ADPU-da yaz semestrinin imtahan sessiyası başladı

ADPU-da yaz semestrinin imtahan sessiyası başladı Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” imzaladığı 14 may 2018-ci il tarixli 354 nömrəli əmrdə ali və orta ixtisas təhsili müəssisələrində 2017-2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi, təhsil müəssisələrində imtahan qərargahlarının yaradılması, bu qərargahlara daxil olan hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılıb lazımi tədbir görülməsi, eyni zamanda imtahanlarda şəffaflığın təmin edilməsi üçün ictimaiyyətin və tələbələrin valideynlərinin iştirakına şərait yaradılması öz əksini tapıb. Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bu əmrin icrası ilə bağlı müvafiq əmr imzalanıb. Yaz semestrinin imtahan sessiyasında yazılı və VTS-TEST sistemi üzrə tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsində olan şikayətlərin araşdırılması və düzgün qiymətləndirməsini təmin etmək məqsədilə 8 nəfərdən ibarət Apelyasiya Komissiyası yaradılıb. Apelyasiya Komissiyasının sədri dosent Nailə Hüseynovadır. Eyni zamanda yaz semestrinin imtahan sessiyasının obyektivliyini və şəffaflığını təmin etmək məqsədilə 7 nəfərdən ibarət İmtahan Qərargahı yaradılıb. İmtahan Qərargahının sədri dosent Zahir Kazımovdur. Həmçinin fakültə dekanlarının, kafedra müdirlərinin və digər struktur bölmələrin həyata keçirəcəkləri vəzifələr müəyyən edilib. Sessiyanı normal mənəvi-psixoloji şəraitdə, obyektiv başa çatdırmaq üçün bütün hazırlıq işləri və təşkilati məsələlər vaxtında yekunlaşdırılıb, imtahanların keçirilməsi üçün lazımi sənədlər tələblərə uyğun hazırlanıb. İmtahan işinin təşkili üzrə İşçi Qrupu yaradılıb. Apelyasiya Komissiyası ADPU-nun Üzeyir Hacıbəyli küçəsi, 68 ünvanındakı I nömrəli tədris binasının II mərtəbəsində, 240 nömrəli otaqda fəaliyyət göstərir. Apelyasiya Komissiyasının telefon nömrəsi 498-17-94-dür. İmtahan Qərargahı və qaynar xətt ([email protected].) də universitetin Üzeyir Hacıbəyli küçəsi, 68 ünvanındakı I nömrəli tədris binasının II mərtəbəsində, 205 nömrəli otaqda fəaliyyət göstərir. İmtahan Qərargahının telefon nömrəsi 498-19-04-dür. Bunlarla yanaşı, imtahanlara buraxılma, imtahanların təşkili, keçirilməsi qaydaları, imtahan koordinatorlarının vəzifələri, hüquqları və tələbələrin imtahanın gedişində hansı hərəkətlərə yol verməmələri barədə elanlar vurulub. Apelyasiya Komissiyasının və İmtahan Qərargahının əlaqə telefonları bütün tələbələrə elan edilib və universitetin saytında yerləşdirilib. İmtahan Qərargahına daxil olan hər bir şikayətin qısa müddətdə çevik araşdırılıb təmin edilməsi, imtahanların təşkilində və gedişində mənfi hallara yol vermiş şəxslər barədə universitetin rəhbərliyinə mütəmadi məlumat verilməsi tapşırılıb.
İmtahan sessiyasının çevikliyini təmin etmək məqsədilə fakültələr üzrə koordinator rəhbərləri və koordinatorlar təyin edilib. Koordinator rəhbərləri və koordinatorlar qeyri-ixtisas sahibləridir. İmtahanlar hər gün saat 9:00-da başlayır, 17:30-da bitir. Yazılı imtahanlar gün ərzində 3 dəfə- saat 9:00, 12:00, 15:00-da keçirilir. Test üsulu ilə hər 45 dəqiqədən bir imtahanlar keçirilir. Gün ərzində ümumilikdə təxminən 2000 nəfər tələbə yazılı və test üsulu ilə imtahan verir. Yaz semestrinin imtahan sessiyasının iyunun 1-dən iyunun 30-dək keçirilməsi nəzərdə tutulub.
İmtahan zallarında yanaşı oturan müxtəlif fakültələrin tələbələri ayrı-ayrı fənlərdən imtahan verirlər. Bu da onların bir-birinə kömək etmələrinin qarşısını alır. İmtahanların nəticələrinin təlimata müvafiq olaraq tələbələrə çatdırılması təmin edilir. İmtahanların keçirildiyi binada qayda-qanunlara riayət olunmasını təmin etmək üçün professor-müəllim heyətinin tərkibindən fakültələr üzrə növbətçilər müəyyənləşdirilib. ADPU-nun filialları və ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci (ADPK) imtahan sessiyasının gedişi haqqında mütəmadi olaraq Tədris Departamentinə və rektorluğa məlumat verirlər.
Qeyd edək ki, 2016-2017-ci tədris ilindən başlayarq ADPU-ya qəbul olunmuş I tədris ili tələbələrinin və arzu edən digər tədris ili tələbələrinin kollokvium və semester imtahanları yazılı qaydada aparılır. Məqsəd tədrisin keyfiyyətini yüksəltmək, şəffaflığı və obyektvliyi təmin etmək, eyni zamanda tələbə-gənclərin məntiqi təfəkkürünün, yaradıcı təxəyyülünün inkişaf etdirilməsinə və onların yazı mədəniyyətinin formalaşmasına kömək etməkdir. Digər tədris ili tələbələri isə Kompüter Mərkəzində elekron-test üsulu ilə imtahan verirlər. Yazılı imtahanların yoxlanılması üçün xüsusi otaqlar ayrılıb. Yazılı imtahanlar başa çatdıqdan sonra yazılar şifrələnir, yoxlanılır və həmin gün qiymətlər tələbələrə elan olunur. Günün sonunda isə bütün imtahanlarının nəticələri ADPU-nun İnternet saytına yerləşdirilir. İmtahandan aldığı qiymətlə razılaşmayan tələbələr Apelyasiya Komissiyasına, həmçinin İmtahan Qərargahına müraciət edə bilərlər. Eyni zamanda valideynlərlə əlaqələrin yaradılmasına, təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələri nümayəndələrinin ADPU-da olaraq imtahan prosesini izləmələrinə də xüsusi diqqət yetirilir ki, bu da ictimaiyyətdə imtahanların gedişi barədə dolğun təsəvvürün formalaşdırılmasına xidmət edir.
ADPU-nun rəhbərliyi auditoriyalarda olaraq imtahan prosesini müşahidə edir, imtahanların ədalətli, şəffaf və obyektiv keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini verir.

ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi


ADPU-da yaz semestrinin imtahan sessiyası başladıADPU-da yaz semestrinin imtahan sessiyası başladı

Oxşar xəbərlər