31 iyulda Azərbaycan Dillər Universitetinin nəzində fəaliyyət göstərən Hindi Dili və Mədəniyyəti Mərkəzində “Sangat” hind klubunun təşkilatçılığı ilə dünya şöhrətli hind yazıçısı və publisisti Premçandın 138-ci yubileyi ilə bağlı seminar keçirilib. Hindistanlı professor, xanım Rupali Sinha Premçandın həyat və yaradıcılığı haqqında hind dilində məlumat verib. Qeyd edib ki, Premçandı həmişə görkəmli rus yazıçısı Maksim Qorki ilə müqayisə edirlər. Xanım Rupali qeyd edib ki, Premçand əsərlərində həmişə ingilis müstəmləkəçiliyinə qarşı çıxıb, eyni zamanda o dövrlərdə Hindistanda sadə vətəndaşlara zülm edən yüksək zümrəyə qarşı mübarizə aparıb: “Onu Hindistanda hər zaman “Qələmin əsgəri” deyə yad edirlər”. Seminarın sonunda Premçandın tanınmış əsərlərindən olan “İdqah” əsasında çəkilmiş film göstərilib.
ADU-nun Mətbuat Xidməti