Manafov teatrdan getməsi xəbərindən danışdı - “Qışqırmaqdan yorulmuşdum”

Manafov teatrdan getməsi xəbərindən danışdı - “Qışqırmaqdan yorulmuşdum” Xalq artisti Fəxrəddin Manafov Səməd Vurğun adına Rus Dram Teatrından getməsi xəbərlərini təsdiq edib.
Teatr aktyorun işinin başında olduğunu desə də o, bunu inkar edib:
“Sadəcə, piar lazım idi. Teatrın kassasına 2-3 min daha tamaşaçı cəlb etmək üçün afişaya mənim adımı yazmaq lazım olub. Allah eşqinə, mən buna qarşı deyiləm. Ancaq nə vaxt ki, maraqlı, yaddaqalan iş görməyə başlayırsan, bu, kiminsə xoşuna gəlmir, qıcıqlandırır və müqavimətə səbəb olur.
Teatrda 2 ay sürən işdən sonra böyük aktrisamız Şəfiqə xanım Məmmədova teatra zəng edərək mənim yenidən səhnəyə qayıtmağımla bağlı sevincini ifadə etdi və Fəxrəddin Manafov üçün lazımi iş şəraitinin yaradılması üçün məsləhət verdi. Onu isə belə əmin etmişdilər: “Narahat olmayın, Şəfiqə xanım. O, özü üçün bütün şərtləri yaradır”. Bu tamamilə düz idi”.
Aktyor teatra gəldiyi ilk gündən səhnədə normal peşəkar iş üçün lazım olan sadə, elementar şeyləri tələb etməli olduğundan şikayətlənib:
“Ayda bir dəfə oynanılan tamaşadan qabaq məşqləri tələb etmək lazım gəlirdi. Görünür, bu, teatrda çoxdan unudulmuşdu.
Aylarla səhnəyə çıxmayan balet truppası, yaxud yarışlardan qabaq məşq etməyən idman komandası təsəvvür edin. Hər dəfə bu ətalətin öhdəsindən gəlmək isə sağlamlığıma və həyat enerjimə başa gəlirdi.
Sən səhnədə, tamaşaçı isə zalda olarkən tərəf-müqabilinin atmacalarını, kulisdə danışılan söhbətləri, səs-küy, gurultunu eşidə bilərdin.
Bunun üzərində bir nəticəyə nail oldum. İşçilər arasında bu ifadə gəzməyə başladı: “Manafov oynayanda kulislərdə sükutdur”.
Manafov teatrın gənc əməkdaşlarının yeni tamaşaların məşqi zamanı mobil telefondan çox istifadə etmələrindən də narazılığını bildirib:
“Ən ağırı isə nəyisə qışqıraraq tələb etmək idi. Yoxsa, səni eşitmirdilər və nəticə olmurdu. Bir növ karlıq epidemiyası yayılmışdı. Mən qışqırmaqdan çox yorulmuşdum.
Yalnız bir gözəl dövr olmuşdu: o da İrina Mixaylovnanın rejissor köməkçisi işlədiyi dövr idi. Peşəkarlığın nə demək olduğunu bilən insan... O, mənə “Fəxrəddin müəllim, sizinlə bir məşq bir universitetə bərabərdir” deyərdi. Ancaq təəssüf ki, İrina Mixaylovna tezliklə teatrın kitabxanasına transfer oldu.
Mənim yanımda tezliklə administrasiyadan truppada bərabərliyə cavabdeh olan xanım peyda oldu. “Hər şey dəyişən və dəyişiləndir”. O, mənə sovet dövrünün pioner qızını xatırladırdı. O əlbəttə orta məktəb üçün pis deyildi, ancaq teatrda pioner-məktəblilər işləmir.
Pioner-qız mənə öz məsləhətləri ilə yaxınlaşmağa başladı: hamı kimi olmalı, hamının etdiklərini etməli idim. Sonda isə “Dünya sənin ətrafında dönmür" dedi, ancaq nəyin ətrafında döndüyünü bildirmədi.
Praqaya gedib Vaslavski meydanında Avropanın mərkəzini qucaqlamaq və ona gileylənmək üçün ürəyimdə güclü istək yarandı. “Mən heç vaxt hamı kimi ola bilmərəm, olmadım və olmayacam. Mənim müəllimlərim də belə olmayıb.
Direktorla əsas rejissorun kabineti arasındakı qəbul otağında kresloya yayxanmış və mənəvi cəhətdən hələ tam formalaşmamış ORQANİZM mənə kobudluq etməyə başladı. Mən isə kobuluğu qəbul etmirəm”.
Xalq artisti məktubunun sonunda teatrın kassalarından onun iştirakı ilə "Mərasim" tamaşasına bilet axtarmamağı məsləhət görüb. O, tamaşanın onun iştirakı ilə bir daha olmaycağını bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər