AMEA-nın illik ümumi yığıncağında Azərbaycan elminin aktual problemləri və prioritetləri müzakirə olunub

AMEA-nın illik ümumi yığıncağında Azərbaycan elminin aktual problemləri və prioritetləri müzakirə olunub Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında Rəyasət Heyətinin 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan illik ümumi yığıncağı keçirilib.

Təhsil-press.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Baş nazirin müavini Elçin Əfəndiyev, Nazirlər Kabineti Aparatının humanitar siyasət məsələləri şöbəsinin müdiri İsmayıl Sadıqov, Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü Nərgiz Paşayeva, dövlət və ictimai təşkilatların nümayəndələri, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının direktorları, ali məktəblərin rəhbərləri, KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları akademiyanın elmi müəssisə və təşkilatlarının 2016-cı ildəki fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.
AMEA-nın institut və təşkilatları, regional bölmə və elmi mərkəzləri, eləcə də Rəyasət Heyəti üçün ayrılmış guşələrdə Azərbaycan, rus və ingilis dillərində müxtəlif nəşrlər, akademiyanın Yüksək Texnologiyalar Parkında istehsal olunan yeni məhsullar nümayiş etdirilib. Pavilyonlarda quraşdırılmış monitorlarda institut və təşkilatların fəaliyyətini əks etdirən videoçarxlar təqdim olunub.
Sərgini ziyarət edən qonaqlara akademiyanın elmi müəssisələrində aparılan tədqiqatlar, həyata keçirilən innovativ layihələr, əldə olunan elmi nəticələr, beynəlxalq əməkdaşlıq əlaqələri, o cümlədən elmi əsər və kitablar, jurnal və bukletlər haqqında ətraflı məlumat verilib.
Yığıncaqda Azərbaycan elminin inkişafında xüsusi xidmətləri olan görkəmli alimlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə ümumi yığıncağı açaraq akademiyanın 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında geniş məlumat verib. Ötən ilin mühüm elmi nailiyyətlər və uğurlarla yadda qaldığını söyləyən akademik qeyri-neft sektorunun inkişafı baxımından bir sıra əhəmiyyətli tədbirlərin həyata keçirildiyini, ölkədə dövlət siyasətinin əsas prioritetlərindən olan sosial layihələrin uğurla davam etdirildiyini bildirib.
Hesabat ilində dövlət müstəqilliyimizin bərpasının 25 illiyi ilə əlaqədar akademiyada elmi nailiyyətləri əks etdirən bir sıra nəşrlərin işıq üzü gördüyünü xatırladan A.Əlizadə akademik Ramiz Mehdiyevin ümumi redaktorluğu ilə çap olunan “Müstəqillik yollarında-25” kitabını xüsusi vurğulayıb. Qeyd edilib ki, nəşrdə ötən illər ərzində keçilmiş məsuliyyətli və şərəfli yol, qazanılan mühüm nailiyyətlər əksini tapıb.
Akademik Azərbaycan multikulturalizmi və onun tarixi-nəzəri aspektlərinin tədqiqi yönündə fəaliyyətdən də danışıb. Azərbaycan modelinin bu sahədəki rolunun elmi əsaslandırılması və digər məsələlərin ötən il AMEA-nın müvafiq institutlarında geniş tədqiq edildiyini, bu istiqamətdə mühüm elmi nəticələrin əldə olunduğunu bildirib.
2016-cı ildə “Elm haqqında” Qanunun təsdiqlənməsi ilə elm sahəsində normativ-hüquqi bazanın təkmilləşdirildiyini deyən AMEA-nın rəhbəri hesabat ilində “Elm haqqında” Qanunun, eləcə də müasir dövrün çağırışlarının tələblərinə müvafiq olaraq Rəyasət Heyəti tərəfindən “Azərbaycan elminin inkişaf doktrinası”nın layihəsinin hazırlandığını, təsdiq üçün dövlətimizin başçısına təqdim edildiyini vurğulayıb.
Ötən il akademiyanın ümumilikdə 23 dövlət əhəmiyyətli proqramın icrasında yaxından iştirak etdiyini diqqətə çatdıran AMEA-nın prezidenti elmi-təşkilati sahədə əldə olunan nailiyyətlər haqqında məlumat verib. Akademik 2016-cı ildə AMEA-da elmi-təşkilati işlərin yeni əsaslarla qurulduğunu, kadr hazırlığı və elmi-innovativ fəaliyyətin gücləndirildiyini, hüquqi islahatlar həyata keçirildiyini vurğulayıb. Elm və təhsilin inteqrasiyası, elektron elmin inkişafı, beynəlxalq elmi əməkdaşlığın yeni əsaslar üzərində qurulması, elmin istehsalata inteqrasiyası, elmin populyarlaşdırılması və ictimaiyyətlə münasibətlərin qurulması, maddi-texniki bazanın gücləndirilməsi və digər istiqamətlərdə mühüm işlərin görüldüyü diqqətə çatdırılıb.
Ümumi yığıncaqda hesabat məruzəsi dinlənildikdən sonra müzakirələr aparılıb.
Tədbirdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayevaya müstəqillik illərində elm, təhsil sahəsində həyata keçirilən mühüm beynəlxalq layihə olan Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin, Nizami Gəncəvi Fondunun yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsi, Azərbaycan ədəbiyyatının dünya miqyasında tədqiq olunması sahəsindəki müstəsna xidmətlərinə görə “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” təqdim edilib.
Mükafata görə minnətdarlığını bildirən professor Nərgiz Paşayeva Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin fəaliyyətindən, qazanılan uğurlardan danışıb.
Nərgiz Paşayeva vurğulayıb ki, 2013-cü ildə təməli qoyulan və dahi Nizaminin adını daşıyan Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi 800 illik tarixə malik olan Oksford Universitetinin bir funksional, elmi tərkib hissəsinə çevrilib. Bu, böyük nailiyyətdir və bütün Azərbaycan elminin nailiyyətidir.
Professor Nərgiz Paşayeva deyib: “Biz 2013-cü ildən Mərkəzin elm-təhsil proqramının həyata keçirilməsi ilə məşğuluq. Biz tarix, arxeologiya elmləri üzrə tədqiqatlar aparırıq. Azərbaycan tarixinə, ədəbiyyatına aid, indiyədək heç bir Avropa dilinə tərcümə edilməyən elmi ədəbiyyatları Avropa dillərinə çevirməklə məşğuluq. Bununla yanaşı, konfranslar keçiririk. Artıq Oksford Universitetində iki beynəlxalq konfransımız keçirilib. Bizim altı məzun yerimiz var - üç doktorant, üç magistr. Artıq yerlərin hamısı tutulub. Bu yerləri Amerikadan, İngiltərədən və başqa ölkələrdən tələbələr tutublar. Biz təkcə Azərbaycanda deyil, bütün Qafqazda yaşayan xalqları, onların maddi, mənəvi sərvətlərini, dillərini, ədəbiyyatını və s. öyrənirik. Qafqaz həmişə elmi, tarixi baxımdan maraq doğuran, Qərbdə, xüsusilə də İngiltərədə az öyrənilən, elmi ədəbiyyatda az təbliğ olunan bölgələrdən biridir. Bu baxımdan biz bu boşluğu doldurmaq niyyətindəyik. Bizim böyük işlərimizdən biri əlbəttə ki, Mərkəzə Nizami Gəncəvinin adının verilməsidir. Bu ad əbədi olaraq Oksford Universitetində qalmalıdır və Nizami Gəncəvi adına Mərkəz bugünkü ilk addımlarını gələcəkdə yeni nəsillərə, yeni alimlərə verəcək”.
Nərgiz Paşayeva bildirib ki, Oksford Universitetinin gözəl devizi var - Tanrı, yolumu işıqlandır. Yaradan hər kəsin yolunda bir məqsəd, bir niyyət, bir sınaq qoyur. “Bugünkü mükafat cüzi əməyim qarşılığında böyük mükafatdır. Mən sadəcə olaraq bu sınağı doğrultmağa çalışmışam. Amma çox az bir qismə nail olmuşam. Bu mükafat məndə həm qürur hissi yaradır, eyni zamanda, üzərimə böyük məsuliyyət də qoyur”, - deyə professor Nərgiz Paşayeva qeyd edib.
Həmçinin Azərbaycanın mədəni və tarixi irsinin dünya miqyasında elmi əsaslarla öyrənilməsi sahəsində xüsusi xidmətlərinə görə Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin İngiltərə tərəfdən rəhbəri, professor Robert Hoylanda “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” verilib.
Professor R.Hoyland Azərbaycana səfərindən və bu medala layiq görülməsindən məmnunluğunu bildirib, yüksək mükafata görə təşəkkür edib.
Sonra elmi fəaliyyətin qiymətləndirilməsi üçün milli məlumat bazasının yaradılması sahəsində mövcud problemlər, biliklər iqtisadiyyatının formalaşdırılması, elm və təhsilin inteqrasiyasında inkişaf perspektivləri, AMEA-nın elmi müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, elektron elmin inkişafı, biliklər cəmiyyətinin formalaşdırılmasında alimlərimizin rolu və digər məsələlər ətrafında verilən sualları AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev cavablandırıb.
Daha sonra Fizika İnstitutu direktorunun elmi işlər üzrə müavini, akademik Cavad Abdinov ötən il AMEA-da fizika sahəsində aparılan tədqiqatlar, Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev elm, təhsil və istehsalat arasında əlaqələrin gücləndirilməsi, Bakı Dövlət Universitetinin faydalı qazıntılar kafedrasının müdiri, akademik Vasif Babazadə yer elmləri sahəsində multidisiplinar tədqiqatlar mövzularında çıxış ediblər.
Tədbirdə ümumi yığıncağın qərar layihəsi müzakirə olunub. AMEA-nın 2016-cı ildəki fəaliyyəti qənaətbəxş hesab edilməklə illik hesabat təsdiqlənib.
Qərarda Prezident İlham Əliyevin elmin inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrasının davam etdirilməsi, biotexnologiya, gen mühəndisliyi və biofizika sahələrində tədqiqatların genişləndirilməsi, neft sənayesinin inkişafı ilə əlaqədar Xəzər dənizinin ekologiyası, biologiyası və geologiyası ilə bağlı tədqiqatlara üstünlük verilməsi, AMEA-nın xarici elmi mərkəzlərlə birgə meqalayihələrdə iştirakının davam etdirilməsi ilə bağlı müddəalar yer alıb. Bundan başqa, elm və təhsilin qarşılıqlı əlaqələrinin daha da inkişaf etdirilməsi, elmin informasiya təminatının, innovasiya və elmin kommersiyalaşdırılması sahələrində fəaliyyətin və yüksək texnoloji bizneslə əlaqələrin genişləndirilməsi, AzScienceNet Elm-Kompüter Şəbəkəsinin infrastrukturunun genişləndirilməsi və digər məsələlər də qərarda əksini tapıb.
Daha sonra AMEA-nın adlı mükafatları sahiblərinə təqdim olunub.
Fizika-riyaziyyat elmləri doktoru Kərim Allahverdiyev Nəsrəddin Tusi adına, akademik Məhərrəm Babayev Həsən bəy Zərdabi adına, professor Tofiq Bakıxanov Akademik Üzeyir Hacıbəyli adına və AMEA-nın müxbir üzvü Zakir Qarayev Akademik Mirəsədulla Mirqasımov adına mükafatlarla təltif olunublar.
Bundan başqa, akademik Vaqif Fərzəliyevə Akademik Yusif Məmmədəliyev adına mükafat, akademik Vasif Babazadəyə Akademik Musa Əliyev adına mükafat, tarix elmləri doktoru Əli Rəcəbliyə Abbasqulu ağa Bakıxanov adına mükafat təqdim edilib. Bununla da AMEA-nın illik ümumi yığıncağı öz işini başa çatdırıb.

AMEA-nın illik ümumi yığıncağında Azərbaycan elminin aktual problemləri və prioritetləri müzakirə olunub

AMEA-nın illik ümumi yığıncağında Azərbaycan elminin aktual problemləri və prioritetləri müzakirə olunub

AMEA-nın illik ümumi yığıncağında Azərbaycan elminin aktual problemləri və prioritetləri müzakirə olunub

AMEA-nın illik ümumi yığıncağında Azərbaycan elminin aktual problemləri və prioritetləri müzakirə olunub

AMEA-nın illik ümumi yığıncağında Azərbaycan elminin aktual problemləri və prioritetləri müzakirə olunub

AMEA-nın illik ümumi yığıncağında Azərbaycan elminin aktual problemləri və prioritetləri müzakirə olunub

AMEA-nın illik ümumi yığıncağında Azərbaycan elminin aktual problemləri və prioritetləri müzakirə olunub

AMEA-nın illik ümumi yığıncağında Azərbaycan elminin aktual problemləri və prioritetləri müzakirə olunub

Təhsil-press.az

Oxşar xəbərlər