Azərbaycan Prezidenti İlham Əliyev “Qubadlı” və “Cəbrayıl” gəmilərinin istismara verilməsi mərasimində iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev “Qubadlı” və “Cəbrayıl” gəmilərinin istismara verilməsi mərasimində iştirak edib Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi donanmasının “Qubadlı” və “Cəbrayıl” adlı yeni təchizat gəmilərinin istismara verilməsi mərasimi keçirilib.
Təhsil-press.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev və SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Qubadlı” və “Cəbrayıl” təchizat gəmilərinin texniki göstəriciləri, təyinatı barədə dövlətimizin başçısına məlumat verdilər.
Bildirildi ki, “Qubadlı” və “Cəbrayıl” təchizat gəmiləri bu tip gəmilərin tikintisi üzrə dünyanın qabaqcıl müəssisələrindən sayılan Norveçin “STX Norway Offshore” gəmiqayırma zavodunda inşa edilib. Gəmilərin hər ikisi müxtəlif növ yüklərin dəniz platformalarına çatdırılması üçün nəzərdə tutulub. Prezident İlham Əliyevin tapşırığına əsasən gəmilərə işğal altında olan rayonlarımızın adları verilib. Hər iki gəmi SOCAR-ın dəniz obyektlərinə xidmət edən köhnə gəmiləri əvəzləyəcək. Gəmilərdən biri SOCAR-a məxsus “28 May” yatağındakı, digəri isə “Ümid” yatağındakı platformalara yük daşıyacaq.
Qeyd olundu ki, gəmilərin hər birinin uzunluğu 73,6, eni 16 metrdir. Dedveyti 3270 ton olan gəmilər öz göyərtəsinə 1600 ton yük götürmək qabiliyyətinə malikdir. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasında olan digər təchizat gəmiləri ilə müqayisədə bu gəmilərin bir sıra üstünlükləri var. Belə ki, yeni təchizat gəmiləri yanacaq, sürtkü yağı, qələvi məhlul, özül yağı, quru yük, içməli su, qazma məhlulu, konteyner, boru və bu kimi digər müxtəlif yükləri qəbul etmək üçün daha geniş göyərtəyə və böyük həcmli yük tanklarına malikdir. Müasir avadanlıqla, o cümlədən DP-2 dayanıqlılıq sistemi ilə təchiz olunan “Qubadlı” və “Cəbrayıl” gəmilərinin texniki xüsusiyyətləri sərt hava şəraitində dənizdəki platformalara yan almadan yükləmə-boşaltma əməliyyatını təhlükəsiz şəraitdə yerinə yetirməyə imkan verir. Gəmilərdə quraşdırılan yanğınsöndürmə avadanlığı isə dəniz obyektlərində yanğın baş verərkən hadisəyə ilkin müdaxilə etməyə şərait yaradır. Xilasetmə əməliyyatlarının yerinə yetirilməsi üçün hər bir gəmi xüsusi xilasedici qayıqla təchiz olunub. Qayıqların konstruksiyası kəskin hava şəraitində dənizdə axtarış və xilasetmə işlərinin yerinə yetirilməsini mümkün edir.
Dövlətimizin başçısı gəmilərin rəmzi olaraq istismara verilməsini bildirən düyməni basdı.
Qeyd edək ki, davam edən qlobal iqtisadi böhran, dünya birjalarında neftin qiymətinin kəskin aşağı düşməsi fonunda ümumi beynəlxalq ticarət dövriyyəsinin kəskin azalmasına və bunun gəmiçilik sahəsində müəyyən problemlər yaratmasına baxmayaraq, Prezident İlham Əliyev Azərbaycanda gəmiçiliyin inkişafını diqqət mərkəzində saxlayır. Bu da Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasının müasir tələblərə cavab verən gəmilərlə yenilənməsinə geniş imkan yaradır. “Qubadlı” və “Cəbrayıl” təchizat gəmilərinin Xəzərdə istismara verilməsi də məhz bu istiqamətdə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilə onun alyans partnyoru olan “Caspian Marine Services”in həyata keçirdiyi birgə layihədir. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasının daim yenilənməsi və müasir tələblərə cavab verən gəmilərin tikilməsi prioritet məsələlərdəndir. Məhz dövlətimizin başçısının gəmiçilik sahəsinə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir ki, təkcə son üç ildə 16 yeni gəmi donanmaya əlavə edilib. Bundan başqa, dörd gəmi-vaqon-TIR və sərnişin daşınması üçün nəzərdə tutulan yeni nəsil iki “Ro-Pax”/Bərə və iki tankerin tikintisi üzrə yeni sifariş Bakı gəmiqayırma zavoduna verilib.
Donanmanın yenilənməsi istiqamətində aparılan işlər Gəmiçiliyin təsdiq olunmuş strateji inkişaf proqramına, həmçinin “2016-2020-ci illərdə Azərbaycanda gəmiçiliyin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilir. Dövlət Proqramı ilə Xəzər hövzəsində və Xəzərdən kənarda beynəlxalq standartlara uyğun daşıma xidmətlərinin göstərilməsi, donanmanın yükdaşıma bazarlarındakı tələbata uyğun yenilənməsinin davam etdirilməsi, gəmi təmiri bazasının gücləndirilməsi, institusional islahatların davamı, gəmiçilik sahəsində yüksək ixtisaslı yerli kadrların hazırlanması təmin edilir. Bu sahədə görülən işlər Azərbaycanın regionda nəqliyyat-logistika qovşağına çevrilməsi strategiyasına, ölkənin tranzit potensialının gücləndirilməsinə və iqtisadiyyatın şaxələndirilməsi ilə qeyri-neft sektorunun inkişafına və milli gəmiçiliyin yükdaşımalar bazarında mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. Gəmiçiliyin fəaliyyət sahələrinin şaxələndirilməsi və bir bazardan asılılığının azaldılması ilə əlaqədar qarşıya qoyulan tapşırıqlara uyğun olaraq, 2014-cü ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi beynəlxalq sularda fəaliyyətini bərpa edib. Hazırda Xəzərdən kənar digər su hövzələrində Azərbaycan bayrağı altında on gəmi üzür.
Gəmilərlə tanışlıqdan sonra xatirə şəkli çəkdirildi.

Azərbaycan Prezidenti İlham Əliyev “Qubadlı” və “Cəbrayıl” gəmilərinin istismara verilməsi mərasimində iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev “Qubadlı” və “Cəbrayıl” gəmilərinin istismara verilməsi mərasimində iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev “Qubadlı” və “Cəbrayıl” gəmilərinin istismara verilməsi mərasimində iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev “Qubadlı” və “Cəbrayıl” gəmilərinin istismara verilməsi mərasimində iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev “Qubadlı” və “Cəbrayıl” gəmilərinin istismara verilməsi mərasimində iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev “Qubadlı” və “Cəbrayıl” gəmilərinin istismara verilməsi mərasimində iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev “Qubadlı” və “Cəbrayıl” gəmilərinin istismara verilməsi mərasimində iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev “Qubadlı” və “Cəbrayıl” gəmilərinin istismara verilməsi mərasimində iştirak edib

Təhsil-press.az

Oxşar xəbərlər