SDU-da Dövlət Bayrağı Günü qeyd edildi

SDU-da Dövlət Bayrağı Günü qeyd edildi 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə noyabrın 7-də Sumqayıt Dövlət Universitetində “Şərqdə Parlayan Ay” adlı tədbir keçirildi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Dövlət Bayrağımıza həsr olunmuş videoçarx nümayiş etdirildi.
Tədbiri giriş sözü ilə açan rektor professor Elxan Hüseynov ilk növbədə dövlət rəmzlərimizə hörmət və ehtiramı əks etdirən bu bayram münasibəti ilə xalqımızı təbrik etdi. Qeyd etdi ki, Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu dövlət bayrağı elan etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixdə imzaladığı müvafiq sərəncama əsasən noyabrın 9-u bütün dünya azərbaycanlıları üçün müqəddəs bir təqvimə çevrildi. Bu gün ümumxalq bayramı kimi qeyd olunması dövlətçilik, milli həmrəylik, vətənpərvərlik hislərinin şüurlara çatdırılması atributlarımızın təbliği baxımından olduqca əhəmiyyətlidir. Ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu siyəsət nəticəsində müstəqil respublikamızda demokratik və hüquqi dövlət quruculuğu sahəsində böyük nailiyyətlər qazanıldı, dövlətçiliyimiz möhkəmləndi, tərəqqi və inkişaf yolu ilə inamla irəliləyən ölkəmizin müdafiə qüdrəti daha da artdı. Ali Baş Komandan cənab İlham Əliyevin qüdrətli siyasəti sayəsində torpaqlarımızı işğaldan azad edəcəyik və üçrəngli bayrağımız Qarabağda dalğalanacaqdır.
Tədbirdə Tarix və coğrafiya fakültəsinin müəllimi dosent Cavid Məmiyev, həmin fakültənin tələbələri Teymur Aslanlı, Əli Miriyev Azərbaycan Respublikasının dövlət bayrağı haqqında ətarflı məlumat verdilər. Bildirdilər ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan Dövlətinin suverenliyinin rəmzi, bizim milli dəyərimizdir.
Sonra tədbir tələbələrin iştirakı ilə bir-birindən maraqlı kompazisiyaları ilə davam etdi. Nuranə Əlizadə, İbrahim Qəniyev, Aliyə Əlizadənin ifalarında səsləndirilən hərbi vətənpərvərlik mövzusunda mahnılar, şeirlər iştirakçılarda yüksək əhval-ruhiyyə yaratdı, qələbəyə inam hissini daha da artırdı.
Tədbirdə “Tarixin səsi”, “Zülmətdə nur”, “Qarabağlı qapılar” adlı səhnəciklər nümayiş olundu.
Sonra dirijor Sənətşünaslıq üzrə fəlsəfə doktoru dosent Telman Qəniyevin müşayiəti ilə Qara Qarayevin “Gənclik” və Emin Sabitoğlunun “Azərbaycan” mahnıları tələbələrin ifalarında səsləndirildi.
Rektor professor Elxan Hüseynov tədbirin belə yüksək səviyyədə təşkilinə görə tələbələri təşəkkürnamə ilə təltif etdi. Qeyd etdi ki, hər bir dövlətin gələcəyi onun yetişməkdə olan sağlam düşüncəli gənclərindən asılıdır. Bu kimi tədbirlər gənc nəslin vətənə, torpağa olan bağlılığının və bayraq sevgisinin artırılmasına xidmət edir. Bütün bunlar bir daha onu göstərir ki, bugünkü gənclərimiz Ali Baş Komandanın əmrinə hər an hazırdılar, torpaqlarımızı işğaldan azad etməyə qadirdilər.

SDU-nun Mətbuat Xidməti


SDU-da Dövlət Bayrağı Günü qeyd edildiSDU-da Dövlət Bayrağı Günü qeyd edildiSDU-da Dövlət Bayrağı Günü qeyd edildiSDU-da Dövlət Bayrağı Günü qeyd edildiSDU-da Dövlət Bayrağı Günü qeyd edildi


Oxşar xəbərlər