Beynəlxalq elmi konfransda ölkəmizdə dini ekstremizmə qarşı mübarizənin ideoloji əsaslarından bəhs edilib

Beynəlxalq elmi konfransda ölkəmizdə dini ekstremizmə qarşı mübarizənin ideoloji əsaslarından bəhs edilib Almaniya Federativ Respublikasının Potsdam Universitetində bu ali məktəbin və Beynəlxalq Kriminalistlər və Kriminoloqlar İttifaqının birgə təşkilatçılığı ilə “Cinayət hüququ elminin aktual problemləri: müqayisəli hüquqşünaslıq kontekstində” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Doqquz dövlətin hüquqşünaslarının təmsil olunduğu konfransda ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, Beynəlxalq Kriminalistlər və Kriminoloqlar İttifaqının Bakı nümayəndəliyinin rəhbəri, professor İsaxan Vəliyev və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru əvəzi, Potsdam Universitetinin məzunu Rəvan Həsənov təmsil ediblər.
Tədbirdə “Dini ekstremizmlə cinayət hüquqi mübarizə və onun profilaktikasının bəzi məsələləri” mövzusunda çıxış edən İ.Vəliyev Azərbaycanda dini ekstremizmə qarşı mübarizənin ideoloji əsaslarından, qanunvericilik bazasından və hüquqi tətbiq təcrübəsindən söhbət açıb. O, “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsindən sonra bir sıra qanunvericilik aktlarında, o cümlədən dövlət-din münasibətləri, xaricdə dini təhsil, vətəndaşlıqdan məhrum edilmənin yeni əsasları ilə bağlı qanunvericilikdə edilmiş dəyişiliklərin əhəmiyyətindən danışıb, cinayət qanunvericiliyində dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində terrorçuluğun artıq yeni cinayət tərkibi kimi nəzərdə tutulmasını müsbət hal kimi qiymətləndirib.
Diskussiya şəraitində keçən tədbirdə Azərbaycanı təmsil edən təşkilatlar adından universitet rəhbərliyinə Bakının mənzərəsinin əks olunduğu rəsm əsəri, tarix elmlər doktoru, professor Əli Həsənovun müəllifi olduğu “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” (Azərbaycan, türk, rus, ingilis, fransız, ərəb və Çin dillərində) kitablarının bir neçə nüsxəsi hədiyyə edilib.
Sonda İ.Vəliyev hüquq elminin inkişafındakı xidmətlərinə və Beynəlxalq Kriminalistlər və Kriminoloqlar İttifaqının fəaliyyətinin populyarlaşdırılmasındakı roluna görə Beynəlxalq Hüquqi Təşəbbüslərin Dəstəyi Fondunun “Femida” gümüş medalı ilə təltif olunub.

Tehsil-press.az

Oxşar xəbərlər