Gürcüstanın Marneuli rayonunda Novruz bayramı qeyd olunub

Gürcüstanın Marneuli rayonunda Novruz bayramı qeyd olunub Gürcüstanda soydaşlarımızın yığcam yaşadıqları Marneuli şəhərində Novruz genişmiqyaslı bayram şənliyi ilə qeyd olunub. Bu ölkənin müxtəlif bölgələrindən gəlmiş azərbaycanlılar üçün yaradılmış guşələrdə xalqımızın qədim tarixini, milli adət-ənənələrini əks etdirən atributlar nümayiş olunub.
Azərbaycanlıları bayram münasibətilə təbrik etmək üçün Marneuliyə gələn Gürcüstanın barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili və qaçqınların işi üzrə nazir Sozar Subari şənlikdə iştirak ediblər. Bayram tonqalını alovlandıran hökumət üzvləri Novruz adət-ənənələri ilə tanış olublar.
Qonaqlara Novruz bayramının özəllikləri barədə məlumat verilib. Gürcü nazirlər samovar çayı içib, yumurta döyüşdürüb, şəkərbura və paxlavanın dadına baxıb, idmançıların çıxışlarını izləyiblər. Nazirlər Azərbaycan xalqına böyük uğurlar, firavanlıq və bolluq arzulayıb, Novruzun çox böyük bayram olduğunu qeyd ediblər.
“İnanırıq ki, Azərbaycan və gürcü xalqlarının dostluq və qardaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və daha da möhkəmlənəcək”, - deyə çıxışlarda vurğulanıb.
Çıxışlarda Marneulinin infrastrukturunun inkişafı, burada yaşayan azərbaycanlıların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində aparılan işlərin davam etdiriləcəyi bildirilib. Digər hökumət nümayəndələri də azərbaycanlıları bayram münasibətilə təbrik ediblər.
Sonda incəsənət ustalarının iştirakı ilə maraqlı konsert proqramı təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər