136 uşağın yoluxduğu rotavirus nədir?

136 uşağın yoluxduğu rotavirus nədir? Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində kütləvi zəhərlənən uşaqlarda rotavirus infeksiyası aşkarlanıb. Son dörd gün ərzində 136 uşağın bu virusa yoluxması valideynlərdə böyük narahatlığa səbəb olub.
Bəs adını mətbuatda elə də çox eşitmədiyimiz bu rotavirus infeksiyası nədir?
Həkim bildirib ki, bu viruslar çirklənmiş suda və çirkli qida məhsullarında yaşayırlar:
"Rotavirus böyüklərin mədə-bağırsaq sistemini zədələyir, ancaq daha çox uşaqlarda yoluxma hallarına rast gəlinir. Hərarət yüksəlir, mədə-bağırsaq sistemini zədələyir, qusma, ishal halları baş verir. Bəzi hallarda bu xəstəlik hamının tanıdığı qrip kimi başlaya bilər. Buna görə də bəzən rotavirusa bağırsaq qripi də deyirlər. Ağır hallarda uşaq orqanizmində susuzlaşma gedir. Bu hal ciddi müalicə tələb edir.
Valideynlər rotavirusdan qorxmasın. Bu, onsuz da hər zaman var. Şəxsi gigiyenik qaydalara davamlı və ciddi əməl eləmək lazımdı. Valideynlər özü müalicə ilə məşğul olmasın. Qusma, ishal hallarında aptekdən dərman alıb uşağa vermək olmaz. Bu xəstəlikdə antibiotiklərdən istifadə olunmur. İstifadə edildikdə vəziyyət daha da ağırlaşacaq. İlkin yardım kimi uşağa duzlu məhlul (Rehidron) vermək olar. Amma xəstəliyin ilkin əlamətləri müşahidə olunan kimi həkiminizə müraciət edilməlidi.
Rotavirus ölüm verə bildiyinə görə, bəzi ölkələrdə uşaqlar məcburi peyvənd olunur. Ancaq bizdə belə bir peyvənd yoxdur.

Təhsil-press.az

Oxşar xəbərlər