Hörmətli həmkarlar!
Sizi təkcə dənizçilər üçün deyil, bütün xalqımız üçün əlamətdar tarix – Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, sizə möhkəm cansağlığı və dəniz nəqliyyatının inkişafı, möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik siyasəti ilə gündən-günə çiçəklənən müstəqil Azərbaycanımızın daha da qüdrətlənməsi naminə şərəfli işinizdə yeni-yeni uğurlar arzulayıram.
Dənizçilik şərəfli olduğu qədər də çətin və məsuliyyətli peşədir. Yalnız bu peşəyə ürəkdən bağlanan cəsur və fədakar adamlar yerə-göyə meydan oxuyan dalğalara sinə gərməyi, dənizin bitməyən sınaqlarından üzüağ çıxmağı bacarırlar.
Elə qədirbilən xalqımızın dalğalar qoynunu hünər meydanı seçən dənizçilərə böyük hörmət və ehtiramı da xeyli dərəcədə onların fədakarlığından qaynaqlanır.
Xəzərdə gəmiçiliyin tarixi qədim olsa da, dəniz ticarət üzgüçülüyü məhz XIX əsrin birinci yarısında yeni təşəkkül tapıb və 1846-cı ildə Xəzərdə ilk buxar gəmisi peyda olub.
1858-ci ildə yaradılan və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sələfi sayılan “Qafqaz və Merkuri” Xəzərdə çox ilklərə imza atıb. Dünyada ilk neftdaşıyan “Aleksandr” barjı 1873-cü ildə Xəzərdə istismar edilib. 1878-ci ildə inşa edilən ilk tanker “Zərdüşt” də Xəzərdə səfərlər edib. İlk daxiliyanma mühərrikli “Vandal” (1903), ilk reversivli iki mühərriklə çalışan “Delo” (1908) gəmilərində üzmək də Xəzər dənizçilərinə nəsib olub. Gəmiçiliyimizin o vaxtdan başlayan şərəfli yolu 160 ildir davam edir. 160 ildir dənizçilərimiz dalğalar qoynunda pozulmaz naxışlar salır, fədakar əməkləri ilə hünər dastanı yazırlar.
Gəmiçiliyin keçdiyi yol heç də həmişə hamar olmayıb. Buna baxmayaraq, dənizçilərimiz bir-birinə zidd dövrlərin saysız çətinliklərini peşələrinə sədaqətləri, doğma yurdlarına məhəbbətləri ilə dəf ediblər.
Dənizçilərimizin Böyük Vətən müharibəsində, xalqımızın milli azadlıq hərəkatında, qanlı 20 Yanvar hadisələrində, Qarabağ savaşında göstərdikləri şücaət də heç vaxt unudulmayacaq. Bakı neftinin alman faşizmi üzərində Qələbənin təmin olunmasında əvəzsiz rolu heç kimə sirr deyil. Qəhrəman neftçilərimizin hasil etdikləri neft və neft məhsullarını isə dənizçilərimiz hətta düşmən təyyarələrinin bombardmanları altında belə fasiləsiz daşıyıblar.
20 Yanvar faciəsi günlərində sovet hərbçilərinin təcavüzünə etiraz əlaməti olaraq Bakı buxtasına toplaşan gəmilərimizin gülləbaran edilməsi də dənizçilərimizi zərrəcə qorxutmadı. Bakıda törədilən qırğının dünya ictimaiyyətinə çatdırılması və qətliama son qoyulması üçün ölümün gözünə dik baxdılar.
Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan, sağlamlığını itirən dənizçilərimiz də az deyil...
Bugün 160 yaşlı Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin şanlı tarixi və zəngin ənənələri ilə fəxr etdiyimiz kimi, dünyada tayı-bərabəri olmayan donanmalarımızla da iftixar hissi keçiririk. Ən müxtəlif gəmiləri özündə birləşdirən donanmalarımız ilk növbədə ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. Və bu gün dor ağacında müstəqil Azərbaycanımızın üçrəngli bayrağı dalğalanan gəmilərimizlə təkcə yaxın-uzaq sularda dinc yüklərin daşınması həyata keçirilmir. Dənizçilərimizin neft-qaz istehsalı üçün zəruri dəniz nəqliyyatı xidmətləri sahəsində də böyük səriştələri var. Xəzər Dəniz Neft Donanmasının dənizçiləri Xəzər şelfində, dənizin Azərbaycan sektorunda qiymətli enerji daşıyıcıları hasil edilən ilk gündən neftçilərlə çiyin-çiyinə çalışırlar. Başqa sözlə, Xəzərin dərinliklərindən çıxarılan “qara qızıl”ın hər damlasında dənizçilərimizin də zəhmət payı var. Xəzərdə bünövrəsi Ulu öndər Heydər Əliyevin neft strategiyası ilə qoyulan, “Əsrin müqaviləsi” ilə pərvəriş tapan və dövlət başçımız cənab İlham Əliyevin parlaq zəkası ilə naxışlanan bütün nəhəng layihələrin gerçəkləşdirilməsində dənizçilərimiz çiyinlərinə düşən vəzifələrin öhdəsindən məharətlə gəlirlər.
Bugün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi deyəndə həm də, yüksək keyfiyyətli gəmi təmiri, logistika, agentlik, təhsil və təlim xidmətləri təqdim edən, ətraf mühitin mühafizəsi, əməyin təhlükəsizliyi, insan resurslarının idarəedilməsi sahələrində əhəmiyyətli layihələr həyata keçirən, işçilərinin güzəranının yaxşılaşdırılmasını, sosial-məişət problemlərin həllini, sağlamlığının möhkəmləndirilməsini, bilik və peşə bacarıqlarının artırılmasını daim diqqətdə saxlayan, veteranlara, şəhid ailələrinə, əlillərə, torpaqlarımızın erməni işğalı nəticəsində doğma yurd-yuvalarından didərgin düşənlərə... müntəzəm maddi və mənəvi yardım göstərən gəmiçilik şirkəti anlaşılır.
Çoxminli kollektivimiz yubileyi bütün sahələrdə qazandığı yüksək göstəricilərlə qarşılayır. Dövlətimizin böyük dəstəyi ilə donanmamızın gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunan ən müasir gəmilərlə zənginləşməsi də, Xəzərdə öncül mövqeyimizin qorunub saxlanılması da, doğma sulardan uzaqlarda üzən gəmilərimizin sayının artırılması hesabına Gəmiçiliyin Xəzərdənkənar fəaliyyətinin genişləndirilməsi də, beynəlxalq reytinq şirkəti tərəfindən Gəmiçiliyə tarixində ilk dəfə olaraq kredit reytinqinin verilməsi də, Gəmiçilik üçün hazırlanmış “Yol Xəritəsi”ndə illər üzrə nəzərdə tutulmuş layihələrin icra olunması da, Gəmiçiliyin Təhlükəsizliyin Keyfiyyətli İdarəetmə Sisteminin beynəlxalq standartların tələblərinə uyğunluğu da... yubiley sevincimizə sevinc qatan faktlardır.
Qədirbilən dənizçilərimiz onların işini həmişə yüksək qiymətləndirən Ulu öndər Heydər Əliyevin Gəmiçiliyin inkişafında, Azərbaycanın çox böyük sərvəti hesab etdiyi donanmasının qorunub saxlanılmasında əvəzsiz xidmətlərini heç vaxt unutmurlar. Və haqlı olaraq deyirlər ki, təkcə Gəmiçilik üçün gördüyü işlər bu dahi şəxsiyyətin tarixdə əbədi qalması üçün yetərlidir. Sevindiricidir ki, dənizçilər Ulu öndərin siyasi kursunu böyük məharətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevdən də eyni diqqət və qayğını görürlər. Məhz dövlət başçımızın böyük dəstəyi ilə Gəmiçilik hər cür yükləri daşımağa və neft-qaz istehsalı ilə bağlı bütün dəniz nəqliyyatı xidmətləri göstərməyə qadir unikal şirkətə çevrilib. 2013-cü ilin 22 oktyabrında imzaladığı Sərəncamla dəniz gəmiçiliyi sahəsində yerli və beynəlxalq daşımaların artırılması, ölkənin rəqabət qabiliyyətinin və tranzit potensialının gücləndirilməsi məqsədilə respublikada mövcud olan iki böyük donanma – Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanması birləşdirilərək yenidən təşkil edilməklə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti yaradıldı. Azərbaycanın dəniz nəqliyyatının yüksək inkişafı, Gəmiçiliyin dünyanın ən qabaqcıl, beynəlxalq standartlara tam cavab verən şirkətə çevrilməsi üçün hər cür dəstək göstərilir. Təkcə son beş ildə Gəmiçiliyin donanması 20-dən çox yeni gəmi ilə möhkəmləndirilib. Hazırda Bakı Gəmiqayırma Zavodunda dənizçilərimiz üçün dörd gəmi tikilir. İki ədəd unikal “Ro-Pax” tipli gəmi-bərədən birinin gələn ilin sentyabrında, digərinin isə 2020-ci ilin yanvarında istismara verilməsi planlaşdırılır. Uzunluğu 154,5, eni 17,7 metr olan bu gəmi-bərələr 56 vaqon və ya 50 yük maşını, 100 sərnişin daşıya biləcək. Azərbaycanın regionda nəqliyyat-loğistika qovşağına çevrilməsi, ölkənin tranzit potensialının gücləndirilməsi məqsədilə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə şərq-qərb və əks istiqamətdə yükdaşımalarda xüsusi rola malik olan və Xəzərdə yeganə bərə operatoru kimi fəaliyyət göstərən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi üçün bu gəmilərin tikintisi çox böyük əhəmiyyətə malikdir.
Bakı Gəmiqayırma Zavodunda Gəmiçilik üçün “Gəncə” tipli iki tankerin inşası da sürətləndirilib. Altı yük tankı olan tankerlərin hər biri benzin, xam neft və neft məhsulları daxil olmaqla iki növ yükü eyni vaxtda daşıya biləcək. Xəzərdə suyun mövcud səviyyəsində, suya az oturumla maksimum çox yük götürə bilən bu nadir gəmilərin gələn il istismara verilməsi planlaşdırılır. Gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunan hər təzə gəmi isə donanmamızın daha da gücləndirilməsi ilə yanaşı, həm də dənizçilərimiz üçün yeni iş yerləri deməkdir.
Bu yaxınlarda "Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi də, hər il onlarla dənizçinin Vətənin yüksək mükafatları ilə təltif olunması da dəniz nəqliyyatı işçilərinin fədakar əməyinin dövlət tərəfindən layiqincə qiymətləndirilməsinin bariz nümunəsidir. Göstərilən diqqət və qayğı bizə hədsiz sevinc bəxş etməklə yanaşı, həm də çətin olduğu qədər də şərəfli bir peşənin təmsilçiləri olduğumuzun iftixarını yaşadır.
2017-ci il sentyabrın 6-da Bakı Gəmiqayırma Zavodunda “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimində çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dilində səslənən “Xəzər Dəniz Gəmiçiliyinin fəaliyyətini çox yüksək qiymətləndirirəm. Gəmiçiliyin fəaliyyəti beynəlxalq standartlara cavab verir. Gəmiçilik artıq gəlirlə işləyir, büdcəmizə böyük vergi ödəyir” sözləri isə bizə hədsiz sevinc bəxş etməklə yanaşı, həm də cavabdeh olduğumuz işlər üçün məsuliyyət hissimizi qat-qat artırır.
Əminəm ki, gündən-günə çiçəklənən müstəqil Azərbaycanı qətiyyətlə daha xoşbəxt gələcəyə aparan dövlət başçımızın bütün sahələrdə mütərəqqi siyasətini dəstəklədiyinizi bundan sonra da əməli işinizlə sübut edəcək, müqəddəs üçrəngli bayrağımızı yaxın-uzaq ölkələrin sularında böyük iftixarla dalğalandıracaq, yük daşınmasında, Xəzərdə neft və qaz istehsalında yüksək dəniz nəqliyyatı xidmətləri göstərilməsində çiyninizə düşən bütün vəzifələri layiqincə yerinə yetirəcəksiniz.
Bir daha sizi təbrik edir, sizə aydın səma, uğurlu səfərlər arzulayıram.
Rauf VƏLİYEV,
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
Qapalı Səhmdar Cəmiyyətinin sədri