Lyon Universitetinin müəllimi: “UNEC-in qış məktəbi pedaqoji təcrübəmin ən dəyərli günləri oldu”

Lyon Universitetinin müəllimi: “UNEC-in qış məktəbi pedaqoji təcrübəmin ən dəyərli günləri oldu” UNEC-in qış məktəbi başa çatıb.
Akademik heyətinin elmi və pedaqoji potensialının yüksəldilməsi məqsədilə keçirilən qış məktəbində UNEC İctimai Nəzarət Şurasının üzvləri – əməkdar elm xadimi, professor Şahlar Əsgərov, “XXI Əsr” Təhsil Mərkəzi İB-nin rəhbəri Etibar Əliyev, Parlament Jurnalistləri Birliyinin sədri, “Modern” Media Qrupunun baş direktoru Elşad Eyvazlı, Vətəndaşların əmək hüquqlarını müdafiə liqasının rəhbəri Sahib Məmmədov və “Azad Müəllimlər” İctimai Birliyinin sədri Məlahət Mürşüdlü də iştirak ediblər.
Professor Şahlar Əsgərov “Biliyin qiymətləndirilməsinin fəlsəfəsi” və “Ekonofizika” mövzularında çıxış edib. Professor məruzəsində biliyin qiymətləndirilməsinin mahiyyətini açıqlayıb, Avropa ölkələrində ekonofizikanın bir fənn kimi tədris edildiyini vurğulayıb. Müzakirədə aktiv iştirak edən müəllimlərə Ş.Əsgərovun “Kamilləşən bəşəriyyət” kitabı hədiyyə edilib.
Əməkdar elm xadimi qış məktəbinin təşkilini yüksək qiymətləndirib: “Qış məktəbi bir çox cəhətdən faydalı oldu. Dünyanın çox nüfuzlu alimləri maraqlı mövzularla çıxış etdilər. UNEC-in yüzdən çox müəlliminin qatıldığı təlimlər birbaşa təhsilin keyfiyyətinin yüksəldilməsinə və peşəkar mütəxəssis hazırlığına xidmət edən amillərdir. Bir ekspert kimi bu prosesi alqışlayıram”.
Qış məktəbində təlimçi qismində çıxış edən ABŞ-ın Leigh Universitetinin professoru Jill Sperandio UNEC-in akademik heyəti ilə fikir mübadiləsinin çox effektli olduğunu diqqətə çatdıraraq, UNEC İctimai Nəzarət Şurasının üzvləri ilə tanışlıqdan da məmnun qaldığını bildirib: “Xüsusi ilə onu vurğulamaq istəyirəm ki, elmi tədqiqat işləri Amerikanın NASA təşkilatında istifadə edilən Şahlar Əsgərovla tanışlığım mənim üçün gözlənilməz oldu. Azərbaycanın çox dəyərli elm adamları var!”
Fransanın Lyon Universitetinin müəllimi Jennifer Veillon da öz təəssüratlarını bölüşüb. “Azərbaycanda, UNEC-də keçirdiyim bu bir həftə tədris təcrübəm üçün ən dəyərli günlər idi”, deyən J.Veillon qış məktəbində fövqəladə insanlarla möhtəşəm bir təcrübə yaşadığını bildirib. O, yenidən bu kollektivlə bir araya gələcəyi günü səbrsizliklə gözlədiyini deyərək, UNEC-lə bundan sonra da əməkdaşlıq etməkdən məmnun olacağını bildirib.

UNEC-in Mətbuat Xidməti


Oxşar xəbərlər