Tələbələrə “Azərbaycan dili haqqında sərəncamlar: qarşıda duran vəzifələr” mövzusunda mühazirə oxunub

Tələbələrə “Azərbaycan dili haqqında sərəncamlar: qarşıda duran vəzifələr” mövzusunda mühazirə oxunub Azərbaycan Dillər Universitetinin (ADU) azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası və Azərbaycan dilçiliyi kafedrasının birgə təşkilatçılığı ilə “Auditoriya+” layihəsi çərçivəsində növbəti mühazirə keçirilib.
Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev azərbaycançılıq ideyası və onun tərkib hissələrindən söz açıb. O bildirib ki, qədim tarixi və dövlətçilik ənənələri ilə dünya xalqları içərisində özünəməxsus yer tutan xalqımızın 1828-ci ildən sonra başının üstünü qara buludlar alıb. Həmin tarixdən 1969-cu ilədək azərbaycançılıq ideyası ilə çıxış edənlər təqiblərə məruz qalıblar. Ümummilli lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında işə başlaması ilə vəziyyətin dəyişdiyini deyən A.Babayev Ulu Öndərin ana dilimizin inkişafında xidmətlərindən danışıb.
Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının elmi işçisi Elçin İbrahimov ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar Elm Xadimi Kamal Abdullanın ideyası əsasında təşkil edilən birgə mühazirələrin mahiyyəti barədə geniş məlumat verib. O, “Azərbaycan dili haqqında sərəncamlar: qarşıda duran vəzifələr” mövzusunda mühazirəsində fikirlərini iştirakçılarla bölüşüb. E.İbrahimov müxtəlif dövrlərdə Azərbaycan dili ilə bağlı qəbul edilən qanunlardan, onların mahiyyətindən və dilimizin inkişafına verdiyi töhfələrdən, eyni zamanda, 1926-cı il fevralın 26-dan martın 6-dək Bakı şəhərində keçirilmiş I Türkoloji Qurultayın əhəmiyyətindən söz açıb.
Mühazirədə tələbələrin sualları cavablandırılıb.

ADU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər