Efiopiya mətbuatında erməni yalanları ifşa edilib

Efiopiya mətbuatında erməni yalanları ifşa edilib Efiopiyadakı erməni icmasının yerli ictimaiyyəti aldatmaq və onlara heç bir tarixi faktlara əsaslanmayan saxta məlumatları təqdim etmək cəhdləri ifşa edilib.

Belə ki, Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayevin bu ölkənin aparıcı mətbu orqanlarından biri olan “The Reporter” qəzetində Ermənistanın Azərbaycana qarşı işğalı ilə bağlı şərhlərinə cavab olaraq erməni icmasının “Modus Vivendi” Tədqiqat Mərkəzinin rəhbəri Ara Papiyan saxta faktları həmin media orqanına təqdim edib. Buna cavab olaraq siyasi şərhçi Vüqar Seyidov “The Reporter” qəzetində tarixi faktlara və beynəlxalq sənədlərə əsaslanan “Münaqişənin həllində hüquqi əsaslar: bir əsrlik ölü sənədlər və saxtakarlıqlar BMT-in qətnamələrinə qarşı” adlı məqalə ilə çıxış edib.
Məqalədə rusiyalı, həmçinin digər əcnəbi tarixçilərə istinad edən V.Seyidov ermənilərin Cənubi Qafqaza köçürülmələrinin əsas məqsədinin regionda demoqrafik vəziyyətin süni şəkildə dəyişdirilməsi olduğunu qeyd edib. Tarix boyu azərbaycanlıların məskunlaşdığı ərazilərdə soydaşlarımıza qarşı etnik təmizləmə siyasətinin həyata keçirildiyini vurğulayan V.Seyidov erməni tərəfinin tarixi faktları saxtalaşdırmaq və yerli Efiopiya ictimaiyyətini aldatmaq niyyətini üzə çıxarıb, ermənilərin tarixi faktları bilərəkdən təhrif etdiyini oxucuların diqqətinə çatdırıb.
Məqalənin sonunda siyasi şərhçi keçmiş erməni diplomatına saxta sənədlərə yox, Ermənistanın Azərbaycana qarşı işğalını pisləyən BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələrinə istinad etməsini, işğalçı ölkənin bu qurumun qətnamələrini yerinə yetirməsini, müasir beynəlxalq hüququn mahiyyətini dərk etməyi tövsiyə edib.


Tehsil-press.az

Oxşar xəbərlər