Əcnəbilər BSU auditoriyalarında

Əcnəbilər BSU auditoriyalarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda təhsilimizin uğurları və qarşıda duran vəzifələr barədə fikirlərini yekunlaşdıraraq bildirmişdi: “Ölkəmizdə təhsilin keyfiyyətinin artırılması üçün ardıcıl islahatlar aparılır. Hesab edirəm ki, biz yaxın gələcəkdə bu islahatların gözəl nəticələrini görəcəyik. Azərbaycan dövləti təhsilin inkişaf etmiş dünyanın təhsilinə inteqrasiyası üçün əlindən gələni edir. Gənclər dövlət vəsaiti hesabına dünyanın aparıcı ali məktəblərinə oxumağa göndərilir, dünyanın nüfuzlu ali məktəblərindən tanınmış alim və professorlar Azərbaycanın ali məktəblərinə mühazirələr oxumağa gəlirlər. Biz bu inteqrasiya prosesini gələcəkdə də davam etdirməliyik”.
Dövlət başçısının göstərişlərini rəhbər tutan Bakı Slavyan Universiteti dünyanın onlarla nüfuzlu ali məktəbləri ilə sıx əlaqələr qurmuş, həmin ali məktəblərlə təhsilin demək olar ki, bütün sahələrində əməkdaşlıq etməkdədir. Bu gün Şərqi Avropanın əksər ölkələrində və keçmiş MDB məkanında Azərbaycan dilinin, mədəniyyətinin, elminin, təhsilinin, iqtisadi yüksəlişinin təbliği sahəsində BSU əvəzsiz xidmətlər göstərməkdədir. Dilimizin xarici ölkələrin ali məktəblərində BSU tərəfindən yaradılmış dil kurslarında və tədris-mədəniyyət mərkəzlərində əcnəbi tələbələrə öyrədilməsi də ənənəvi hal almışdır. Həmin mərkəzlərdə eyni zamanda Azərbaycanın nümunə olaraq dünyaya təqdim etdiyi iqtisadi və siyasi modellər, respublikamızın sürətli inkişafının və regionda aparıcı dövlət olmasının səbəbləri, perspektivləri araşdırılır, gənc alimlərin tədqiqat obyektinə çevrilir.
Beynəlxalq əlaqələrini ildən-ilə genişləndirən universitet sözün həqiqi mənasında bu gün ölkəmizin dünyaya inteqrasiyasında önəmli bir körpü rolunu oynayır. Universitetdə müxtəlif ölkələrin mədəniyyətini, dilini, tarixini, etnoqrafiyasını, ədəbiyyatını və s. öyrənən on bir mərkəz fəaliyyət göstərir ki, həmin mərkəzlərdə müvafiq olaraq dövlət başçıları, səfirlər, tanınmış ictimai və siyasi xadimlər azərbaycanlı tələbə gənclərlə görüş keçirmiş, onlara öz tövsiyələrini vermiş, xatirə kitablarına ürək sözlərini yazmışlar. Bu mənada BSU bir diplomatik korpus rolunu oynayır desək, səhv etmərik.
Universitetin gələcək planlarında məzunların xarici şirkətlərdə işlə təmin edilməsi layihəsi də vardır. Bununla bağlı bir sıra ölkələrin səfirlikləri ilə danışıqlar aparılır, müqavilələr imzalanmasına hazırlıq görülür.
BSU-nun uğurlarından biri də hər il tələbə-müəllim mübadiləsini həyata keçirməsi, azərbaycanlı gənclərin xaricdə təhsilinə, xarici ölkə tələbələrinin BSU-da təhsillərini davam etdirmələrinə şərait yaradılmasıdır.
Bununla yanaşı, universitet müxtəlif beynəlxalq layihələr hesabına nüfuzlu əcnəbi alim və professorları BSU-ya dəvət edir, onların tələbələrimiz qarşısında mühazirələrini təşkil edir. Hazırda üç əcnəbi müəllimin universitet tələbələri qarşısında mühazirələr oxumağa dəvət olunması da bu tədbirlər sırasındadır. Məşhur Nikolay Kopernik adına Universitetin doktoranturaya qəbul şöbəsinin müdiri professor Donuta Pleçka, Adam Marşalek adına Mətbuat Evinin prezidenti, professor Yoanna Marşalek və Almaniyanın Osvald fon Volkenştayn Cəmiyyətinin Prezidenti, Vürsburq Universitetinin professoru Ziqlinde Hartman hazırda Bakı Slavyan Universitetində dil, ədəbiyyat, mədəniyyət, tarix, etnoqrafiya və s. fənlər üzrə mühazirələr oxuyurlar. Bəri başdan onu qeyd edək ki, tələbələr bu mühazirələrə xüsusi həvəslə gəlir, maraqlandıqları mövzu ətrafında müəllimlərlə diskusissiyaya girməyə çalışırlar. Müəllimlər artıq Polşa və Almaniyanın coğrafiyası, iqtisadiyyatı, siyasəti, mədəniyyəti , dili, ədəbiyyatı və s.barədə bir neçə mühazirə oxuyublar. Ziqlinde xanım bizimlə söhbətdə BSU-nun Almaniya universitetləri ilə məhsuldar və davamlı əməkdaşlığı sayəsində bu universitetin diplomlarının ölkəsində tanındığını, tələbə və magistrantların transferi zamanı problem yaranmadığını bildirir.
Yoanna Marşalek Polşanın “Adam Marşalek” adına məşhur Nəşriyyat Holdinqinin prezidenti Adam Marşalekin qızıdır. Qeyd edək ki, A. Marşalekin rəhbərliyi altında hazırda Polşada nəşriyyat evi, qəzet və iki elmi jurnal nəşr olunur. Polşa ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi ilə adıçəkilən holdinqlə BSU arasındakı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən Marşalek və Mikolay Kopernik adına Universitetin keçmiş rektoru professor Andjey Rasminskinin təşəbbüsü ilə hər il BSU-nun beş tələbəsi Polşada pulsuz magistr təhsili ala bilər. Təhsil dövründə tələbələr pulsuz yataqxana ilə də təmin edilirlər. Onu da bildirək ki, ötən tədris ilində Bakı Slavyan Universitetində olan A.Marşalek ölkəsinə qayıtdıqdan sonra Azərbaycan barəsində geniş və əhatəli məqalələrlə çıxış edib.
Professor Yoanna Marşalek Polşa Siyasi Sistem üzrə Departamentinin müdiri, Polyak siyasi elmlər üzrə illik kitabın baş redaktoru, Şərq tədqiqatlarının direktorudur. O, bizimlə söhbətdə Bakının gözəl və inkişaf etmiş bir şəhər olduğunu xüsusi vurğuladı. Atasının Azərbaycanla bağlılığının təsadüfi olmadığını bildirən xanım-professor qayıtdıqdan sonra öz təəssüratlarını Polşa cəmiyyəti ilə bölüşdürəcəyini bildirir: “Hazırda çalışdığım Bakı Slavyan Universiteti Avropanın ən yaxşı ali təhsil ocaqları ilə müqayisə oluna bilər. Universitetin yüksək səviyyəli maddi-texniki bazası var, auditoriyalar lazımi avadanlıqlarla təchiz edilib, elektron resurslardan istifadə etmək mümkündür. Dərhal hiss olunur ki, sizin dövlət təhsili qayğı ilə əhatə edib. Tələbələriniz də çalışqandırlar, Polşadakı həyat, yaşayış tərzi, Polşanın tarixi onları çox maraqlandırır”. Xanım-professor onlara yaradılan şəraitə görə BSU-nun rəhbərliyinə, ilk növbədə isə rektor Nurlana Əliyevaya minnətdarlığını bildirir: “Qayğımıza qalırlar, normal iş və yaşayış şəraiti yaradılıb. Rektor özü bizimlə maraqlanır, hər gün problemimiz olub-olmadığını soruşur”.
Yoanna Marşalek azərbaycanlı tələbələrlə polyak dilində danışır. Onların hazırlığı əcnəbi professoru razı salır. Həmin universitetdən gələn digər müəllim Donuta Pleçka da Bakıya, Azərbaycana sözün həqiqi mənasında vurulduğunu deyir. Bakını dünyanın ən müasir şəhərlərindən hesab edən xanım-professor xalqımızın tolerantlıq və multikultural dəyərlərlə tanındığını, dünyaya bir model kimi çıxdığını bildirir. O, Avropanın özündə dini, irqi, etnik və mədəni problemlərin yaşandığı halda, Azərbaycanda belə bir halla qarşılaşmadığını bildirir. O, mühazirə oxuduğu tələbələrdən bir çoxunun etnik-mədəni kimliyi ilə maraqlandığını qeyd edir: “Onların arasında çoxlu azlıqların nümayəndəsi var, amma görürəm ki, etnik-mədəni fərqlər tələbələr arasında, onların münasibətlərində heç bir problem yaratmır. Bu, həqiqətən dünya üçün çox yaxşı örnək sayılar biləcək bir haldır”.

İbrahim Quliyev
BSU-nun Mətbuat Xidmətinin rəhbəri


Əcnəbilər BSU auditoriyalarında

Oxşar xəbərlər