Təhsil naziri: 9-cu sinfi bitirənlərin peşə təhsilinə cəlb edilməsinə çalışırıq

Təhsil naziri: 9-cu sinfi bitirənlərin peşə təhsilinə cəlb edilməsinə çalışırıq Azərbaycanda 9-cu sinfi bitirən şagirdlərin peşə təhsilinə cəlb edilməsinə çalışırıq.
Bunu təhsil naziri Ceyhun Bayramov Azərbaycanda insan kapitalı üzrə forumda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hazırda işçi ehtiyatlarının əmək bacarıqları aşağıdır: "Bu, ölkə iqtisadiyyatı üçün problemlər yaradır. Məhz buna görə də ölkədə hazırda müasir texniki peşə təhsilinin qurulmasına bu qədər önəm verilir. Son bir neçə ildə peşə təhsili alanların sayı əhəmiyyətli dərəcədə artıb".
C.Bayramov bildirib ki, erkən uşaq təhsili təhsilin sonrakı pillələrində daha yüksək nəticələrin əldə edilməsinə imkan yaradır: "Biz bunu aydın olaraq beynəlxalq qiymətləndirmə tədqiqatlarında müşahidə edirik. Təhsil Nazirliyi olaraq iki təşəbbüsü həyata keçiririk. İlk növbədə, 5-6 yaşlı uşaqlar üçün məktəbəhazırlıq proqramı və icma əsaslı məktəbəqədər qrupları yaradılıb. Hər iki təşəbbüsün icrasında mövcud təhsil infrastrukturundan istifadə edilib".
O əlavə edib ki, görülən tədbirlərin nəticəsi olaraq qısa müddətdə məktəbəhazırlıq təhsili ilə əhatə səviyyəsi 24 faizdən 75 faizə yüksəlib.
Təhsil naziri, həmçinin Azərbaycanın xarici ölkələrin ali məktəbləri ilə birgə ikili diplom proqramları həyata keçirəcəyini söyləyib. C.Bayramov əsas prioritetlərin kənd təsərrüfatı, informasiya texnologiyaları, səhiyyə sahələri olacağını bildirib.

Tehsil-press.az




Oxşar xəbərlər