Azərbaycanlılar Ermənistanın Almaniyadakı Səfirliyi önündə etiraz aksiyası keçirib

Azərbaycanlılar Ermənistanın Almaniyadakı Səfirliyi önündə etiraz aksiyası keçirib Ermənistanın Almaniya Federativ Respublikasındakı Səfirliyi önündə azərbaycanlıların etiraz aksiyası keçirilib.
Dünya Azərbaycanlılar Assambleyası və Alman-Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə keçirilən Aksiyada iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndi əhalisinin və mülki obyektlərinin atəşə tutulması nəticəsində Sahibə Allahverdiyeva və nəvəsi 2 yaşlı Zəhranın həlak olması insanlığa qarşı cinayət kimi qiymətləndirilib. Soydaşlarımız bu hadisəni Ermənistan dövlətinin təcavüzkar və terrorçu mahiyyətini əks etdirdiyini vurğulayıblar.
Aksiyada Ermənistanın işğalçılıq və soyqırımı siyasətinə etiraz ifadə edən şüarlar səsləndirilib, 4 iyul təxribatı zamanı həlak olmuş 2 yaşlı Zəhra Quliyevanın fotoşəkillərindən ibarət plakatlar nümayiş etdirilib. Çıxış edənlər xarici ölkələrdə, o cümlədən Almaniyada yaşayan azərbaycanlıların baş vermiş hadisədən sarsıldığını, dünya birliyindən bu faciəyə ədalətli qiymət verilməsini gözlədiklərini bildiriblər. Qeyd olunub ki, dinc sakinlərin həlak olması faktlarının təkrarlanması bir daha göstərir ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə mövcudluğu regionda sülhün təmin olunmasına, münaqişənin danışıqlar masası arxasında həll edilməsinə maneə yaradan başlıca amildir.
Soydaşlarımız Azərbaycan dövlətinin ölkənin ərazi bütövlüyünün bərpası yönündə bütün addımlarını dəstəklədiklərini ifadə ediblər. Bildirilib ki, bu hüznlü hadisə bütün dünya azərbaycanlılarının kədər və hiddətinə səbəb olmuşdur.
Daha sonra işğalçı ordunun bugünə qədər dəfələrcə uşaq ölümlərinə səbəbkar olması və yüzlərcə uşağı qətl etməsinə etiraz olaraq səfirliyin giriş qapısına gəlincik buraxılmışdır. Bu addımın simvolik mənası həm də ondan ibarətdir ki, bugün Ermənistan cinayətkar hakimiyyəti oyuncaqları ilə oynamalı olan körpələri qətl edir.
Piketin sonunda iştirakçılar adından Ermənistan hakimiyyətinə etiraz bəyanatı səfirliyin poçt qutusuna atılıb.

Təhsil-press.az

Oxşar xəbərlər