Nazirin manatla bağlı açıqlamasına - Ekspertdən şərh

Nazirin manatla bağlı açıqlamasına - Ekspertdən şərh “Maliyyə naziri Samir Şərifovun açıqlaması devalvasiya mövzusunu yenidən gündəmə gətirib. Xüsusilə də nazirin “manatın məzənnəsinin kəskin möhkəmlənməsi ixraca da mənfi təsir edir. Bu xaricdən idxalın artmasına səbəb olur. Ona görə də, biz bir sıra məsələlərin həllinə çalışmalıyıq” fikri müxtəlif rəylərə yol açıb”.
Bunu iqtisadçı ekspert Samir Əliyev sosial şəbəkədə yazıb. O qeyd edib ki, sözügedən açıqlama 2 ay öncə - neftin hər barelinin 90 dollara yaxınlaşdığı bir ərəfədə verilsəydi, ciddi reaksiya doğurmazdı:
“Ancaq indi 60 dollara qədər ucuzlaşıb, gah 58-ə düşür, gah da 62-yə qalxır. Əlbəttə, son illər özünüqoruma instinkti, güclənmiş ictimai narahatçılıq da başa düşüləndir. Ən azı 2015-ci il təcrübəsi var. İlboyu verilən rəsmi açıqlamalara rəğmən manat dollara nisbətən dəyərini kəskin itirdi. Yeni təqvim ili isə bir qayda olaraq insanların düşüncəsində şaxta baba və yolkadan çox qiymət artımı assosiasiyasını yaradır. Təsadüfi deyil ki, hər ilin sonu “yanvarda manat ucuzlaşacaq” kimi fikirlər gündəmi zəbt edir.
Belə baxanda nazirin bu fikri ilə razılaşmaq da olar, razılaşmamaq da. Belə ki, Samir Şərifov bir tərəfdən həm də büdcə gəlirlərinin icrasına məsul olan Nazirliyə rəhbərlik edir. Devalvasiya büdcənin “doldurulmasının” ehtiyat yollarından biri hesab edilir. Buna görə də Mərkəzi Bankdan fərqli olaraq Maliyyə Nazirliyi devalvasiya tərəfdarı hesab olunur. Digər tərəfdən maliyyə naziri haqlı olaraq manatın mövcud məzənnəsinin (həm nominal, həm də real) ixraca problem yaratdığını, idxala isə dəstək verdiyini qeyd edir. Ölkəmizdə qeyri-neft sektorunu inkişaf etdirməyin əsas yolu ixracı stimullaşdırmaqdır. Azərbaycan bazarı kiçik olduğundan idxalı əvəzləmə siyasəti özünü müəyyən həddə qədər doğruldur, ona xarici bazarlarda “Made in Azerbaijan” nişanlı məhsulları artırmaq lazımdır. Bütün bunlar nazirin fikri ilə razılaşdığımız məqamlardır.

Tehsil-press.az



Oxşar xəbərlər