UNEC-də “Respublika İnnovasiya Müsabiqəsi”nin təqdimatı

UNEC-də “Respublika İnnovasiya Müsabiqəsi”nin təqdimatı UNEC-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ilə BMT-nin Azərbaycan nümayəndəliyinin birgə keçirdiyi “Respublika İnnovasiya Müsabiqəsi”nin təqdimatı olub.
UNEC-in Elm və İnnovasiyalar Mərkəzinin direktoru, professor Sakit Yaqubov Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Sammitində 2016-2030-cu illər üçün təsdiqlənən 17 dayanıqlı inkişaf məqsədi və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulduğunu diqqətə çatdırıb. Bildirib ki, qarşıya qoyulan məqsəd dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə etməklə, Minilliyin İnkişaf Məqsədlərinə əsaslanır və növbəti inkişaf istiqamətlərini müəyyənləşdirir. S.Yaqubov bu istiqamətdə UNEC-də həyata keçirilən kompleks tədbirlərdən danışaraq, görülən işlərin iqtisad elminin və təhsilin inkişafına, beynəlxalq aləmdə ölkəmizi layiqli təmsil edə biləcək elmi mərkəzin yaradılmasına istiqamətləndiyini qeyd edib.
İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov BMT-nin 2030-cu ilədək Dayanıqlı inkişaf üzrə gündəliyinin məqsədlərini təşviq etmək, eyni zamanda “Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf konsepsiyası”nın və “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin icrasına dəstək olmaq üçün innovasiya müsabiqəsinin elan olunduğunu bildirib. H.Hüseynov müsabiqənin tələbə və təqdiqatçılar üçün təşkil edildiyini bildirərək, ilk görüşün UNEC-də keçirilməsinin təsadüfi olmadığını diqqətə çatdırıb. O, ölkənin iqtisadi elmi potensialının əsasən UNEC-də cəmləndiyini və bu ali təhsil ocağının Azərbaycan iqtisadiyyatının formalaşmasında çox böyük rola malik olduğunu vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron xidmətlərin inkişafı və sosial innovasiyalar şöbəsinin müdiri Ceyhun Salmanov dünyada baş verən müasir inkişaf meyilləri, iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyinin və ixrac potensialının artırılması, ətraf mühitin mühafizəsinin gücləndirilməsi baxımından innovasiyaların mühüm əhəmiyyətini vurğulayıb. Dayanıqlı inkişafın təmin olunması məqsədilə qəbul edilən strateji sənədlərin mühüm hədəflərindən birinin də məhz innovasiyaların təşviqi olduğunu diqqətə çatdırıb.
Tədbirdə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibliyinin sosial-iqtisadi məsələləri üzrə eksperti Elnur İbrahimov Respublika İnnovasiya Müsabiqəsinin məqsədi və əhəmiyyəti barədə təqdimatla çıxış edib. O, müsabiqənin iqtisadi, sosial, ekoloji sahələr üzrə aparıldığı qeyd edərək, qəbul şərtləri və tələblər barədə UNEC tələbələrinə ətraflı məlumat verib.

UNEC-in Mətbuat Xidməti


UNEC-də “Respublika İnnovasiya Müsabiqəsi”nin təqdimatıUNEC-də “Respublika İnnovasiya Müsabiqəsi”nin təqdimatıUNEC-də “Respublika İnnovasiya Müsabiqəsi”nin təqdimatı

Oxşar xəbərlər