Azərbaycan Turizm və Menecment Universiteti tələbələrinin rus dilini öyrənmələri vacibdir

Azərbaycan Turizm və Menecment Universiteti tələbələrinin rus dilini öyrənmələri vacibdir Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) dillər kafedrasında “rus dili həftə”si keçirilib.
Tədbirin təşkil edilməsinin əsas məqsədi rus dilinin tədrisi zamanı qarşıya çıxan problemlərin aradan qaldırılması yollarının müzakirəsi olub.
“Rus dili həftəsi”ndə universitetin müvafiq struktur rəhbərləri, müəllimlər, Rusiyanın “Rossotrudniçestvo” agentliyinin Azərbaycan nümayəndəliyinin baş mütəxəssisi və eksperti Yelena Şişkalova, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mədəni proqramlar üzrə əlaqələndiricisi Səidə Zöhrabova və başqaları iştirak ediblər.
Y.Şişkalova təmsil etdiyi qurumun ATMU ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, bu əməkdaşlığın rus dilinin tədrisinə müsbət təsir göstərəcəyinə əminliyini bildirib.
Sonra ATMU-nun tələbələri RİMM-də fəaliyyət göstərən “Ünsiyyət klubu”na və qurum tərəfindən keçiriləcək tədbirlərə dəvət olunublar.
ATMU-nun dillər kafedrasının müdiri, dosent Kəmalə Kərimova bildirib ki, tələbələrin rus dilini dərindən öyrənmələri vacibdir.
Daha sonra universitetin dosenti İzzət Əfəndiyevin “Azərbaycan qruplarında rus dilinin tədrisi vəziyyəti” mövzusunda məruzəsi dinlənilib.
Tədbir Azərbaycan bölməsində təhsil alan tələbələrin rus dilində çıxışları ilə yekunlaşıb.

Hüseyn Şərifov


Oxşar xəbərlər