər.
Amma sırada iki ad, iki kitab dəyərli, tutarlı və inkaredilməzdir. Belə ki, 1951-ci ildə görkəmli şəxsiyyət və dövlət xadimi, ADR-in yaradıcısı, eyni zamanda alim, publisist, dramaturq M.Ə. Rəsulzadə Ankarada “Azərbaycan şairi Nizami” monoqrafiyasını çap etdirir. Özünün yazdığına görə bu əsər 51-ci ildən çox əvvəl hazır idi və onun çapının geçikməsi həyatının çətinlikləri və II Dünya müharibəsinin başlanması səbəbindən oldu. M.Ə. Rəsulzadənin Nizami haqqında qələmə aldığı monoqrafiya Azərbaycan Nizamişünaslığının ən parlaq elmi əsərlərinin ön sırasındadır. Və bu əsər heç zaman Sovet ideologiyası və ideoloji sifarişlə bağlı ola bilməz.
İkinci kitabın adı “Şeyx Nizami”dir. Kitabın müəllifi XX əsrin əvvəllərinin Gəncə maarifçi-ziyalılar çevrəsinin tanınmış nümayəndəsi, Gəncə seminariyasının məzunu və sonralar müəllimi Mirzə Məhəmməd Axundzadədir. Kitab 1909-cu ildə Gəncədə Hacı Həsənzadə mətbəəsində Azərbaycan dilində ərəb əlifbası ilə çap edilmişdi.
Bu misallar Azərbaycan Nizamişünaslığının sırf 30-cu illərdən sonra, Sovet ideologiyasının, hətta Stalinin mədəni planının bir hissəsi kimi deyil, obyektiv və müstəqil elmi tarixinin olduğunun göstəricisi və sübutudur.
Əlbəttə, Nizamişünaslığın dəyərli hissəsinin böyük qismini fars alimlərinin əsərləri təşkil edir. İranda Vəhid Dəstgerdi, Səid Nəfisi, Əli Əkbər Şəhabi və bir çox başqaları Nizami haqqında dəyərli əsərlər yazmışlar. Xüsusi olaraq qeyd etmək istərdim ki, bu gün təqdim etdiyimiz kitab 1957-ci ildə Tehranda fars dilində “Nizami, şaere-bozorge-Azərbaycan” adı ilə çap edilmişdir. Fars dilinə Hoseyn Məmməd-zadə Sədiq tərəfindən çevrilmişdi. Bu işə görə fars alimlərinə öz təşəkkürümüzü bildiririk. Həmçinin türk alimlərindən Əhməd Atəş, Nihad Banarlı, Əhməd Kabaklı və b. da Nizami irsini tədqiq etmişlər.
Avropa şərqşünaslığında Nizami yaradıcılığına maraq əsasən XVIII-XIX əsrlərdən qaynaqlanmağa başlamışdır. 1871-ci ildə macar alimi Vilhelm Baxer alman dilində Leypsiqdə “Nizami və əsərləri” monoqrafiyasını çap edir. 1836-cı ildə ingilis alimi Ceyms Atkinson “Leyli və Məcnun” poemasını ingilis dilinə çevirir. Edvard Braun XIX əsrin sonlarında öz əsərlərində “İsgəndərnamə”yə aid fikirlər yazır. Məşhur şərqşünas Hammer “İsgəndərnamə”dən 100-ə qədər beyti alman dilinə tərcümə edir.
Beləliklə Nizami milli kimlik və etnik mənsubiyyət çərçivəsini yaran universal fiqur və universal bəşəri dəyərli ədəbiyyatın möhtəşəm nümayəndəsidir. O öz “Xəmsə”si ilə Şərqin qədim vəhdəti – vücud fəlsəfəsinin, bu gün yerli-yersiz dəbdə olan multikulturalizm terminin mahiyyətini hələ o dövrdə “Yeddi gözəl”in nümunəsində bədii əksini yaratmış oldu.
Onun sənəti və bədii sözü ilahi enerjisinin transformasiyası kimi insanı, məhəbbəti, ədəbliyi, daxili aləmin kamilliyini bəşəriyyətin əsas qoruyucu çətiri və səddi kimi bədii obrazlarla təqdim və təsvir etdi.
Bizim məqsədimiz Nizaminin, məhz onun dahi yaradıcılığının etik-estetik qayəsinə uyğun olaraq, təqdim və təsdiq etməkdir. Şeyx Nizami heç zaman parçalayıcı, ixtilaf yaradan fiqur olmayıb və ola da bilməz. Çünki onun yaradıcılığı insanları və məmləkətləri birləşdirici qüvvəyə malikdir. Nizamiyə görə müxtəliflik qaçılmaz və obyektivdirsə, deməli bir araya gəlmək bacarığı və istəyi də, vəhdətə can atmaq arzusu da inkarsız, labüd və mütləqdir.
“Qoy hami bilsin ki, mənim şair könlüm iki hərf ilə hər şey yarada bilir!”
Bu kitabın ərsəyə gəlməsində professor Herziqin dediyi kimi insan əməyi çox əziz və qiymətlidir. Mən öz təşəkkürümü hörmətli professor Herziqə bildirmək istəyirəm. O məni və kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsi vurğuladı, buna görə ona təşəkkür edirəm. Amma həqiqət ondan ibarətdir ki, professor Herziqin və Oksford universitetinin dəstəyi olmasaydı mən heç nə edə bilməzdim. Mən anlayıram ki, 800 illik tarixə malik universitet özündən kiçik olanlara çox nəvaziş ilə yanaşır. Bütün Oksford universitetinin heyyətinə təşəkkür edirəm. Mənbu gözəl məkandabizim tədbirimizin keçirilməsinəşərait yaradan Lord Leytonmuzeyinin rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Əlbəttə, mən Britaniyanın “Gilgamesh” nəşriyyat evinə və onun rəhbəri Maks Skotta öz təşəkkürümü bildirirəm.
Mən bütün kitab sevərləri alqışlayıb, təşəkkür edirəm. Təşkilatı məsələlərdə bizə böyük dəstək olmuş Azərbaycan Respublikasının səfirliyinə öz təşəkürümü bildirirəm.Kitaba ön sözü yazan Elçin müəllimə, tədbirə gələn qonaqlara - Akif müəllim, Rasim müəllim, Nizami müəllimə öz təşəkkürümü bildirirəm. Burada əyləşənOksford universitetinin və Britaniyanın digər aparıcı universitetlərinin alimlərinə,tələbələrə və yüksək qonaqlara öz təşəkkürümü bildiriəm.
Onuda qeyd edim ki, mənim atam Bertelsi şəxsən tanıyırdı, babam yazıçı Mir Cəlal Paşayev Bertelsi evimizdə qonaq etmişdir. Dünyada olan alimlər həmişə dünyada olsunlar, dünyadan köçüb gedənlərin isə ruhu həmişə üstümüzdə, yüksəkdə olsun. Hamınıza bir daha təşəkkür edirəm”.
Xalq yazıçısı Elçin Əfəndiyev çıxışında deyib:“Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaranması və artıq 5 ilə yaxın bir dövrdə fəaliyyəti son dərəcə böyük əhəmiyyətə malik -ədəbi, elmi,ictimai, siyasi əhəmiyyətə malik bir hadisədir. Mən onun şahidi idim ki,hörmətli akademikimiz Nərgiz Paşayeva hansı bir həvəs ilə, hansı bir şövq ilə bu mərkəzin yaradılmasına çalışırdı. Əziz dostlar, mən yenə də fürsətdən istifadə edib həm Oksford univeristetinin müəllim heyyətinə, həm də akademik N.Paşayevaya bu mərkəzin yaradılmasındakı fəaliyyətlərinə görə öz təşəkkürümü bildirirəm. Nizami Gəncəvi Azərbaycanın Gəncə şəhərində anadan olub, lakin onun yaradıcılıq diapazonu o qədər geniş idi, onun fikirləri, humanizmi, tolerantlıq və ədalətə çağırış ideyaları o dərəcədə idi ki, o milli çərçivələrə sığmadı. Akademik N.Paşayevanın dediyi kimi, bu gün Nizami nə dərəcədə Azərbaycan sənətkarıdırsa, o dərəcədə də böyük ingilis şairidir, bəşəri böyük sənətkardır. Hörmətli professor E.Herziq qeyd etdi ki, bu gün Nizami dünyada məşhurdur. Bu həm yaradıcılıq baxımından belədir, həm də cismani baxımdan. Nizami adı Azərbaycanda ən geniş yayılmış adlardan biridir. Bu gözəl gecənin simvolik hadisəsi hesab etdiyim bir məqamı da diqqətinizə çatdırmaq istəyirəm. Bura gələn bizim böyük filoloqumuzun adı da Nizamidir. Təxminən 900 il bundan əvvəl yazıb yaradan Nizaminin adı da bu gün alimlərimizdə, akademiklərimizdə yaşayır və ona görə də bu hadisəni mən simvolik hesab edirəm. Əziz dostlar bir məqama da diqqət çəkmək istərdim, Nizami Gəncəvi mərkəzi kimi bir mərkəzin Oksford univeristetində yaranmasını həmçinin siyasi əhəmiyyət daşıdığını qeyd etmək istəyirəm. Nəyi nəzərdə tuturam? İlk növbədə bu gün böyük bir bəla bəşəriyyətin üzərindən asılıb - bu terrorizmdir. Bu elə bir qüvvədir ki, bütün bəşəriyyəti məhv etmək istəyir. Terrorizmin milliyəti və coğrafi məkanı yoxdur. Təəsüflər olsun ki, terroru bəzən şərq və islam dünyası ilə bağlayırlar, bəzən eyniləşdirirlər. Belə hesab edirəm ki, bu gözəl aurada keçən məclis həmin iddialara gözəl bir cavabdır. Şərqin, belə deyək, Nizaminin humanizmi heç vaxt terror yarada bilməz. Çünki terroristin dini, milliyəti,valideynləri yoxdur. Mən bir daha Oksford univeristetinin rəhbərliyinə, akademik Nərgiz Paçayevayatəşəkkür edirəm. Əminəm ki, bu mərkəz zaman keçdikcə daha müsbət nailiyyətlər əldə edib yeni töhvələr verəcək”.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə öz çıxışında vurğulayıb:“Bertelsin kitabının burada təqdimatı, akademikimiz N.Paşayevanın bir alim kimi, bir istedad sahibi kimi Oksford univeristetində təmsil olunmağı böyük bir qələbədir. Nizami Gəncəvini 850 ildən artıqdır bütün dünyadaki alimlər, şairlər, akademiklər öyrənirlər, təhlil edirlər. N.Gəncəvi bu gün Avropaya böyük pəncərə açır. Mən bilirəm ki, bu gün N.Paşayeva daöz fəaliyyəti ilə I Pyotr kimi Avropaya yenipəncərə açır. I Pyotr o pəncərəni siyasi məqsədlər üçün açırdı, lakin N.Paşayeva elmi akademik intellektual pəncərə açır. Mənə elə gəlir ki, bu kitabın ingilis dilinə edimiş tərcüməsi Azərbaycan elminin nailiyyəti hesab etmək olar. Çünki, bütün dünya bu gün ingilis dilində danışır, ingilis dilində təhsil alır. N.Paşayeva öz çıxışında N.Gəncəvi haqqında hərtərəfli danışdı və mən dahi şairimiz haqqında danışmağı özümə rəva bilmirəm. Amma bir şeyi qeyd etmək istəyirəm ki, N.Paşayeva bu böyük addımı ataraq özünəməxsus bir uğura imza atmışdır. Nərgiz xanım bu gün Azərbaycan təhsilini yenidən quran yaradan bir mütəxəssis kimi fəaliyyət göstərir. Mən hər il Nərgiz xanımın rəhbərlik etdiyi universitetin “Məzun günü” tədbirində iştirak edirəm və hər il məndə belə bir təəsürat yaranır ki, Azərbaycan təhsilinin, elminin gələcəyi parlaqdır. Mən əminliklə deyə bilərəm ki, Mərkəz fəaliyyətini uğurla davam etdirəcək və bir müddət sonra Avropanın başqa şəhərlərində Nizami haqqında kitablar nəşr olunacaqdır. Bu yaxınlarda mən italyan alimlərindən təklif almışam.Onlar bizdən razılıq istəyiblər ki, Bertelsin bu kitabını italyan dilinə tərcümə etsinlər. Bir sözlə, demək istəyirəm ki, fəaliyyət davam edir və Nizami yaradıcılığı, onun dahiliyi, azərbaycanlılığı Avropada və dünyada addımlayır”.
Daha sonra akademik A.Əlizadə diqqətə çatdırdı ki, Azərbaycan Milli Akademiyasında dahi Nizami adına qızıl medal təsis edilib: “İldə bir Azərbaycan və bir xarici alimə həmin medal təqdim edilir. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət heyyəti belə qərara gəlib ki, bu il qızıl medala Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin rəhbərləri Nərgiz Paşayeva və professor Robert Hoyland layiq görülsünlər. Qeyd etmək istəyirəm ki, Nərgiz xanımın elmi fəaliyyəti nəzərə alınaraq, bu il may ayının 2-də o, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib”, - akademik A.Əlizadə bildirib.Çıxışının sonunda AMEA-nın prezidenti Akif Əlizadə N. Paşayevaya akademik diplomunu təqdim etdi.
Tədbirdəhəmçinin qonaqlara muğam ustası, xanəndə Fərqanə Qasımovanın ifasında konsert proqramı da təqdim olunub.
Beləliklə, Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin uğurlu layihələrindən biri olan “Böyük Azərbaycan şairi Nizami” kitabının ingilis dilinə akademik tərcüməsinin təqdimat mərasimi yüksək səviyyədə keçdi və böyük marağa səbəb oldu. Qeyd edək ki, 2013-cü ildə akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə Oksford Universitetində yaradılan bu mərkəz Birləşmiş Krallıqda Azərbaycanı hərtərəfli, sistemli öyrənən ilk və yeganə elmi-akademik qurumdur. Fəaliyyət göstərdiyi qısa müddət ərzində bu qurum Oksford Universitetinin funksional elmi tərkib hissəsinə çevrilə bilib. Nizami Gəncəvi Elmi Mərkəzi Oksford Universitetinin rəsmən qəbul edilmiş və tanınmış struktur bölməsi olaraq, həmin Universitetin tək Şərqşünaslıq fakültəsi ilə bağlı məsələləri deyil, ümumiyyətlə, Oksford Universitetində digər sahələrdə elm və təhsillə bağlı olan bütün məsələlərdə Azərbaycan üzrə koordinator səlahiyyətlərinə malikdir.

Təhsil-press.az


Londonda Y.Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabının ilk dəfə ingilis dilinə edilən tərcüməsinin təqdimatı keçirilib

Londonda Y.Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabının ilk dəfə ingilis dilinə edilən tərcüməsinin təqdimatı keçirilib

Londonda Y.Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabının ilk dəfə ingilis dilinə edilən tərcüməsinin təqdimatı keçirilib

Londonda Y.Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabının ilk dəfə ingilis dilinə edilən tərcüməsinin təqdimatı keçirilib

Londonda Y.Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabının ilk dəfə ingilis dilinə edilən tərcüməsinin təqdimatı keçirilib

Londonda Y.Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabının ilk dəfə ingilis dilinə edilən tərcüməsinin təqdimatı keçirilib

Oxşar xəbərlər