Vüqar MƏMMƏDOV,
Bakı şəhərindəki 165 nömrəli tam orta məktəbin direktoru
Bakı şəhərindəki 165 nömrəli tam orta məktəbin direktoru
Məktəb sözünün əsasında keçmişimiz, bu günümüz və gələcəyimiz dayanır. Ona görə də hər bir ümumi təhsil müəssisəsini inkişaf etdirmək, uğurlu nəticələr əldə etmək bizim üçün ən vacib məsələ olmalıdır. Hələ kiçik yaşlarımda məktəbdə gedən tədris prosesini diqqətlə izləyir, müəllimlərimi özümə nümunə hesab edirdim. Ürəyimdə bir hiss var idi: məni gələcəkdə müqəddəs bir ocaq olan məktəbə nələrsə bağlayacaqdı. Ən böyük arzularımdan biri özünəməxsusluğu ilə seçilən bir məktəb modeli yaratmaq idi. Amma başa düşürdüm ki, bu, çox çətin və mürəkkəb proses olacaq. Bütün bunlara baxmayaraq, arzularımın dalınca getdim. Yorulmadan, usanmadan çalışaraq, həyatımı məktəbə, təhsilə bağladım və nə yaxşı ki, müəllim oldum.
Məktəbin inkişafında ilk addım
Məktəb mürəkkəb, maraqlı və dərin mənalı bir sistemdir. Bunu 2007-ci ildən başlayaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 101 nömrəli tam orta məktəbdə direktor müavini vəzifəsində çalışdığım 7 il ərzində tam anladım. Anladım ki, hər bir müəllim, xüsusilə də məktəb rəhbərliyində təmsil olunan şəxs daim üzərində işləməli, mütaliə etməli, dünya və Azərbaycan təhsil praktikasını əyani sınaqdan keçirməli, bu sahəyə yeniliklər gətirməlidir. Həmçinin, tədris prosesində şagirdlərin müasir dövrün tələblərinə uyğun təhsil alması üçün şərait yaratmalıdır. Yalnız bunun nəticəsində məktəbi inkişaf etdirmək, uğurlu müəllim və şagird yetişdirmək olar.
Məktəb direktorları üçün elan olunan müsabiqədən keçdikdən sonra, 2014-cü ildən etibarən bu istiqamətdə qurduğum işi BŞTİ-nin tabeliyindəki 117 nömrəli tam orta məktəbdə davam etdirdim. Burada müəllim və şagirdlərin əksəriyyətinin inkişafa meyilli olması, valideynlərin bu işə dəstək verməsi ideya və planlarımı həyata keçirməyə şərait yaratdı.
Birgə iş və uğur
Əlbəttə, hər bir məktəbi inkişaf etdirmək, birinci növbədə, pedaqoji kollektivdən asılıdır. Onların inkişafa meyilli və özünə inamlı olması əsas faktorlardan biridir. Məktəbdə müxtəlif layihələrin reallaşdırılması isə əsl komanda işinin formalaşmasına təkan verir. Bu işin təşkili məktəb rəhbərliyindən əhəmiyyətli dərəcədə asılıdır. Direktorla birlikdə müavinlərin məktəbdə işin düzgün təşkilinə istəklə yanaşması uğurun 50 faizidir. Hər zaman belə düşünmüşəm ki, inkişaf məcburi ola bilməz. Bu proses, islahatların mahiyyəti şüuraltı qəbul edildikdən sonra mümkün olur.
Bu baxımdan əvvəl çalışdığım məktəbdə ciddi problemlər yaranmadı. Məktəbdə qısa zamanda yeni mühit formalaşdıra bildik. Əsas hədəflərimizdən biri pedaqoji kadrların öz üzərində işləməsi üçün lazımi şəraitin yaradılması idi. Hər bir müəllim müasir təlim metodlarına yiyələnməli, İKT bacarıqlarını artırmalı və bunları tədrisə tətbiq etməyi bacarmalı idi. Şagirdlərin savadlanması ilə yanaşı, onların bilik və bacarıqlarının artırılmasında, istedadlı məktəblilərin aşkara çıxarılmasında, dünyagörüşünün formalaşmasında müəllimlərin xidmətlərinin artırılması qarşıya qoyulmuş əsas vəzifələrdən biri idi. Bu, çox mürəkkəb və davamlı bir prosesin başlanğıcı idi. Qarşıda ciddi layihələr var idi. Bu layihələri orta səviyyəli tədris göstəriciləri olan şagirdlərlə həyata keçirmək isə çətin idi. Ona görə də uyğun layihələr hazırladıq. Həmin layihələri müzakirə edərək nöqsan və çatışmazlıqları aradan qaldırdıqdan sonra tətbiq etdik. Bu layihələr müəllim və şagirdlər arasında sağlam rəqabətin yaranmasına təkan verirdi. Hər kəs daim üzərində çalışırdı ki, yeniliklərdən geri qalmasın. Bu prosesin nəticəsi isə müsbət oldu. Məktəbimizin şagirdləri qısa zamanda rayon, şəhər və respublika səviyyəli yarışlarda biliklərini yüksək səviyyədə nümayiş etdirdilər.
Məktəbimizdə elm və idman dərnəkləri, “Debat klubu” yaradıldı. Bununla da şagirdlərə istedadlarını uyğun sahədə sınamaq imkanı verildi. Ən uğurlu layihəmizdən biri “Proqress” adlı kinoklubun yaradılması oldu. Bütün fənlərin açarını əyani şəkildə kinoklubda tapmağa çalışırdıq. Bədii, həmçinin, texniki və humanitar fənlərə aid filmlər, teletamaşalar şagirdlərin xüsusi marağına səbəb olurdu. Əsas hədəfimiz Vətənini, dövlətini, millətini, torpağını sevən gənc nəslin yetişməsi idi. Biz bu işləri gördük və qısa müddətdə arzuladığımız məktəbi yaratmağa müvəffəq olduq.
Davamlı islahatlar, yeni nailiyyətlər
Sevindirici haldır ki, fəaliyyətimizin bu dönəmində inkişafa ehtiyacı olan digər məktəblərdə uğur göstəricilərini yüksəltmək üçün Təhsil Nazirliyi tərəfindən rotasiya aparılması zərurəti yarandı. Mən də ideya və layihələrimi belə məktəblərdə tətbiq etmək imkanı əldə etdim.
2017-ci ilin yanvar ayında bu ideya və layihələr məni BŞTİ-nin tabeliyindəki 165 nömrəli tam orta məktəbə gətirdi. Bu məktəb müəyyən problemləri olan, yenilikləri bir addım geridən izləyən təhsil ocağı idi. Məktəbdə təşəbbüskarlıq o qədər də hiss olunmur, kollektiv yeniliklərə həvəsli görünmürdü. Sadəcə, məktəb həyatına yeni nəfəs vermək lazım idi. Bu, çox çətin iş idi. Amma bu işdə mənə güvənən rəhbərliyin etimadını doğrultmağa və özümü sübut etməyə çox ehtiyacım var idi.
Bu məktəb arzularımda deyil, real həyatda görə biləcəyim bir təhsil ocağı olmalı idi. Bunun üçün praktik tədbirlər gücləndirilməli, şagirdlərin maarifləndirilməsi ilə bağlı bütün mümkün variantlar işə salınmalı idi. Məktəbin rəhbər şəxsləri arasında əsaslı dəyişikliklərin aparılması ilə təhsil müəssisəsinə müasir düşüncəli, dünya təhsilini bilən, innovativ kadrların cəlb olunması zərurəti yarandı. Məhz bundan sonra əsaslı işlərə başlanıldı və arzuladığımız məktəbin formalaşdırılması istiqamətində tədbirlər həyata keçirildi. Bu prosesin detallarını yazmaq istəmirəm. Çünki həmin məqamlar bir çoxuna yorucu və çətin gələ bilər. Amma qərəzsiz, şəffaf və düzgün idarəetmə olandan sonra heç nədən çəkinməyə və qorxmağa dəyməz.
Yeni zirvələrin fəthinə doğru
Uğurlu layihələrin faydasını gördüyümüz üçün ənənəyə sadiq qaldıq. İşimizin davamı olaraq icrasına 165 nömrəli tam orta məktəbdə başlanılan “Həftəyə bir kitab oxuyaq” layihəsindən bəhs etmək istəyirəm.
Bu layihə şagirdlərin mütaliə vərdişlərinin artırılması ilə bağlıdır. Bilirik ki, məktəblilərin bir qismi mütaliə etməyi o qədər də sevmir. Bu layihənin əsas istiqaməti isə bütün yaş qrupları üzrə şagirdlərin əsasən ədəbiyyat fənnindən keçdikləri və öyrəndikləri mövzuların hər həftə müzakirəsini təşkil etməkdir. Bununla, məktəblilər mövzuya uyğun daha çox mütaliə edir və əsərin tam məzmununu başa düşürlər. Həm də əsərdəki surətlər bu günün tələblərinə uyğun təhlil edilir.
Bu layihə təkcə məktəbimizdə deyil, Bakı şəhəri və bölgələrdəki bir sıra məktəblərdə də xüsusi marağa səbəb olub. Düşünürəm ki, belə layihələr təhsilimizin inkişafına töhfəsini verəcək.
Bu məqalədə yazmaq istədiyim, amma qələmə almadığım çox məqamlar oldu. Bütün məqamları tam şəkildə ifadə etmək uzun bir yazının, bəlkə də kitabın ərsəyə gəlməsinə səbəb olar.
Amma məqalə ilə tanış olan oxucularda belə bir sual yarana bilər: arzuladığımız məktəb necə olmalıdır? Əslində çox mürəkkəb sualdır. Qısaca onu deyə bilərəm ki, arzuladığımız məktəb öz fəaliyyəti ilə seçilən, şəffaf idarəetmə mühiti olan, sağlam mənəvi ruhlu şagirdləri ilə tanınan, Azərbaycanın gələcəyi üçün vətəndaş yetişdirən, təkcə elmi bilikləri ilə deyil, həmçinin, bacarıqları, dünyagörüşü, ailə və milli dəyərləri özündə ehtiva edən gələcək nəsilləri formalaşdıran müqəddəs ocaq olmalıdır.
Ən əsası isə budur ki, bütövlükdə arzuladığımız məktəbi yaratmaq üçün elə də çox gözləməli olmayacağıq. Çünki uğurlu məktəb modeli artıq arzu və xəyal deyil, hər birimizin iştirakçısı olduğumuz bir gerçəklikdir. Bu gerçəklik isə əvəzedilməz bir sevdadan-müəllimlik sevdasından irəli gəlir. Artıq qürurla deyə bilərik ki, biz peşəsini sevən, dəyər verən minlərlə müəllimlə birlikdə arzuladığımız məktəbi formalaşdırmaqla, təhsil və elm dünyasını fəth etmək iqtidarındayıq!
Yeni arzular və yeni təşəbbüslər hər zaman fəallığa və inamla addımlamağa stimul verir. Uğurlu nəticələr və xoşbəxt gələcək isə arzularının dalınca əzmlə getməyi bacaranlarındır...