Türkiyəli alim İlahiyyat İnstitutunda kamil insanın xüsusiyyətlərindən danışıb

Türkiyəli alim İlahiyyat İnstitutunda kamil insanın xüsusiyyətlərindən danışıb Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) İstanbul Səbahətdin Zaim Universitetinin mənəvi konsultasiya və rəhbərlik kafedrasının müdiri Turqay Şirinin “Müasir dünyada kamil insan nümunəsi” mövzusunda seminarı təşkil olunub.
İslamşünaslıq kafedrasının müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov təhsil müəssisəsi tərəfindən müxtəlif mövzularda “dəyirmi masa”, təlim, seminar və görüşlərin keçirildiyini söyləyib. Bildirilib ki, məqsəd tələbələrin intellektual səviyyəsinin inkişafı, onların tədris prosesində və elmi-tədqiqat işlərinin hazırlanmasında fəallığının artırılmasıdır. Ə.Niyazov mövzunun əhəmiyyətini qeyd edərək, belə tədbirlərin tələbələrdə dünyagörüşünün artırılmasında, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsində xüsusi rol oynadığını vurğulayıb.
T.Şirin “kamil insan” məfhumu haqqında İslam alimlərinin müxtəlif nəzəriyyələri haqqında geniş məlumat verib. Kamil insanın xüsusiyyətləri haqqında danışan T.Şirin bildirib ki, Allahın birliyinə qəlbən inanıb ona səmimiyyətlə ibadət edən, Tanrının öz bəndəsində görmək istədiyi mərhəmət, şəfqət, ədalət, doğruluq, comərdlik və digər yüksək əxlaqi sifətlərə malik olan, nəfsini özünə ram edən insan – “mükəmməl insan”dır.
O qeyd edib ki, kamilliyə doğru can atan insan ifrata varmadan dünyanın halal nemətlərindən bəhrələnməli, həm də axirət barəsində düşünərək əbədi səadətini öz əməlləri ilə dünyada qazanmalıdır.
T.Şirin “müasir” və “ideal insan” kimi sözlərlə ifadə edilən “kamil insan”ın müxtəlif təfəkkürlərdə özünəməxsus tərif və xüsusiyyətlərə malik olduğunu bildirib. Qeyd edib ki, Quranın nəzərdə tutduğu “kamil insan”ın ən mühüm fərqləri onun Allah və mənəviyyatla bağlılığından ibarətdir.

Aİİ-nin Mətbuat Xidməti



Oxşar xəbərlər