FHN-in Akademiyasında Dövlət Bayrağı Günü və Konstitusiya Günü münasibətilə bayram tədbiri keçirilib

FHN-in Akademiyasında Dövlət Bayrağı Günü və Konstitusiya Günü münasibətilə bayram tədbiri keçirilib Noyabrın 7-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 9 noyabr - Dövlət Bayrağı Günü və 12 noyabr – Konstitusiya Günü münasibətilə bayram tədbiri keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov toplantı iştirakçılarını Dövlət Bayrağı Günü və Konstitusiya Günü münasibətilə təbrik edib. O bildirib ki, Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən üçrəngli bayrağımızın dövlət atributu kimi qəbul olunması ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyasında geniş müzakirə edilib. Həmin sessiyada Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında tarixi qərar verilib. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın dövlət atributlarının həmişə uca tutulmasını diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında tarixi Sərəncam imzalaması buna parlaq misaldır. Sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
P.Süleymanov qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyası ulu öndər Heydər Əliyevin bilavasitə siyasi uzaqgörənliyi, dönməz iradəsi və gərgin əməyi nəticəsində mümkün olub. Konstitusiyamız ümumbəşəri ideyalara, ən qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla yanaşı, özündə tarixi ənənələrimizi, Azərbaycan xalqının milli–mənəvi dəyərlərini əks etdirir. Ölkəmiz demokratik dövlət quruculuğu sahəsində iqtisadiyyatın və sosial–siyasi həyatın inkişafında taleyüklü dəyişikliklərə nail olub. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və Azərbaycan xalqının maraqlarına xidmət edən, Əsas Qanunda əksini tapmış müddəaların reallaşması nəticəsində ölkəmiz daha da qüdrətlənərək regionun aparıcı dövlətinə çevrilib.
Milli Məclisin deputatı, professor Fəzail İbrahimli tədbirdə çıxış edərək üçrəngli bayrağımızın yaranma və qəbulu tarixinə nəzər salıb, müqəddəs simvolda əks olunan dəyərlərdən söz açıb. Deputat Azərbaycan bayrağının xalqımızda milli özünüdərk və müstəqillik ideyalarını, həmrəylik duyğularını gücləndirdiyini vurğulayıb.
Tədbirin sonunda Akademiyanın kursantları dövlət bayrağına həsr olunan şeirlər söyləyiblər.

Tehsil-press.az

Oxşar xəbərlər