Dünya Gənc Türk Yazarlar Birliyinin bəyanatı

Dünya Gənc Türk Yazarlar Birliyinin bəyanatı
Zəhranın qətli təkcə Azərbaycanın yox, həm də türk-müsəlman aləminin acısıdır

Mülki insanların, xüsusilə də körpələrin qətlə yetirilməsi humanizmə, insan hüquqlarına və demokratik prinsiplərə ziddir. Azərbaycan artıq 20 ildən çoxdur ki, Ermənistanın hərbi təcavüzkarlıq siyasətindən, qanlı terror aktlarından əziyyət çəkir.
Azərbaycanın mülki vətəndaşlarına qarşı törədilən növbəti sonuncu qanlı akt beynəlxalq ictimaiyyətə bir daha Ermənistanın insan hüquqları və s. bu kimi beynəlxalq qanunvericiliyi və konvensiyalara məhəl qoymayıb, onları kobud şəkildə pozduğunu nümayiş etdirdi.
2017-ci il iyulun 4-də axşam saatlarında (20:40) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasındakı qoşunların təmas xəttində Ermənistan hərbi birləşmələri növbəti dəfə atəşkəs rejimini pozaraq, dinc azərbaycanlı əhalinin yaşadığı kəndləri iriçaplı silahlardan atəşə tutub. Erməni tərəfinin təxribatı nəticəsində kənd sakinləri - ikiyaşlı Quliyeva Zəhra Elnur qızı (2015) və 50 yaşlı Quliyeva Sahibə İdris qızı (1966) qətlə yetiriliblər, Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.
Beynəlxalq ictimaiyyət Ermənistanın hərbi təxribatı nəticəsində iki yaşlı Zəhra Quliyevanın qətlinə şahid olub. Bu cür qanlı aktlar Qafqaz regionunda stabillik və sülh qurucluğu prosesinə təhdiddir. Azərbaycanın ATƏT-in Minsk qrupu çərçivəsində sülh danışıqları yolu ilə həllində əlindən gələni etməsinə baxmayaraq, təəssüf ki, Ermənistan beynəlxalq hüququn tələblərini pozaraq, qanlı vandalizm aktlarını davam etdirir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də Cənubi Qafqaz bölgəsində stabilliyə təhdid olaraq qalmaqdadır. İyirmi ildən çoxdur ki, Azərbaycanın 20 % ərazisi Ermənistanın işğalı altındadır. Bir milyondan çox məcburi köçkün hələ də doğma yurdlarına qayıda bilmir, onların hüquqları Ermənistan tərəfindən pozulmaqda davam edir. 1994-cü ildə atəşkəs razılığının əldə edilməsinə baxmayaraq, Ermənistan mütəmadi olaraq, Azərbaycan kəndlərinə, yaşayış məntəqələrinə və mülki insanlara atəş açaraq atəşkəsi pozur.
Beynəlxalq ictimaiyyət, xüsusilə də BMT Azərbaycanın ərazi bütövlüyünü tanıyır ki, oraya Ermənistan tərəfindən işğal edilmiş ərazilər də daxildir. Ermənistan beynəlxalq hüquqa, eləcə də münaqişənin həlli ilə bağlı qəbul edilmiş qətnamə və sənədlərə hörmət etmir və BMT-nin münaqişənin həlli ilə bağlı və erməni hərbi birləşmələrinin işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən 4 qətnaməsini (№ 822,853,874 və 884) yerinə yetirməkdən imtina edir.
Günahsız mülki insanların qətli, xüsusilə də Zəhranın qətli təkcə Azərbaycan xalqının acısı deyil. Bu, həm də Türk-müsəlman aləminin insanlıq faciəsidir. Nəhayət Zəhranın qətli insanlığın faciəsidir. Yüzlərlə ailə Qarabağ müharibəsində Ermənistanın hərbi təcavüzü nəticəsində yaxınlarını, uşaqlarını itiriblər. Atəşkəs rejiminin olmasına baxmayaraq, Ermənistan yenə də qanlı cinayətlərini davam etdirir. Erməni cinayətləri bununla bitmir.
İki azərbaycanlı mülki vətəndaşın Dilqəm Əsgərov və Şahbaz Quliyev işğal edilmiş Azərbaycan torpaqlarında—doğulub böyüdükləri torpaqda erməni girovluğunda saxlanılırlar. Onlar üç nəfər doğulub boya-başa çatdıqları kəndi ziyarət etmək yaxınlarının məzarlarını ziyarət etmək istəyirdilər. İyulun 11-i 2014-cü ildə bir mülki vətəndaş Həsən Həsənov vəhşicəsinə öldürülmüş, digər iki mülki vətəndaş isə girov götürülmüşdür. Ermənistan onları geri qaytarmaqdan imtina etməklə, beynəlxalq insan hüquqları bəyannaməsini və beynəlxalq hüququ pozmaqda davam edir. Biz bütün beynəlxalq ictimaiyyəti ədaləti dəstəkləməyə və Ermənistandan bu girovların azad edilməsini tələb etməyə çağırırıq.
Onların da öz ailəsi və övladları ilə görüşməyə haqqı var.
Biz, Dünya Gənc Türk Yazarlar Birliyi olaraq, beynəlxalq və siyasi təşkilatları, insan hüquqları institutlarını, vətəndaş cəmiyyətinin əsası olan QHT-ləri bu cinayət aktına göz yummamağa, Ermənistanın vəhşi təxribatını qınamağa və bu cür qanlı olayları tənqid edən bəyannamə və ya qətnamə qəbul etməyə çağırırıq. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ikili standartlara son qoyulmasını, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə görə cəzalandırılmasını istəyirik. Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalması Cənubi Qafqaz regionunun stabilliyi və təhlükəsizliyi baxımından və eləcə də dünya üçün əsas təhlükədir. Biz beynəlxalq ictimaiyyəti bəşəriyyətə qarşı yönəlmiş erməni vandalizminə son qoymağa və işğal edilmiş torpaqlarda Azərbaycanın suverenliyinin bərpa olunmasına dəstək olmağa çağırırıq.
Çünki biz də regionda sülh və təhlükəsizlik şəraitində yaşamaq istəyirik.

Dünya Gənc Türk Yazarlar Birliyi


Dünya Gənc Türk Yazarlar Birliyinin bəyanatı

Oxşar xəbərlər