Şəxsiyyət vəsiqəsi problemi

Şəxsiyyət vəsiqəsi problemi Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında qanununa əsasən ölkə ərazisində hər bir vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir.
Hər bir vətəndaş və ya onun qanuni nümayəndəsi şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur. Həm qanunun müddəalarına nəzər yetirsək, həm də ümumilikdə gündəlik həyatımızda texniki vasitələrin mühüm əhəmiyyət daşıdığı bir dövrdə şəxsiyyət vəsiqəsi olmadan insanı təsəvvür etmək qeyri-mümkündür.
Bir sözlə yaşadığımız hazırki dövrdə şəxsiyyətini təsdiq edən sənədə malik olmadan insan hər hansısa bir əməliyyat aparmaqdan məhrumdur. Lakin, buna baxmayaraq təəccübləndirici hal olsa da istənilən vətəndaş şəxsiyyət vəsiqəsiz qala bilər. Belə ki, qanuna əsasən hər bir vətəndaşımız 25, 35, 50 yaşına çatdıqda və ya onun soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti dəyişildikdə, şəxsiyyət vəsiqəsi itdikdə və digər bu kimi hallarda yeni şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı müvafiq dövlət orqanına müraciət etməlidir.
Qanuna əsasən şəxsiyyət vəsiqəsi müraciət edildikdən sonra ən geci 10 gün ərzində verilir. Lakin, dövlət rüsumunun məbləğindən asılı olaraq vətəndaş şəxsiyyətini təsdiq edən sənədi 3 və ya 1 gün ərzində də əldə edə bilər.
Ən maraqlısı ondan ibarətdir ki, 10 gün ərzində yeni şəxsiyyət vəsiqəsinin verilməsini gözləyən vətəndaş onun şəxsiyyətini təsdiq edən yeganə sənəd olan şəxsiyyət vəsiqəsiz qalır. Əvvəlki qanunvericiliyimizdə müvafiq qurum tərəfindən vətəndaşlara müvəqqəti olaraq əvəzedici qismində Forma №9 adlı sənəd verilsə hazırda bu müddəa qanunvericilikdən çıxarılmışdır. Bu da hər bir halda insanların hüquqlarının müvəqqəti də olsa pozulması deməkdir.
Qeyd etdiyimiz bu müddət ərzində vətəndaş şəxsiyyət vəsiqəsinin tələb olunduğu bütün həyati əhəmiyyətli əməliyyatları aparmaqdan məhrum olur. Ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində aparılmış mühüm islahatların əhəmiyyətli qollarından biri olan mükəmməl qanunvericilik bazasının formalaşdırılması fonunda mövcud qanunvericilik aktlarımızda olan bu cür azsaylı boşluqların aradan qaldırılması mühüm əhəmiyyət daşıyır.

Tehsil-press.az

Oxşar xəbərlər