Azərbaycan Texnologiya Universitetinin kollektivi dinc sakinləri hədəf alan erməni terrorunu qınayan bəyanat qəbul edib

Azərbaycan Texnologiya Universitetinin kollektivi dinc sakinləri hədəf alan erməni terrorunu qınayan bəyanat qəbul edib Azərbaycan Texnologiya Universitetində (ATU) iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alıxanlı kəndinin mülki əhalisinin atəşə tutması nəticəsində Sahibə Quliyeva və nəvəsi 2 yaşlı Zəhra Quliyevanın həyatını itirməsi, Sərvinaz Quliyevanın yaralanması ilə nəticələnən hadisə ilə əlaqədar toplantı təşkil olunub.
Universitet rəhbərliyi və professor-müəllim heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan ATU-nun rektoru, professor Akif Süleymanov bildirib ki, bu növbəti qanlı cinayət Ermənistandakı hərbi-siyasi rejimin terrorçu mahiyyətini, qeyri-insani və cinayətkar simasını bir daha açıq şəkildə bütün dünyaya nümayiş etdirib. Bu əməllər əslində uzun illərdir regionda təcrid olunmuş, iqtisadi tənəzzül, sosial gərginlik şəraitində yaşayan, siyasi və hərbi sahədə ardıcıl məğlubiyyətlərlə üzləşən Ermənistanın vəziyyəti öz lehinə dəyişmək cəhdidir. Ancaq bu təxribat və terror aktları Ermənistanın cinayətkar rejiminin əsl simasını, faşist mahiyyətini bütün dünya qarşısında ifşa edir. Məhz buna görə də dünya ictimaiyyəti artıq bu təcavüzə düzgün qiymət verməli, beynəlxalq təşkilatlar münaqişənin ədalətli həlli istiqamətində real addımlar atmalıdırlar.
Daha sonra çıxış edən professor-müəllim heyətinin üzvləri də qeyd edib ki, Alıxanlıda baş verənlər ermənilərin xalqımıza qarşı yüz ildir davam edən terror və soyqırımı siyasətinin davamıdır. Ötən əsrin əvvəli və sonlarında Azərbaycanın müxtəlif bölgələrində törədilmiş çoxsaylı terror və soyqırım aktları ermənilərin millət və dövlət olaraq əsl mahiyyətindən heç vaxt əl çəkməyəcəyini bir daha sübut etmişdir. Bu siyasəti günümüzədək davam etdirən üzdəniraq qonşularımızın əməllərinə qiymət verməli olan və problemin həlli ilə məşğul olan beynəlxalq təşkilatlar indiyədək ədalətin bərpa olunması istiqamətində heç bir təsirli addım atmayıblar. Dünya birliyinin qətiyyətsizliyi şəraitində Ermənistan hakimiyyəti beynəlxalq təşkilatların qərar və qətnamələrini icra etməkdən boyun qaçırır, beynəlxalq hüququn öhdəliklərini kobud şəkildə pozaraq dinc azərbaycanlı əhaliyə qarşı cəza tədbirləri həyata keçirir. Artıq dərk etməyin vaxtıdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil və hər an yenidən alovlana, bütün region üçün ciddi fəsadlar törədə bilər. Unutmaq olmaz ki, Azərbaycan dövləti işğal faktı ilə heç vaxt barışmayacaq.
Tədbirin sonunda ATU kollektivi adından 4 iyul hadisələrini qınayan bəyanat qəbul edilib. Bəyanatın mətni aşağıdakı kimidir:
İyulun 4-də Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan hərbi birləşmələrinin təcavüzkar əməllərini davam etdirməklə beynəlxalq hüquq normalarınının tələblərini kobud surətdə pozaraq dinc sakinlərə atəş açması və 18 aylıq Zəhra Quliyevanı qətlə yetirməsi ilə bağlı
Azərbaycan Texnologiya Universitetinin
BƏYANATI

Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin uşaqların hüquqlarına, insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.
Erməni işğalçılarının və cinayətkarların qurbanları 25 il əvvəl Xocalıda olduğu kimi, yenə də qadınlar və uşaqlardır. İyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan və qumbaraatanlardan atəşə tutması nəticəsində dinc sakin Sahibə Quilyeva və onun 18 aylıq qız nəvəsi Zəhra Quliyeva həlak olub.
Bunu edənlər cəzasız qalmamalıdır. 18 aylıq bir uşaq vəhşicəsinə öldürülüb. Bu insanlığa sığmayan əməli bütün dünya görməli və səssiz qalmamalıdır. BMT və digər beynəlxalq təşkilatlar tərəfindən Ermənistan silahlı qüvvələrininin mülki əhalinin öldürülməsi də daxil olmaqla mülki ilə hərbi hədəfləri fərqləndirməyən hücumları müharibə cinayətləri kimi qiymətləndirilməlidir. Bu hücuma və dinc sakinlərin həlak olmasının görə Ermənistan Respublikasının siyasi və hərbi rəhbərliyi bilavasitə məsuliyyət daşıyır.
Azərbaycan Texnologiya Universitetinin kollketivi olaraq bu hadisəni qətiyyətlə pisləyir, dinc insanların, qadın, uşaq, qocaların məhvi kimi bağışlanmaz cinayətlərə heç bir bəraət olmadığını bəyan edirik.

ATU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər