Azərbaycanlı alimin məqaləsi beynəlxalq elmi topluda dərc olunub

Azərbaycanlı alimin məqaləsi beynəlxalq elmi topluda dərc olunub Beynəlxalq “Peeters Leuven” akademik nəşriyyat evinin 2018-ci ildə “Orientalia Lovaniensia Analecta” külliyyatına aid nəşr etdirdiyi “Kontekst və əlaqə: Antonio Saqonanın xatirəsinə həsr edilmiş qədim Yaxın Şərq arxeologiyası üzrə məqalələr” toplusunda Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, Muğan neolit-eneolit arxeoloji ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru Tufan Axundovun ingilis dilində “Cənubi Qafqaz metal erasının astanasında” məqaləsi dərc olunub.
Elmi topluda Yaxın Şərq və Qafqaz arxeologiyası üzrə Türkiyə, ABŞ, Rusiya, Fransa, Avstraliya, Almaniya, Gürcüstan və digər ölkələrin arxeoloqlarının məqalələri dərc edilib.
Tufan Axundovun məqaləsində göstərilir ki, yerli metallurgiyanın yaranmasının dəqiq vaxtının müəyyən edilməsi və müvafiq olaraq regionun inkişafının mövcud dövrləşməsinin korrektəsi Qafqaz arxeologiyasının aktual problemlərindən biridir. Erkən metallurgiya barədə yeni informasiyanın ortaya çıxması müəyyən qədər bu məsələnin həllinə yardım edir. Leylatəpə mədəniyyəti çevrəsi obyektlərini özündə təcəssüm etdirən Alxantəpə (Cəlilabad rayonu) yaşayış yeri yeni bilgilərin əsas mənbəyidir. Alxantəpədə aparılmış arxeoloji tədqiqatlar sübut etdi ki, bu yaşayış yerinin qədim sakinləri öz dövrləri üçün metal istehsalı və emalı üzrə artıq tam biliklərə sahib idilər. Məqalədə inkişaf etmiş Qafqaz metallurgiyasının yaranmasına qədər dövrün tarixi təsviri verilir və erkən dövrün xronoloji təsnifatı barədə yeni fikirlər irəli sürülür.
Məqalədə Leylatəpə mədəniyyəti çevrəsinə aid metal məmulatlarının təsviri verilib, xüsusi cədvəllərdə aparılmış laborator analizlərin nəticələri olaraq kimyəvi tərkibi və metal məmulatların hazırlanma texnologiyası barədə geniş şərhlər əksini tapıb. Bu bilgilərdən çıxış edərək tədqiqatçı tərəfindən təklif edilir ki, Leylatəpə mədəniyyəti ənənələrinin daşıyıcıları, o cümlədən Alxantəpə yaşayış yerinin qədim sakinləri regionun ilk metallurqları olublar və region artıq metallurgiya dövrünə qədəm qoyub.
Qeyd edək ki, T.Axundovun elmi məqaləsinin dərc edildiyi toplu italiyan mənşəli Avstraliya arxeoloqu, professor Antonio Cuzeppe Saqonanın xatirəsinə ithaf olunub. Həyatını Anadolu və qonşu regionların neolit, eneolit və ilk tunc dövrü arxeologiyasına həsr etmiş professor A.Saqona beynəlxalq elmi dairələrdə Qədim Yaxın Şərqin arxeologiyası üzrə böyük mütəxəssis kimi tanınırdı.

Tehsil-press.az

Oxşar xəbərlər