“Buraya gələrkən o günlər bir daha yaddaşımda oyandı” - Prezident

“Buraya gələrkən o günlər bir daha yaddaşımda oyandı” - Prezident “2002-ci ildə biz “Azəri-Çıraq” yatağından böyük neft gözləyərkən məhz burada - Səngəçal terminalının ərazisində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini qoyduq”.
Bunu prezident İlham Əliyev Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
Prezident qeyd edib ki, bu kəmər 2006-cı ildə istifadəyə verildi və bu gün Azərbaycan xalqına, bütün dost ölkələrə xidmət edir:
“Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə nəinki Azərbaycan nefti, eyni zamanda, digər ölkələrin nefti də nəql edilir. Xəzərin şərq sahilində digər ölkələr tərəfindən hasil edilən neft artıq bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılır. Azərbaycan bu gün, eyni zamanda, etibarlı tranzit ölkə kimi qonşu ölkələrə öz imkanlarını təqdim edir”.
2007-ci ildə isə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildiyini xatırladan İlham Əliyev sözlərinə əlavə edib ki, bu layihə olmadan “Şahdəniz” yatağının işlənməsi mümkün deyildi:
“İlk dəfə olaraq 2007-ci ildə Azərbaycan qazı Gürcüstana və Türkiyəyə nəql edilməyə başlayıb. O günü də mən çox yaxşı xatırlayıram. Ceyhandakı mərasimi də yaxşı xatırlayıram. Bu gün buraya gələrkən bütün o tarixi anlar, o günlər bir daha mənim yaddaşımda oyandı və bir daha mən demək istəyirəm ki, doğrudan da bunlar tarixi nailiyyətlərdir”.

Tehsil-press.az

Oxşar xəbərlər