ADPU-da payız semestrinin imtahan sessiyası başa çatdı

ADPU-da payız semestrinin imtahan sessiyası başa çatdı Azərbaycan Respublikasının Təhsil naziri vəzifələrini müvəqqəti icra edən nazir müavini Ceyhun Bayramovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” imzaladığı müvafiq əmrə uyğun olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyası yanvar ayının 4-də başlayaraq fevralın ayının 2-dək davam etdi. Qeyd edək ki, ADPU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, daxil olan hər bir şikayətin çevik şəkildə araşdırılıb lazımi ölçü götürülməsi universitet rəhbərliyinin daim diqqət mərkəzində olub. İmtahanlar qrafikə uyğun olaraq hər gün saat 9:00-da başlayıb, 17:30-da başa çatıb. Yazılı imtahanlar gün ərzində 3 dəfə- saat 9:00, 12:00, 15:00-da keçirilib. Test üsulu ilə gün ərzində hər 45 dəqiqədən bir imtahanlar keçirilib. Gün ərzində ümumilikdə təxminən 3000 nəfər tələbə yazılı və test üsulu ilə imtahan verib.
Bütün imtahanların nəticələri günün sonunda ADPU-nun İnternet saytına yerləşdirilib. İmtahan prosesinə heç bir kənar müdaxilə yol verilməyib, tələbələrə biliklərini nümayiş etdirmək üçün lazımi şərait yaradılıb. Məlumat üçün bildirək ki, sessiya müddətində ADPU-nun İmtahan Qərargahına 65 müraciət daxil olub. Onlardan 54-ü yazılı qaydada verilən imtahanlarla, 11-i isə test üsulu ilə verilən imtahanlarla bağlı olub. Yazılı qaydada verilən imtahanlarla bağlı edilən müraciətlərin 41-i müsbət həll edilib. Test üsulu ilə verilən imtahanlarla bağlı edilən müraciətlərin 8-i müsbət həll edilib.
Sessiya müddətində Apelyasiya Komissiyasına 1610 müraciət daxil olub. Onlardan 1550-si yazılı qaydada verilən imtahanlarla bağlı, 60-ı isə test üsulu ilə verilən imtahanlarla bağlı olub. Yazılı qaydada verilən imtahanlarla bağlı edilən müraciətlərin 400-ə yaxını müsbət həll edilib. Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq ADPU-da tələbələrə 2 fənni dinləmədən fevralın 5-dən 9-dək akademik kredit borclarını ödəmək üçün lazımi şərait yaradılıb. Eyni zamanda müxtəlif üzürlü səbəblərdən imtahanlarda iştirak edə bilməyən tələbələrin müvafiq sənədləri təqdim edilməklə imtahanlara buraxılması təmin edilib. Həmçinin universitetdə tələbələrin valideynlərin, təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələri nümayəndələrinin, təhsil ekspertlərinin imtahan prosesini izləmələrinə də xüsusi diqqət yetirilib ki, bu da ictimaiyyətdə imtahanların gedişi barədə düzgün təsəvvürün formalaşdırılmasına xidmət edib. İmtahan prosesində nizam-imtizam, səliqə-sahman təmin olunub, bütövlükdə imtahan prosesi mütəşəkkil təşkil edilib. ADPU-da fəaliyyət göstərən İctimai Şura da imtahan prosesinə ciddi nəzarət edib. Tələbələr şəffaf və obyektiv imtahan mühitinin yaradılmasından razı qaldıqlarını bildiriblər. ADPU-nun 5 filialında-Ağcabədi, Şəki, Şamaxı, Quba və Cəlilabad filiallarında, həmçinin
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində də payız semestrinin imtahan sessiyası şəffaf və ədalətli keçirilib.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov hər gün imtahan zallarında olaraq imtahan prosesini müşahidə edib, imtahanların çevik, şəffaf və obyektiv keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini verib. Bütövlükdə ADPU-da imtahan sessiyasının normal mənəvi-psixoloji şəraitdə, obyektiv keçirilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib və sessiya uğurla yekunlaşıb.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-da payız semestrinin imtahan sessiyası başa çatdıADPU-da payız semestrinin imtahan sessiyası başa çatdı

Oxşar xəbərlər