Bakı Ali Neft Məktəbinin tələbələri “Petkim”də işə və təcrübəyə başlayırlar

Bakı Ali Neft Məktəbinin tələbələri “Petkim”də işə və təcrübəyə başlayırlar Bakı Ali Neft Məktəbində (BANM) bu ali təhsil müəssisəsinin SOCAR-ın Türkiyədəki “Petkim” neft-kimya kompleksinə işə və təcrübəyə qəbul olunan tələbə və məzunları, onların valideynləri ilə görüş keçirilib.
Tədbirdə çıxış edən rektor Elmar Qasımov hər il olduğu kimi, bu il də SOCAR-ın Türkiyədəki müəssisələrinin işə qəbul və istehsalat təcrübəsi keçmək üçün Azərbaycandan yalnız BANM-in tələbələrini seçdiyini bildirib. Rektor qeyd edib ki, bu il “Petkim”in İzmir şəhərindəki petrokimya zavodu ali məktəbin 4 məzununu işə götürüb və 20 tələbəsini istehsalat təcrübəsi keçmək üçün seçib. E.Qasımov “Petkim”in bu addımını ali məktəbə böyük etimad və etibarın bariz nümunəsi olduğunu vurğulayıb.
“Petkim” petrokimya holdinqin insan resursları üzrə baş direktorunun müavini Levent Kocagül çıxışında bildirib ki, “Petkim”in BANM-in tələbə və məzunlarına marağı onların öz sahələri üzrə yüksək bilik və bacarığa malik olmaları, həmçinin nizam və intizam qaydalarına ciddi əməl etmələri ilə əlaqədardır. L.Kocagül bu il işə və təcrübəyə qəbul olunan tələbələrin sayının gələcəkdə daha da artacağını qeyd edib.
Holdinqin nümayəndəsi Bəhruz Babayev isə tələbələrin iyulun 18-dən etibarən İzmirdə təcrübəyə başlayacaqlarını bildirib və zavodun iş prosesindən, təhlükəsizlik qaydalarından, tələbələr üçün hazırlanmış layihələrdən, onların inkişafı üçün nəzərdə tutulmuş proqramlardan danışıb.
“Petkim”dən iş təklifi alan BANM-in 4 məzunu – Fərid Mustafayev, Fərid Əliyev, Pərvin Salamzadə, Mirhadı Həbibov və onların valideynləri SOCAR və BANM rəhbərliyinə təşəkkür ediblər.
Görüşün sonunda BANM və “Petkim” petrokimya holdinq arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilənin şərtlərinə əsasən, BANM-in tələbələri üçün “Petkim” öz zavodlarında yerləşən şöbələrdə iki ay müddətində istehsalat təcrübəsi təşkil edəcək. Həmçinin tələbələrin müasir texnologiyalardan və petrokimya sənayesində istifadə olunan texniki sənədlərdən faydalanmaları təmin ediləcək. Bundan əlavə, təcrübə zamanı tələbələrə texnologiya, qurğu və avadanlıqlar canlı olaraq nümayiş etdiriləcək. Eyni zamanda, tələbələrə “Petkim”də keçirdikləri vaxt və təcrübə üçün təqaüd veriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər