İcra başçısı məktəbliləri yola saldı

İcra başçısı məktəbliləri yola saldı Xətai rayon İcra Hakimiyyətində “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Gəncə-Şəmkir-Göygöl rayonlarına səfər edəcək məktəblilər, onların valideynləri və müəllimləri ilə görüş keçirilib.
Məktəblilərlə görüşdə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Milli Məclisin deputatı, YAP Xətai rayon Təşkilatının sədri Hüseynbala Mirələmov, rayon Polis İdarəsinin rəisi Muradəli Babayev, Dövlət Təhlükəsizlik Xidməti Xətai rayon Şöbəsinin rəisi İlham Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinin rəisi Mehman Qurbanov, Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyova iştirak ediblər.
İcra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov tur aksiyada iştirak edəcək qrupun rəhbəri kimi səfər hazırlıqları ilə bağlı məlumat verib. Qeyd olunub ki, bu dərs ilinin ilk tətilini rayonun bütün məktəblərini təmsil edən, əla və yaxşı qiymətlərlə oxuyan 9-11-ci sinif şagirdlərindən 40 nəfəri Gəncə-Şəmkir və Göygöl rayonlarında keçirəcəklər. Proqram kifayət qədər zəngindir.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov isə çıxışında uşaqlara, valideynlərə və müəllimlərə tövsiyyələrini bildirərək qeyd etdi ki, Prezident İlham Əliyevin bu təşəbbüsünün millətimizin, xalqımızın gələcəyi olan bu məktəblilərin Vətənə məhəbbətinin güclənməsinə son dərəcə böyük təsiri olub. Dünənə qədər, Gəncəni, Qubanı, Şəkini, Lənkəranı görməyi xəyalına belə gətirməyən bir çox şagirdlərimizin indi bu bölgələrin hər birində öz dostları var. Bu dostları da onlar məhz bu tur-aksiyalarda qazanıblar.
Razim Məmmədov bildirib ki, bu tur-aksiyalardan sonra orta məktəbdə təhsil alan uşaqlar arasında çox sağlam bir rəqabət mühiti yaranıb. Hamı yaxşı, əla qiymətlərlə oxuyub bu tur-aksiyanın iştirakçısı olmağa səy göstərir. Bununla da tur-aksiyaların təhsilimizin keyfiyyətinin yüksəlməsinə, uşaqların təhsilə maraqlarının artmasına böyük təsiri olub. Uşaqların hər biri yaxşı bilir ki, bu tur-aksiyalar zamanı regionlar arasında müxtəlif intellektual yarışlar keçirilir və onlar bu yarışlarda təmsil etdikləri rayonun adını doğrultmalıdırlar.
İcra başçısı çıxışında respublikada həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasından və bu strategiyanın ölkəyə gətirdiyi dividentlərdən danışaraq bildirib ki, Azərbaycan Ermənistanla müharibə şəraitində olmasına, yüz minlərlə insanın 25 ildən artıq yurd-yuvasından qaçqın düşməsinə baxmayaraq, ölkəmiz sürətlə inkişaf etməkdədir. Prezident İlham Əliyevin tərəqqiyə, sosial rifaha hesablanmış layihələri həyata vəsiqə aldıqca ölkənin regiondakı lider mövqeyi, beynəlxalq aləmdə nüfuzu gündən-günə yüksəlir. Bu günlərdə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə müqayisə ediləcək çox nəhəng bir layihənin – Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı oldu. Bu layihə Avropanı Uzaq Asiya ilə birləşdirəcək Böyük İpək yolunun mühüm tranzit dəhlizi kimi rəsmən təsdiqini tapdı.Ölkəmizdə 2 milyard ton neftin çıxarılması təntənə ilə qeyd edildi.
Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov da uşaqlara tövsiyyələrini bildirərək qeyd edib ki, dövlət başçısı İlham Əliyev və ölkənin birinci vtse-prezidenti Mehriban xanım Əliyeva bu gün sizə yüksək təhsil almaq üçün gözəl şərait yaradıb.
Toplantıda iştirak edən müəllimlər, səfərə hazırlaşan məktəblilərin valideynləri gənclərin istirahətinin səmərəli və faydalı təşkil etdiklərinə görə ilk nöbədə dövlət başçısına, rayon icra hakimiyyətinə və digər təşkilatçılara təşəkkürlərini bildiriblər.
Görüş başa çatdıqdan sonra rayon icra hakimiyyəti adından tur-aksiyaya yollanan şagirdlərə xatirə hədiyyələri təqdim edilib.
Bu gün səhər məktəbliləri yola salmaq üçün Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, rayon Polis İdarəsinin rəisi polis polkovniki Muradəli Babayev, icra hakimiyyəti aparatının məsul şəxsləri və orta məktəblərin direktorları ümummilli lider Heydər Əliyevin adını daşıyan parka toplaşıblar.
Əyinlərində Azərbaycan bayrağındakı rənglərə uyğun gödəkçələr geyinmiş 40 məktəbli gənc H. Əliyevin abidəsi önündə bayraq görkəmi alıblar.
Konsert proqramından sonra icra başçısı Razim Məmmədov, millət vəkili Hüseynbala Mirələmov uşaqlara yaxşı yol arzulayıb tövsiyyə və məsləhətlərini veriblər.
Sonra səfərə çıxan gənclər onlar üçün ayrılmış avtobusla Dövlət yol polisinin müşayiəti ilə qədim Gəncəyə yola düşüblər.

Hikmət Əliyev


Oxşar xəbərlər