Vitse-kansler: Avstriyada da şahmat, cüdo və güləş idman növlərinin Azərbaycandakı səviyyəyə yüksəlməsini istərdim

Vitse-kansler: Avstriyada da şahmat, cüdo və güləş idman növlərinin Azərbaycandakı səviyyəyə yüksəlməsini istərdim Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə rəsmi səfərdə olan Avstriya Respublikasının vitse-kansleri, federativ idman naziri Heinz-Kristian Ştaxenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazir həmkarına Azərbaycana səfər etdiyi və idman sahəsindəki inkişafa böyük maraq göstərdiyi üçün təşəkkürünü bildirdi, avstriyalı idmançıları Azərbaycana təlim-məşq toplantılarına, təcrübə mübadiləsinə dəvət etdi.
Azad Rəhimov bildirdi ki, bu gün Azərbaycanda fəaliyyət göstərən Olimpiya İdman komplekslərində idmanın inkişafı, idmançıların birgə təlim-məşq toplantılarına qatılmaları üçün hər bir şərait var. Bununla yanaşı, nazir Azərbaycanın ilk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 Grand Prix turniri, Şahmat üzrə Dünya Olimpiadasına ev sahibliyi etdiyini vurğuladı, müxtəlif layihələrin həyata keçirilməsi istiqamətində Avstriya ilə əməkdaşlıq edə biləcəyini də diqqətə çatdırdı.
Azad Rəhimov görüş zamanı 2015-ci ildə Azərbaycanda ilk Avropa Oyunları zamanı avstriyalı idmançı Vanessa Şahinoviçin düşdüyü qəzadan sonra Azərbaycan hökumətinin atletin sağalması istiqamətində bütün dəstəyi göstərdiyini və bu işdə vitse-kansler Heinz-Kristian Ştaxenin xidməti olduğunu qeyd edərək, ona dərin təşəkkürünü bildirdi.
Öz növbəsində vitse-kansler, federativ idman naziri Heinz-Kristian Ştaxen də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə atlet Vanessa Şahinoviçin sağlamlığına çox həssas yanaşdığını, hər bir diqqət və qayğı göstərdiyini bildirərək, buna görə təşəkkür etdi.
Bununla yanaşı, vitse-kansler Azərbaycanda idmanın inkişafı ilə bağlı yaxından maraqlandığını, ölkəmizin bu sahədə qazandığı uğurların kifayət qədər yüksək olduğunu söylədi. Heinz-Kristian Ştaxen Azərbaycanın cüdo üzrə Dünya çempionatına çox ciddi hazırlaşdığını, bu istiqamətdə keçirilən bir sıra tədbirlərə də qatıldığını diqqətə çatdırdı. Avstriyada da şahmat, güləş və idman növlərinin Azərbaycanla eyni səviyyədə inkişafını arzuladığını xüsusi vurğulayan vitse-kansler böyük məmnuniyyətlə bu istiqamətlərdə qarşılıqlı əməkdaşlığa hazır olduğunu bildirdi.

Tehsil-press.az



Oxşar xəbərlər