ADPU 11-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

ADPU 11-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir Oktyabrın 6-da Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə 11-ci Azərbaycan Beynəlxalq Təhsil (“Education 2017”) Sərgisinin açılış mərasimi keçirilib. Qeyd edək ki, “İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil edilən sərgidə son illər Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunur. Təhsil Nazirliyinin stendləri bu il daha geniş sahəni əhatə edir. Sərgi iştirakçılarına “SABAH qrupları”, “Azərbaycan üçün öyrət”, “Bir” Tələbə-Könüllü Proqramı”, “Maarifçi” Tələbə Kredit Fondu, “Sağlam təhsil-sağlam millət”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Təhsildə informasiya və kommunikasiya texnologiyaları”, “Məktəbəhazırlıq”, “Kitabxana”, “Təhsil” Respublika İdman Mərkəzi, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi” və “Uşaq-Gənclər İnkişaf Mərkəzi” stendləri təqdim edilib.
Sərginin baş sponsoru Respublika fənn olimpiadalarının təşkilinə və “Azərbaycan üçün öyrət” proqramının həyata keçirilməsinə dəstək göstərən Kapital Bankdır. Sərgi həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən də dəstəklənir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” (“CEO”) şirkətidir.
Təhsil naziri Mikayıl Cabbarov sərginin açılış mərasimində çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” nazirliyin çoxşaxəli fəaliyyət istiqamətlərini müəyyən edən əsas sənəddir. Ölkə rəhbərliyi insan kapitalının inkişafına xüsusi diqqət yetirir. Son 13 ildə ölkəmizdə 3mindən çox orta məktəb inşa edilib. Müəllimlərin əmək haqlarının artırılması və bütövlükdə müəllim peşəsinin ictimai nüfuzunun yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Davos Ümumdünya İqtisadi Forumunun “Rəqabət Qabiliyyətlik Hesabat”ında Azərbaycan iki pillə irəliləyərək 35-ci yerə yüksəlib. Bu, düşünülmüş və uğurla həyata keçirilən siyasətin nəticəsidir. Nazir çıxışının sonunda sərginin təşkilatçısı olan Caspian Event Organisers şirkətinin rəhbərliyinə təşəkkür edib. Caspian Event Organisers şirkətinin direktoru Edvarol Stroon çıxış edərək sərginin keçirilməsini ölkəmizin elmi-mədəni həyatında mühüm hadisə kimi qiymətləndirib və iştirakçılara uğurlar arzulayıb.
Bu il sərgi geniş işgüzar proqramı ilə fərqlənəcək, həmçinin sərgi çərçivəsində “Mənim gələcək peşəm və ona gedən yol” adlı seminar təşkil ediləcək. Sərgi çərçivəsində Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya və digər ölkələr universitet, kollec, ümumi təhsil müəssisələri və təhsil mərkəzlərini təqdim edəcəklər. Ümumilikdə, sərgi çərçivəsində ziyarətçilərə bakalavriatura, magistratura, o cümlədən xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim ediləcək. Ziyarətçilər bilavasitə sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab almaq imkanı əldə edəcəklər. Həmçinin sərgidə fəaliyyət göstərəcək lektoriyada mühazirələr oxunacaq, startapçılar çıxış edəcək və təqdimatlar nümayiş olunacaq. Səhnədə isə respublika və beynəlxalq yarışların qalibləri, müsabiqə laureatları öz bacarıqlarını təqdim edəcək və milli rəqslər ifa olunacaq. Sərgidə ölkəmizin digər ali təhsil müəssisələri ilə yanaşı, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) də iştirak edir. ADPU-nun bu sərgidə iştirak etməsi üçün universitetin rektoru, professor Cəfər Cəfərov müvafiq əmr imzalayıb. Həmin əmrə əsasən yaradılan Təşkilat Komitəsi sərgiyə hazırlıqla bağlı bütün təşkilati-texniki və təchizati məsələləri həyata keçirib. ADPU-nun sərgidə nümayiş etdirdiyi stenddə universitetin strukturu, tədris və elmi fəaliyyəti, professor-müəllim heyətinin çap edilən kitabları, bukletləri, müəllim və tələbələrin əl işləri yer alıb. ADPU-nun stendi ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Sərgi oktyabrın 8-də başa çatacaq.

ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi


ADPU 11-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

ADPU 11-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

ADPU 11-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

ADPU 11-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

Oxşar xəbərlər