İlahiyyat İnstitutunda növbəti təlim “Nitq - fikir və düşüncələr təzahürü” mövzusuna həsr olunub

İlahiyyat İnstitutunda növbəti təlim “Nitq - fikir və düşüncələr təzahürü” mövzusuna həsr olunub Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) İctimai Televiziya və Radio Yayımları Şirkətinin aparıcısı Saleh Bağırovun təqdimatında “Nitq - fikir və düşüncələr təzahürü” mövzusunda seminar keçirilib.
Tədris şöbəsinin müdiri Zərifə Əliyeva tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi yönündə ardıcıl olaraq dəyirmi masa, treninq, seminar və görüşlərin keçirildiyini söyləyib. Z.Əliyeva mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən, nitq mədəniyyətinin, fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi üçün institutda ötən dövr ərzində maarifləndirmə istiqamətində xeyli iş görüldüyünü qeyd edib. O, mövzunun əhəmiyyətini qeyd edərək, Aİİ-nin təhsilin keyfiyyətinə xüsusi önəm verməklə yanaşı, tələbələrin ictimai-mədəni fəaliyyətinin təşkili üçün də səylə çalışdığını bildirib.
Sonra Saleh Bağırov çıxış edərək istənilən peşədə doğru və düzgün nitqin olmasının vacibliyini söyləyib. O, nitqin formalaşmasında mütaliənin böyük rolu olduğunu deyib. Nitq mədəniyyətində mövcud problemlərdən danışaraq qeyd edib ki, təlim, təhsil və tərbiyədə olan yanlışlıqların aradan qaldırılması vacibdir.
Bildirilib ki, nitqin elmiliyi nitq mədəniyyətinin birinci və əsas şərti olan nitqin düzgünlüyünə əsaslanmalıdır. Belə ki, dilin fonetik, leksik və qrammatik qaydalarına tam şəkildə əməl olunmalıdır.
Seminarın sonunda S.Bağırov tələbələrin suallarını cavablandırıb, onlarla fikir mübadiləsi aparıb.

Aİİ-nin Mətbuat Xidməti


Oxşar xəbərlər